Məhkəmə qərarları › İş №e-2(011)-4373/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4373/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4373/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-si cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış VİP 18411 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 2141 ABŞ dolları olan (ümumi məbləğ 2141 ABŞ dolları) “Apple iphone” 13 pro 256 gb graphite' markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə vermişdir. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 341 ABŞ dolları ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh2 25 noyabr 2021-ci il tarixdə bağlanmış VİP 18411 saylı nisyə alqı-satqı müqaviləsinə 25 noyabr 2021-ci il tarixdə zamin durmuşdur. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində “satıcı”nın xeyrinə faiz ödəyir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış VİP 18411 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış VİP 18411 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 1800 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 450 ABŞ dolları cərimə, cəmi 2250 ABŞ dollarının və 58 manat dövlət rüsumunun 'URAL İ' MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin iddiaçının tələbinə dair etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-si ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə satış qiyməti 2141 ABŞ dolları olan (ümumi məbləğ 2141 ABŞ dolları) “Apple iphone” 13 pro 256 gb graphite markalı 1 (bir) ədəd mobil telefon ödəniş qrafikinə əsasən nisyə verilmişdir. İş materiallarında olan İddiaçı MMC-si ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, yəni zamin İddiaçı MMC-si ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə borclunun öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMC-si ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 1800 ABŞ dolları əsas (qalıq) borcu, 450 ABŞ dolları cərimə, cəmi 2250 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduqları üçün, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1800 ABŞ dolları ödənilməmiş məbləğ (əsas borc) tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan müqavilə üzrə hesablanmış dəbbə pulunun 10% dək azaldılaraq cavabdehlərdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 45 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1800 ABŞ dolları əsas, 45 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 1845 ABŞ dolları tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1800 ABŞ dolları əsas, 45 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 1845 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qismən təmin edildiyindən, İddiaçı MMC tərəfindən ödənilmiş 58 manat dövlət rüsumunun 82%-i, yəni 48 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, qalan 18 %-i, yəni 10 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar