Məhkəmə qərarları › İş №e-2(011)-438/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-438/2020

07.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-438/2020 07.01.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı dəymiş zərərin tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 Cavabdeh qarşı Cavabdeh 39.500 (otuz doqquz min beş yüz) manat maddi zərərə görə, 12.000 (on iki min) manat mənəvi zərərə görə, 3950 (üç min doqquz yüz əlli) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə, 90 (doxsan) manat vəkilə ödənilmiş xidmət haqqına görə, 30 (otuz) manat dövlət rüsumuna görə, cəmi 55.570 (əlli beş min beş yüz yetmis) manat pulun tutularaq iddiaçı X5 ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 Krallığının vətəndaşıdır. Özünün və arvadının daimi yaşayış yeri Norveç Krallığıdır, Azərbaycan Respublikasına ara-sıra gəlir. Onun övladları Azərbaycanda yaşayırlar. 2017-ci ilin avqust ayında oğlu Elməddin Qurbanovu evləndirmək məqsədi ilə fərdi yaşayış evi almaq fikrinə düşmüşdür. Goranboy rayonunda qonşusu olmuş tanışı Cavabdeh ona Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evini 39.500 manat məbləğinə satmağı təklif etdi və o da razılaşmışdır. Mətləb evin sənədli və qanuni olduğunu söyləmişdir. Torpağa və evə baxdıqdan sonra o, razılıq vermiş, lakin uzun illərdir xarici dövlətdə yaşadığına görə alqı-satqı münasibətlərinin rəsmiləşdirmə qaydalarını yaxşı bilməmişdir. Bir neçə gün sonra Mətləb ona üzərində "Azərbaycan Respublikası, Daşınmaz Əmlakın İnventarlaşdırması Xidməti MMC", “Tikintinin sahibi: X10" yazılmış, dörd vərəqdən ibarət, sonuncu vərəqində Xətai rayon İHB-nın Əhmədli qəsəbə İ.Ə.S. üzrə Nümayəndəsi əvəzi M.Ə.Allahverdiyevin imzası və dövlət gerbli möhür olan, ciddi təsir bağışlayan sənəd təqdim etmişdir. Mətləbə etibar etdiyinə və yaxın vaxtlarda oğlu ilə onun bacısı qızının evlənməsi gözlənildiyinə görə həmin sənədin mülkiyyət hüquqlarını təsdiq edən sənəd olduğundan şübhələnməmiş və alqı-satqı məbləği kimi ona 39.500 (otuz doqquz min beş yüz) manat nağd pul ödəmişdir. Sonradan gözlənilən toy baş tutdu və cavanlar həmin fərdi evə köçdülər. Buna baxmayaraq oğlu ilə Mətləbin bacısı qızı Xəyalə qısa müddətdən sonra ayrıldılar. Bundan sonra Mətləb iddiaçı Zaməddin Qurbanovu aldadaraq əvəzinə 39.500 manat pul aldığı fərdi yaşayış evini qapının kilidini dəyişərək öz əlinə keçirtdi, ona isə oğlu ilə Xəyalənin boşanması əsasında həmin evi təzminat şəklində zəbt etdiyini bildirdi. Bundan sonra iddiaçı müxtəlif hüquqşünaslara müraciət edərək əlində olan sənədlərin mülkiyyət hüquqları vermədiyini, əhəmiyyətsiz olduğunu və Mətləb tərəfindən aldadıldığını anlamışdır. Cavabdeh dələduzluq məqsədi ilə iddiaçıya təqdim etdiyi məzmununda "Azərbaycan Respublikası, Daşınmaz Əmlakın İnventarlaşdırması Xidməti MMC Fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəli"ndə “İnv.№ 0276 Əmlak vergisi ödəyicisi kimi qeydiyyata almaq üçün qəbul edildi, direktor S.R. Vəliyev” qeyd olunmuşdur. Halbuki, əmlak vergisinin ödəyicisi kimi kiminsə qeydiyyata alınması publik səlahiyyətdir və belə qeydəalma səlahiyyətləri özəl müəssisələrə aid ola bilməz. Eyni zamanda Vergilər Nazirliyinin Kommersiya X17 Reyestrindən görünür ki, həmin MMC-nin direktoru X8r. İddia ərizəsinə əlavə edilmiş CD-diskin məzmunundan görünür ki, Cavabdeh ilə X10 arasında mübahisə xarakterli telefon danışığı baş tutmuşdur. Söhbət zamanı Mətləb özü bildirmişdir ki, telefon danışığı zamanı onun səsinin yazılmasına etiraz etmir. Bu səbəbdən də hesab edir ki, həmin sübut qanunvericiliyin tələblərinə uyğun əldə olunmuşdur və mötəbər sübut kimi qəbul oluna bilər. İddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xətai rayon Polis İdarəsinin 34-cü PB-nin təhqiqatçısı, polis mayoru Ceyhun Hüseynovun qəbul etdiyi qərarın məzmunundan görünür ki, Cavabdeh təhqiqat orqanına izahat vermişdir. İzahatında o, iddiaçı Zaməddin Qurbanovdan cəmi 30.000 (otuz min) manat pul aldığını bildirmiş, lakin pulun 9.500 manat hissəsini etiraf etməmişdir. Cavabdehin vurduğu maddi zərərin 39.500 manat olduğunu və iki ildən artıq müddətin keçməsini nəzərə alaraq (39.500 x 5% x 2) 3.950 manat pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə qanun üzrə faiz tələb etmək hüququ əmələ gəlir. Yuxarıda qeyd olunan maddi zərərin tələb olunması məqsədi ilə iddiaçı dəfələrlə Azərbaycana gəlməli olmuş, vəkillərlə görüşmüş, iki il ərzində əsəb və gərdinlik içində olmuşdur. Həmçinin bu gərginlik hazırki iddia tələbinin baxışı müddətində də davam edəcək. Bu halda iddiaçının psixoloji gərginlik və sarsıntı keçirməsi şübhəsizdir. Bu səbəbdən də hesab edirik ki, vurduğu mənəvi zərərə görə cavabdehdən 12.000 (on iki min) manatın tutulması qanuni və ədalətlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli evi o, üçüncü şəxsdən almışdır. Həmin vaxt evin tikintisi tam başa çatmadığından o, evin təmir-tikinti işlərini özü yekunlaşdırmışdır. Evin təmir-tikinti işlərinə o, 30000 manat məbləğində pul xərcləmişdir. İddiaçı oğlu Elməddin Qurbanovu evləndirmək və ona ev almaq məqsədi ilə ona müraciət etmişdir. O, iddiaçının oğlunun onun bacısı qızı ilə ailə quracağını nəzərə alaraq, evi iddiaçıya yalnız evin tikintisinə çəkdiyi xərclərin ödənilməsi, yəni 30000 manat müqabilində satmışdır. Bacısı qızını və iddiaçının oğlu Elməddini həmin evə qeydiyyata salmışdır. Daha sonra iddiaçı oğluna ev almaqdan peşman olmuş və pulları geri qaytarmaq istəmişdir. Lakin cavabdeh bununla razı olmamışdır. Hal-hazırda evin açarladı onun iddiaçının gəlini, onun bacısı qızındadır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla qismən təmin edilməlidir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Xətai rayon Polis İdarəsinin 34-cü PB-nin təhqiqatçısı, polis mayoru Ceyhun Hüseynovun qəbul etdiyi qərarına əsasən X2 vəkili Vəkil iddiası mülki xarakterlidir və toplanmış materialda cinayət hadisəsini, tərkibini yaratmadığından material üzrə cinayət işinin başlaması rədd edilmişdir. Qərarın məzmunundan görünür ki, Cavabdeh təhqiqat orqanına izahat vermişdir. İzahatında o, iddiaçı Zaməddin Qurbanovdan cəmi 30.000 (otuz min) manat pul aldığını bildirmiş, lakin pulun 9.500 manat hissəsini etiraf etməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “Fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair Hesabat cədvəli”-nə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2-ci Əhmədli döngəsi, 12/1 nömrəli evin inventar dəyəri 30000 AZN məbləğindədir. Həmin “Cədvəl”-də tikintinin sahibi X10 qeyd edilmişdir. Mülki iş üzrə şahid qismindi dindirilmiş X15 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçı Qurbanov Zaməddinin qardışıdır. Cavabdeh qardaşının vasitəsilə tanımışdır. Qardaşı Bakı şəhərində oğlu üçün ev almaq niyyətini bilmiş və ona özünə məxsus evi satmağı təklif etmişdir. Evin əldə olunması oğlu Elməddinin evlənməsi ilə əlaqədar olduğuna görə görüşlərin bəzilərində o da iştirak etmişdir. Mətləb israrla bildirmişdir ki, Zaməddinə satacağı ev dövlət qeydiyyatına alınmış və rəsmi sənədi olan evdir. Əgər evin sənədləri qaydasında olmasaydı, Zaməddin o evi almazdı. Buna baxmayaraq Mətləb qardaşının etibarından sui-istifadə edərək 39.500 manat pulu onun iştirakı ilə Mətləbə verdi. Aldığı pulun əvəzində Cavabdeh qardaşı Zaməddinin adı olan şübhəli bir sənədi ona təqdim etdi, lakin orada çox mürəkkəb sözlər yazıldığına görə o da işin nə yerdə olduğundan baş çıxara bilmədi. Odur ki, qardaşına “xeyirli olsun!” deyərək öz xeyir-duasını verdi. Sonradan onlara məlum oldu ki, evin sənədi saxtadır, Mətləb həmin evi əlinə keçirərək pulu qaytarmaqdan imtina etdi. O bu məsələlərə qarışmadı və qardaşı Zaməddinə hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə etdi Mülki iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının oğludur, cavabdeh isə onun atasının tanışı olmuş və həyat yoldaşı X9 dayısıdır. O, X13 ilə ailə qurduqdan sonra atasının tanışı Cavabdeh 39.500 manat qiymətə aldığı, Əhmədli qəsəbəsində yerləşən evdə arvadı ilə birgə yaşamışdır. Mətləb onların hər ikisini həmin evə qeydiyyata da saldırmaqda köməklik etmişdir. Bir müddətdən sonra arvadı Xəyalə ilə mübahisələri yaranmış və ayrılmağa qərar vermişlər. Bundan sonra arvadı Xəyalənin dayısı olan Cavabdeh evə gələrək onu həmin evdən qovmuş, əgər Xəyalə ilə barışmayacağı təqdirdə həmin evdə yaşaya bilməyəcəyini söyləmişdir. Evin onun atasına məxsus olduğunu dedikdə Mətləb bu fikrin yanlış olduğunu demişdir və evin sənədlərinin olmadığını, bu səbəbdən də onun öz sərəncamında olduğunu bəyan etmişdir. Bundan sonra o məcburiyyət qarşısında qalıb həmin evi tərk etmişdir. Atası həmin 39.500 (otuz doqquz min beş yüz) manat pulu onun yanında Cavabdeh vermişdir. Beləliklə məhkəmə iclası zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı X10 Cavabdeh ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, özbaşına tikili olan mübahisəli mənzilin alqı-satqısını həyata keçirmək barədə razılığa gəlmişdirlər. Həmin razılıq əsasında iddiaçı tərəfindən Cavabdeh 30000 manat pul ödənilmişdir. İşin bu halları hər iki tərəfin izahatı ilə təsdiq edildiyindən məhkəmə tərəfindən işin mübahisəsiz halları kimi qəbul edilərək əlavə olaraq araşdırılmır. Cavabdeh mübahisəli evi iddiaçının oğlu və gəlininin istifadəsinə verdiyini və bununla da alqı-satqısı üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini bildirsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli evin açarları cavabdehin bacısı qızı olan X4r, onunla iddiaçının oğlu X6 arasında faktiki olaraq münasibətlərin pozulmuş və onlar hal-hazırda ayrılmışdırlar. X6 mübahisəli evdə yaşamır. Hazırkı mübahisəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyaları alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mübahisəli evin satınalması məqsədi ilə 30000 manat məbləğində pul ödənilsə də, tərəflər arasında Mülki Məcəllənin tələblərinə uyğun olaraq fərdi yaşayış evinin alqı-satqısı müqaviləsi bağlanılmamış və nəticədə cavabdeh iddiaçının hesabına müqavilə və ya hər hansı hüquqi əsas olmadan 30000 manat məbləğində əsassız varlanmışdır. Odur ki, 30000 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X7 ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə mübahisəli evin alqı-satqısı üçün 39500 manat məbləğində pul ödədiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia cavabdehdən qalan 9500 manat məbləğində pulun tutularaq ödənilməsi hissəsində təmin edilməməldir. Məhkəmə iddianın 12000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə 12000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddiaçının pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 3950 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, kreditor gecikdirilmiş vaxt üçün illik beş faizi o vaxt tələb edə bilər ki, borclunun kreditor qarşısında pul məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi mövcud olsun və borclu həmin öhdəliyi müəyyən edilmiş müddətdə icra etməsin. Hazırkı mülki mübahisə üzrə cavabdeh iddiaçı qarşısında icrası gecikdirilmiş hər hansı pul öhdəliyi olmadığından, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.5-ci maddəsinə istinadən pul məbləğinin ödənilməsinin gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlı deyil. Odur ki, iddia pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 3950 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin, iddianın 90 manat vəkilə ödənilmiş xidmət haqqında görə və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və vəkil xidməti üçün ödənilmiş məbləğ Cavabdeh aid edilməli və buna görə də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Kontitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 30000 (otuz min) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X5 ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və vəkilə ödənilmiş xidmət haqqında görə 90 (doxsan) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar