Məhkəmə qərarları › İş №e-2(011)-4275/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4275/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4275/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hurmuz oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrlə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 034NFPK nömrəli kredit müqaviləsinin vaxtında əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə 4989,96 manat əsas, 112,51 manat faiz və 0,10 manat cərimə borcu və iş üzrə ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hurmuz oğlundan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 034NFPK №-li kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 628PKN №- li kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4990 (dörd min doqquz yüz doxsan) manat, məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 Hurmuz oğlu ilə Bank arasında 06 avqust 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1- ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********0991 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5102.57 (beş min yüz iki manat, 57 qəpik) manat təşkil edir. Bundan 4989.96 (dörd min doqquz yüz səksən doqquz manat 96 qəpik) manat əsas, 112.51 (bir yüz on iki manat 51 qəpik) manat faiz və 0.10 (0 manat 010 qəpik) manat cərimə borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın ona aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 034NFPK nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kredit alan kreditdən Bankın Nərimanov filialı ilə imzalanmış xx.xx.2014-cü il tarixli 628PKN nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Güzəştli şərtlərlə verilən kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə kredit alana kredit verən tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə 1 il güzəşt müddəti tətbiq edilməklə verilən 4990,0 manat məbləğində kredit başa düşülür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 Hurmuz oğlu arasında xx.xx.2019cu il tarixli Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 ilə kreditor İddiaçı ASC arasında 5 il müddətinə bağlanmış 4990,0 manat məbləğində kreditin verilməsini nəzərdə tutan 034 NFPK nömrəli xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borcalan Cavabdeh1 və zamin Cavabdeh2 Hurmuz oğluna ünvanlanmış pretenziya məktubu və poçt qəbzlərinin surətlərindən görünür ki, borclular Bank borcun 3 gün ərzində ödənilməsi xahiş edilmişdir, əks təqdirdə, kredit müqaviləsi vaxtından əvvəl ləğv edilərək bütün borc məbləğinin qaytarılması barədə müvafiq qaydada hüquqi tədbirlər tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli **********028 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 034NFPK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 4989,96 manat, faiz borcu üzrə 112,51 manat, cərimə borcu üzrə 0,10 manat, ümumilikdə 5102,57 manat məbləğində borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin və komissiya üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə həmçinin iddianın 71 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 Hurmuz oğlunun mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə İddiaçı ASC ilə Cavabdeh2 Hurmuz oğlu arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019cu il tarixli 034NFPK nömrəli kredit müqaviləsi ləğv edilsin. “Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019cu il tarixli 034NFPK nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 4989,96 (dörd min doqquz yüz səksən doqquz manat, doxsan altı qəpik) manat, faiz borcuna görə 112,51 (yüz on iki manat, əlli bir qəpik) manat, cərimə borcuna görə 0,10 (on qəpik) qəpik olmaqla, cəmi 5102,57 (beş min yüz iki manat, əlli yeddi qəpik) manat, dövlət rüsumuna görə 71 (yetmiş bir) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hurmuz oğlundan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar