Məhkəmə qərarları › İş №e-2(011)-4358/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4358/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4358/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 iyun 2015-ci il tarixli 1xx/xx/113187/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3172.37 (üç min bir yüz yetmiş iki manat, otuz yeddi qəpik) manat məbləğində əsas borc, 2569.53 (iki min beş yüz altmış doqquz manat, əlli üç qəpik) manat məbləğində faiz borcu, 1837.60 (bir min səkkiz yüz otuz yeddi manat, altmış qəpik) manat məbləğində cərimə borcu, 737.88 (yeddi yüz otuz yeddi, səksən səkkiz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8.317,38 (səkkiz min üç yüz on yeddi manat, otuz səkkiz qəpik) manat məbləğində pulun, 103.18 (bir yüz üç manat on səkkiz qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyun 2015-ci il tarixli 1xx/xx/113187/15 saylı müqavilə (bundan sonra - kredit müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 3.172,37 (üç min bir yüz yetmiş iki manat, otuz yeddi qəpik) manat məbləğində əsas borc, 2.569.53 (iki min beş yüz altmış doqquz manat, əlli üç qəpik) manat məbləğində faiz borcu, 1837.60 (bir min səkkiz yüz otuz yeddi manat, altmış qəpik) manat məbləğində cərimə borcu, 737.88 (yeddi yüz otuz yeddi manat səksən səkkiz qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8.317.38 (səkkiz min üç yüz on yeddi manat, otuz səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən verilmiş iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 1xx/xx/113187/15 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən bank borcalana illik 24 faiz olmaqla, 36 ay müddətinə 4.500 manat kredit verir. Müqavilənin 1.2-ci maddəsinə əsasən kreditor borc alana bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə kredit xətti açır. Müqavilənin 1.3-cü maddəsinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə bu Müqavilənin 1.1-ci bəndinə əsasən hesablanan faizləri ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh QSC "xxxx" KB-na 3.172,37 manat məbləğində əsas, 2.569,53 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 1.837,60 manat cərimə, 737,88 manat illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 8.317,38 manat borcu vardır. Müqavilənin müddəti xx.xx.2015-ci il – xx.xx.2018-ci il aralığı müəyyən edilmişdir. 1xx/xx/113187/15 saylı kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə görə xx.xx.2015-xx.xx.2024-cü il tarixlərində cəmi 6.355,72 manat kredit ödənişinin ödənilməsi razılaşdırılmışdır. (4.500 manat əsas məbləğ və 1.855,72 manat faiz məbləği). Ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. İşin materiallarında olan LPO "xxxx" QSC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Belə ki, ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə qaytarılmaq şərti ilə 4.500 manat kredit verilmiş, kredit müqaviləsi üzrə borc alının kreditin qaytarılması üzrə öhdəliyinin son icra tarixi isə xx.xx.2018-ci il tarixidir. Belə olan halda, iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. Göründüyü kimi qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən başlansa da, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və yalnız xx.xx.2023-cü il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (373.2-ci, 377.2-ci maddələr). Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə təmin edilmədiyindən məhkəmə xərci olan 103,18 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” barədə iddia tələbləri təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar