Məhkəmə qərarları › İş №e-2(011)-4249/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4249/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4249/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştiarkı ilə, İddiaçı "xxxx" Bankı ASC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-cü il tarixdə DKM/026N11A00930822 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə qeyri-yaşayış sahəsinin təmiri üçün 24 ay müddətinə, illik 12% olmaq şərtilə, 3000 kredit verilməsini, cavabdeh isə kreditdən məqsədli istifadə eməklə müəyyən edilmiş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdələrinə götürmüşdür. Müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödəniş 141,22 manat müəyyən edilmişdir. Cavabdeh aldığı kredit üzrə qismən ödəniş etmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı kredit müqaviləsi üzrə 2042,99 manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə qədər hesablanmış 509,51 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanmış 21,11 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 285,22 manat məbləğində cərimə, cəmi 2858,83 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 48,59 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməai barədə ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 2042,99 manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə qədər hesablanmış 468,79 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanmış 185,91 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 5,11 manat məbləğində cərimə, cəmi 2858,83 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə

6. İddiaçı iddia ərizəsinə qeyd etmişdir ki, cavabdehlə aralarında xx.xx.2022-ci il tarixli DKM/026N11A00930822 nömrəli kredit müqaviləsi bağlanaraq cavabdehə 24 ay müddətinə, illik 12% ödənilməsi şərtilə, 3 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin verilməsi müddətinin bitdiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə kredit üzrə əsas borc məbləğini və əsas borc məbləğinə hesablanmış faizləri tam şəkildə iddiaçıya qaytarmamışdır. Kredilləşmə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 2552,50 manat təşkil edir ki, bunun 2042,99 manatı vaxtı keçmiş əsas borc məbləğindən, 509,51 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq iddiaçıya kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024- cü il tarixinə bu məbləğ 285,22 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli AŞH-XO-5.8.2022-001 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdehə 24 ay müddətinə illik 12% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir.

20. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

21. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

22. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

23. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.

24. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).

25. Məhkəmə iddia tələbinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanmış 185,91 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin cavabdehdən tutulması hissəinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

26. Məhkəmə həmçinin iddianın 48,59 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 2042,99 manat məbləğində əsas, 468,79 manat faiz borcu, 5,11 manat cərimə borcu olmaqla, cəmi 2516,89 manat pul məbləği, həmçinin ödənilmiş 48,59 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar