Məhkəmə qərarları › İş №e-2(011)-4392/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4392/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4392/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Bakı Fransız Liseyi Təhsil Kompleksinin Cavabdeh qarşı “maddi ziyanın və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Bakı Fransız Liseyi Təhsil Kompleksinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.895 manat maddi ziyanın, 1.770,47 manat borcun, ümumilikdə 8.665,47 pulun və 106.66 manat dövlət rüsumunun tutularaq birdəfəlik qaydada iddiaçı Bakı Fransız Liseyi Təhsil Kompleksinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Fransız Liseyi Təhsil Kompleksi (işəgötürən) ilə Marakeş Krallığının vətəndaşı Cavabdeh (işçi) arasında 09 sentyabr 2021ci il tarixli, 134 saylı əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən işçi Liseyə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilmişdir. Sözügedən müqavilənin 5.23-cü bəndinə əsasən, işəgötürən hər tədris ili ərzində bir dəfə işçinin, onun arvadının və övladının (övladlarının) təyyarə bileti xərclərini, 5.24-cü maddəsinə əsasən işçini və onun ailəsinin könüllü tibbi sığorta xərclərini və 5.25-ci maddəsinə əsasən, işçiyə və ailəsinə müvəqqəti yaşamaq və iş icazəsinin verilməsi üzrə çəkilən xərcləri ödəyir. İşçi işəgötürənə xəbərdarlıq etmədən özbaşına qaydada Mərakeş Krallığına qayıtdığından, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə (AR Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndi) onunla bağlanılmış əmək müqaviləsinə 05 aprel 2023-cü il tarixli əmrlə xitam verilmişdir. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 10.4-cü maddəsinə əsasən, işçi bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək istədikdə və ya üzrsüz səbəbdən işə çıxmaması səbəbindən əmək müqaviləsi ləğv edildikdə, işəgötürənin çəkdiyi aşağıdakı xərcləri ödəməlidir: 1) işçiyə müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üşün fərdi iş icazəsinin və yaşamaq üçün icazənin verilməsi üçün ödənilmiş bütün xərclər; 2) işçinin tədris ili ərzində öz ölkəsinə qayıdışı üçün təyyarə biletinə çəkilmiş xərclər; 3) işçinin cari tədris ilində sığortalanması üçün çəkilən xərclər. İşəgötürən işçiyə aşağıdakı xərcləri çəkmişdir: 3 nəfər üçün (işçi, arvadı və övladı) 1.725 manat könüllü tibbi sığorta xərcləri, 3 nəfər üçün 3.750 manat təyyarə bileti üçün ödənilən məbləğ; 3 nəfər üçün 1.420 manat iş və yaşayış icazələri üçün çəkilmiş xərclər. Beləliklə, tərəflər arasında bağlanılmış müqavilənin 10.4-cü bəndində sadalanan xərclər üzrə işçi işəgötürənə 6.895 manat məbləğdə pul qaytarmalıdır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında 174 saylı, 20 iyun 2022-ci il tarixli “Təhsilin təşkili müqaviləsi” də bağlanmışdır ki, həmin müqaviləyə əsasən cavabdehin oğlu Galaf Yasser iddiaçı qurumda illik təhsil haqqı 2.745 avro olmaqla təhsil almışdır. Lakin hazırda cavabdehin iddiaçıya sözügedən müqaviləyə əsasən, 960,75 avro (1.770,47 manat) təhsil haqqı üzrə borcu vardır. Tərəflərin izahatları: İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı Fransız Liseyi Təhsil Kompleksi ilə Cavabdeh arasında 09 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh liseyə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilə ilə tərəflərdən birinin digərinə ziyan vurması halında dəyən zərərin ödənilməsi barədə tərəflər öz üzərilərinə öhdəlik götürmüşlər. 20 iyun 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında təhsil kompleksi ilə təhsilalanın valideyni arasında təhsilin təşkili müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh övladı Galaf Yasser liseydə təhsil almağa başlamış və təhsil haqqı 2.745 avro müəyyən edilmişdir. 05 aprel 2023-cü il tarixli 14-k nömrəli əmrdən görünür ki, Cavabdeh ilə 09 sentyabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 5.23-cü maddəsindən görünür ki, işəgötürən hər tədris ili ərzində bir dəfə işçinin, həyat yoldaşının və övladının öz ölkəsinə gediş-gəlişi üçün ekonom sinif olmaqla təyyarə bileti xərclərini (lakin 1250 manatdan çox olmamaqla), həmçinin yaşayış yerindən hava limanına və əksinə zəruri nəqliyyat xərclərini təqdim olunmuş təsdiqedici sənədlər əsasında ödənilməsini üzərinə götürmüşdür. Belə ki, cavabdeh və ailə üzvləri ölkələrinə qayıtmaqla sözügedən bənddə olan imtiyazdan istifadə etmişdir. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 10.4-cü maddəsinə əsasən işçi bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək istədikdə və ya üzrsüz səbəbdən işə çıxmaması səbəbindən əmək müqaviləsi ləğv edildikdə, işəgötürənin çəkdiyi aşağıdakı xərcləri ödəməlidir: 1) işçiyə müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üşün fərdi iş icazəsinin və yaşamaq üçün icazənin verilməsi üçün ödənilmiş bütün xərclər; 2) işçinin tədris ili ərzində öz ölkəsinə qayıdışı üçün təyyarə biletinə çəkilmiş xərclər; 3) işçinin cari tədris ilində sığortalanması üçün çəkilən xərclərlə işəgötürən işçiyə aşağıdakı xərcləri çəkmişdir: 3 nəfər üçün (işçi, arvadı və övladı) 1.725 manat könüllü tibbi sığorta xərcləri, 3 nəfər üçün 3.750 manat təyyarə bileti üçün ödənilən məbləğ; 3 nəfər üçün 1.420 manat iş və yaşayış icazələri üçün çəkilmiş xərclər. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, iddiaçı cavabdehə iş icazəsinin alınması və yaşayış icazəsinin alınması (işçi, arvadı və övladı) ilə bağlı Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ümumilikdə 1420 manat pul ödəmişdir. İddiaçı tərəfindən təqdim edilmiş məktubdan görünür ki, 2022/2023-cü tədris ilində BFL-in müəllimi Omar Qalaf və onun ailə üzvləri üçün çəkilmiş xərclər (könüllü tibbi sığorta xərcləri, təyyarə bileti üçün ödənilən məbləğ, yaşayış və iş icazəsi üçün çəkilmiş xərclər) ümumilikdə 7.470 manat olaraq müəyyən edilmişdir. Həmçinin, cavabdehin övladının təhsil haqqı ilə bağlı iddiaçıya ödəməli olduğu məbləğ 960.75 avro (1.770,47 manat) təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış və cavabdeh iddiaçı olan təhsil müəssisəsində riyaziyyat müəllimi vəzifəsində işə qəbul edilmişdir. Həmin müqavilənin 10.4-cü maddəsinə əsasən işçi bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək istədikdə və ya üzrsüz səbəbdən işə çıxmaması səbəbindən əmək müqaviləsi ləğv edildikdə, işəgötürənin işçiyə müvəqqəti yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üşün fərdi iş icazəsinin, yaşamaq üçün icazənin verilməsi üçün ödənilmiş bütün xərcləri, işçinin tədris ili ərzində öz ölkəsinə qayıdışı üçün təyyarə biletinə çəkilmiş xərcləri və işçinin cari tədris ilində sığortalanması üçün çəkilən xərcləri öz üzərinə götürmüşdür. Məhkəmə ilkin olaraq qeyd edir ki, araşdırma zamanı iş materialları və iddiaçının vəkilinin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh işlədiyi müəssisəyə məlumat vermədən oranı tərk edərək ölkədən getmişdir və bu hal işin mübahisəsiz halıdır. Belə olan təqdirdə məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.4cü maddəsinin tələblərini ümumi dəyərləndirərək hesab edir ki, qanunvericilikdən irəli gələn tələbə əsasən tərəflər arasında bağlanmış müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, tərəflər arasında məhz qanunvericilik normasının qeyd olunan bu şərtlərini istisna edəcək hər-hansı razılıq mövcud deyildir. Məhkəmə iddia tələbinin cavabdeh Omar Qalaf və onun ailə üzvləri üçün könüllü tibbi sığorta, təyyarə bileti üçün ödənilən məbləğ, yaşayış və iş icazəsi üçün çəkilmiş xərclərə qiymət verərək hesab edir ki, araşdırılmış iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı sözügedən xərclər üçün ümumilikdə 7.470 manat sərf etmişdir. Lakin nə qədər ki, sözügedən xərclərə münasibətdə iddiaçı hazırda 7.470 manat yox 6.895 manat tələb etmişdir, məhkəmə verilmiş iddia tələbi həcmində işə baxmalı və həmən hissədə maddi ziyan təmin edilməlidir. Eyni zamanda, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, iş materiallarından olan tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin övladı da həmin təhsil müəssisəsinə qəbul edilməklə təhsil haqqı 2.745 avro müəyyən edilmiş və hazırda sözügedən təhsil haqqına münasibətdə cavabdehin iddiaçıya 960.75 avro (1.770,47 manat) borcu qalmışdır. Belə olan təqdirdə isə iddia tələbi bu hissədə də təmin edilməlidir. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, nə qədər ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması və nəticədə iddiaçıya ziyan dəyməsi halı öz təsdiqini tapmışdır, belə olan təqdirdə iddia tələbi təmin edilməli, Cavabdeh 6.895 manat maddi ziyan, 1.770,47 manat borc olmaqla, ümumilikdə 8.665,47 pul vəsaiti cavabdehdən tutularaq iddiaçı Bakı Fransız Liseyi Təhsil Kompleksinin xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 106.66 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh 106.66 manat dövlət rüsumu alınıb iddiaçı Bakı Fransız Liseyi Təhsil Kompleksinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6.895 (altı min səkkiz yüz doxsan beş) manat maddi ziyan, 1.770,47 (bir min yeddi yüz yetmiş manat qırx yeddi qəpik) manat borc olmaqla, ümumilikdə 8.665,47 (səkkiz min altı yüz altmış beş manat qırx yeddi qəpik) manat pul və ödənilmiş 106.66 (bir yüz altı manat altmış altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Bakı Fransız Liseyi Təhsil Kompleksinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar