Məhkəmə qərarları › İş №e-2(011)-4254/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4254/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4254/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu Cavabdeh qarşı – QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2012-ci il tarixli 1xx/xx/5285/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2914.66 (iki min doqquz yüz on dörd manat, 66 qəpik) manat məbləğində əsas borc, 1102.92 (bir min bir yüz iki manat, 92 qəpik) manat məbləğində faiz borcu, 5133.06 (beş min bir yüz otuz üç manat, 06 qəpik) manat məbləğində cərimə borcu, 1302 (bir min üç yüz iki) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 10452.64 (on min dörd yüz əlli iki manat, 64 qəpik) manat məbləğində pulun, 121.36 (bir yüz iyirmi bir, 36 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında barışıq sazişi barədə ərizə təqdim edərək, barışıq sazışinin təsdiq edilərək icraata xitam edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında barışıq sazışinin təsdiq edilərək məhkəmədən iş üzrə icraata xitam edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki iş üzrə barışıq sazişi təsdiq edilərək icraata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 07 sentyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər kredit borcunun qaytarılması tələbi barədə razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında iddianın kredit borcunun qaytarılması tələbinə dair mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə kredit borcunun qaytarılması tələbinə dair hissədə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı QSC “Bank Standard” KB-nin ləğvedicisi ilə Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında 07 sentyabr 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 27 avqust 2012-ci il tarixli 1xx/xx/5285/12 saylı kredit müqaviləsi üzrə 2914.66 (iki min doqquz yüz on dörd manat, 66 qəpik) manat məbləğində əsas borc, 1102.92 (bir min bir yüz iki manat, 92 qəpik) manat məbləğində faiz borcu, 5133.06 (beş min bir yüz otuz üç manat, 06 qəpik) manat məbləğində cərimə borcu, 1302 (bir min üç yüz iki) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 10452.64 (on min dörd yüz əlli iki manat, 64 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən 2914.66 manat əsas borc, 585.34 manat faiz borcu olmaqla, ümumilikdə 3500 manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3. Bu Sazişin 2.2-ci bəndində göstərilən cəmi 3500 manat məbləğindən 500 manat məbləğinin 30 gün müddətinə, qalan 3000 manat məbləğinin 12 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 250 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5.Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 10452.64 manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. 2.6.Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. İddiaçı QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar