Məhkəmə qərarları › İş №e-2(011)-4387/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4387/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4387/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.649 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik (2 il) 5 faiz hesablanmaqla 364.90 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, cəmi 3.851,50 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin arasında 11 may 2018-ci il tarixdə 211.02712 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları (qatqılar) almış, qeyd olunan borcu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Daha sonra isə 14 fevral 2019-cu il tarixdə tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 3.649 manat məbləğində borcu olduğu müəyyən olunmuşdur. Həmçinin borcunun olması Bakı şəhər Prokurorluğunda verilmiş izahatda cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.298 manat borcun, borcun gecikdirilməsinə görə 329.80 manatın, 30 manat dövlət rüsumunun, cəmi 3.657,80 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 11 may 2018-ci il tarixli satış müqaviləsinə əsasən iddiaçı cavabdehə istehsal etdiyi tikinti materiallarını satmağı, cavabdeh isə həmin məhsulların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 14 fevral 2019-cu il tarixdə tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh müqavilə üzrə İddiaçı MMC-yə 3.649 manat məbləğində borcu olduğu müəyyən olunmuşdur. Cavabdehin hazırda 3.298 manat əsas borcu, borcun gecikdirilməsinə görə 329.80 manat borcu qalmışdır. Lakin cavabdeh borcunu bu günədək ödəməmişdir. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhər Prokurorluğuna verilmiş izahatdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən əsas borca görə 3.298 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında alğı-satqı münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən iddiaçı cavabdehə istehsal etdiyi məhsullar satmalı, cavabdeh isə əldə etdiyi məhsulların dəyərini ödəməli olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan məhsulu almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin məhsulun dəyərinin iddiaçıya ödənilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında məhsulu almasına dair hüququndan istifadə etmiş, lakin həmin məhsulun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmış 329.80 manat borcun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Göründüyü kimi cavabdehin öhdəliyini vaxtında icra etməməsinin nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddiaçı qeyd edilən məbləğləri tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə Mülki Məcəllənin 445.1-ci maddəsinə istinad edərək hesab edir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarından görünür ki, alğı-satqı müqaviləsi bağlandığı tarixdən gecikdirilmiş müddət 2 il təşkil etdiyindən, əsas borcun illik 5% hesabı ilə həmin məbləğ 329.80 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olmaqla təmin edilməli və cavabdehdən illik 5% hesabı ilə 329.80 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3.298 manat əsas borc, borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla hesablanmış 329.80 manat borc, cəmi 3.627,80 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3.298 (üç min iki yüz doxsan səkkiz) manat əsas borc, borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla hesablanmış 329.80 (üç yüz iyirmi doqquz manat səksən qəpik) manat borc, cəmi 3.627,80 (üç min altı yüz iyirmi yeddi manat səksən qəpik) pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar