Məhkəmə qərarları › İş №e-2(011)-4362/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4362/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4362/2023 24.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 485,81 manat əsas, 120,08 manat faiz, 5,85 manat cərimə, cəmi 611,74 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 4362/2023 saylı qərardadı ilə iddiaçı «Unibank” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borc verən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 26 aprel 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 485,81 manat əsas, 120,08 manat faiz, 5,85 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 611,74 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı «Unibank” Kommersiya Bankı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, materiallarından görünür ki, «Unibank” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 586sNARb/21 saylı kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə əsasən "Bank” "Müştəri ”-yə SMS bildirişdə qeyd olunan, müddətdə, illik faiz dərəcəsində, 10.000 (on min) manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Müştəri" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartından POS terminal vasitəsilə istifadə zamanı Müştəri taksitli (hissələrlə) və ya adi alış-veriş etmək barədə seçim edir və bu zaman seçimə görə Müştəri şəxsən məsuliyyət daşıyır. Taksitli alış-veriş üçün komissiya haqqı tətbiq edilə bilər. Ödəniş kartının istifadə müddəti 60 aydır. Ödəniş kartı Müştərinin həm kredit, həm də debet kartıdır, bu karta bir neçə hesab bağlıdır. Kredit xəttindən istifadəyə görə minimum 1% (min 1 manat) maksimum 6% (min 1 manat) komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Borcalan bu müqavilə üzrə ona təqdim edilmiş plastik kartdan debet kart kimi istifadə edə bilər. Plastik kartın cari hesabındakı gündəlik qalığa illik minimum 0, maksimum 6 faiz dərəcəsi ilə faiz hesablanır və hər təqvim ayının sonuncu iş günü borcalanın istifadəsindəki kartın cari hesabına köçürülür. Kredit xəttinin məqsədli təyinatı: istehlak Həmin müqavilənin 1.9 maddəsinə əsasən müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 25%, maksimum 40% təşkil edir. Müqavilənin 2.8.1-ci maddəsinə görə Borcalan krediti və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bank kreditin qalıq məbləğini kredit faizinin qalıq məbləği ilə birlikdə Borcalandan tələb edə bilər. Müqavilənin 2.10-cu maddəsinə görə Borcalan kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edə bilər. İş materiallarında olan sms bildirişin surətindən görünür ki, Cavabdeh Albalı plus kartına illik 29% olmaqla 500 manat kredit xəttinin açılmağı təklif edilmişdir. Həmin sms bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə, 586sNARb/21 saylı kredit müqaviləsi üzrə Cəmil Əlyarovun hesabına vəsait köçürülmüşdür. İşin materiallarında olan BANK/PİKMD/1099208 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cəmil Əlyarovun "xxxx" KB ASC-yə qeyd edilən müqavilə üzrə 485.81 manat məbləğində əsas, 120.08 manat faiz, 5.85 manat cərimə, cəmi 611.74 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cəmil Əlyarova borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 586sNARb/21 saylı kredit xətti müqaviləsi 485,81 (dörd yüz səksən beş manat səksən bir qəpik) əsas borc, 120,08 (bir yüz iyirmi manat səkkiz qəpik) faiz borcu, 5,85 (beş manat səksən beş qəpik) cərimə borcu olmaqla, cəmi 611,74 (altı yüz on bir manat yermiş dörd qəpik) borc məbləği və 30 (otuz manat) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar