Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4255/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı «icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 75.4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 56 (əlli altı) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh tərəfindən dövlət mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 75.4 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması barədə” xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubla müraciət edilsə də, cavabdeh məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir (akt iddia ərizəsinə əlavə edilir). Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina etməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olsa da, həmin binanın yerləşdiyi 75.4 kv m torpaq sahəsi cavabdehin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərinə etiraz etdiyini və iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan aktın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən 75.4 torpaq sahəsinə dair icarə müqaviləsinin imzalanmaması barədə **********40 saylı xəbərdarlıq məktubunun təqdim edilməsi üçün ünvan 1 ünvanına müraciət edilmişdir. Lakin həmin torpaq sahəsinin istifadəçisi Cavabdeh xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 21 dekabr 2022-ci il məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması haqqında Cavabdeh Xidmətə ünvanlanmış müraciəti əsasında istifadədə olan torpaq sahəsində inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinin müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirmə həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi 53F ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 60.5 kv/m, daşınmaz əmlakın mülkiyyət növü xüsusi mülkiyyət, torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti və daşınmaz əmlakın hüquqi sahibinin adı Cavabdehdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən icarəyə verilməsi nəzərdə tutulan 75.4 kv/m olan torpaq sahəsinin 20 sentyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 22.620 (iyirmi iki min altı yüz iyirmi) manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, 706,1 390.1, 390.3, 399.1-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqlar xx.xx.2019-cu ildə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu barədə əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 8283 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməli deyildir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.3-cü maddəsi təşkil edir. Həmin normaya görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin adıçəkilən müddəasının təhlili göstərir ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulması. Hazırki işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Göründüyü kimi, obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxslərə satılması imkanı qanunvericilikdə nəzərdə tutulsa da, qeyd olunan hüquqi münasibətlər üzrə icarə müqaviləsinin məcburi qaydada bağlanması imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, 53 F ünvanında yerləşən torpaq sahəsinə dair aylıq icarə haqqı 56 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair iddia ərizəsi təmin edilməli deyil. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı «icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4255/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4255/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver