Məhkəmə qərarları › İş №e-2(011)-44/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-44/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-44/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12664.09 AZN əsas; 1658.91 AZN faiz; cəmi 14.323 AZN məbləğində vəsaitin və ödənilmiş 132.97 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-408/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əsas borca görə 12.664,09 manat, faiz borcuna görə 1658,91 manat, cəmi 14323 manat pul və ödənilmiş 132,96 manat dövlət rüsumu Həmzəyev Əyyub Səyad oğlu, X3 və Cavabdeh müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh Həmzəyev Əyyub Səyad oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3360081A110 saylı kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12664.09 AZN məbləğində kredit verilmişdir, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır, Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, Həmzəyev Əyyub Səyad oğluna kredit verilərkən X3 ilə Bank arasında xx.xx.2021-ci il tarixli, Z-RGTK3360081A110 saylı Zaminlik müqaviləsi bağlanmışdır, zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır, Həmzəyev Əyyub Səyad oğluna kredit verilərkən Cavabdeh ilə Bank arasında xx.xx.2021-ci il tarixli, Z2- RGTK3360081A110 saylı Zaminlik müqaviləsi bağlanmışdır, zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır, Kapital Bank ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət olunan zaman iş üzrə zamin hazır ki iş üzrə Cavabdeh adı iddia ərizəsində mexaniki olaraq cavabdeh kimi qeyd olunmamış və cavabdehlər Həmzəyev Əyyub Səyad oğlu və X3 barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, e-2(011)-408/2022 saylı məhkəmə qətnaməsi qəbul edilsə də, iş üzrə zamin hazır ki iş üzrə Cavabdeh barəsində məhkəmə qətnaməsi qəbul edilməmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı olan bankda zaminliyi olmuşdur, lakin bu zaminlik iddiada adı çəkilən Həmzəyev Əyyub və digər cavabdeh barədə deyil, tamamilə başqa adam barədə olmuşdur və həmin şəxs banka borcunu ödəyib qutarmış, zaminliyinə xitam verilmişdir, yəni hazırda banka heç bir borcu və ya zaminliyi yoxdur, Həmzəyev Əyyubu və digər cavabdehi isə heç tanımır, onlarla hər hansı bir əlaqəsi yoxdur, onun kredit müqaviləsi barədə heç vaxt iddiaçı olan banka getməmiş, buna dair müqavilə imzalamamış, ona zamin durmamışdır, iş materiallarında olan zaminlik müqaviləsindəki imzalar ona aid deyildir, bu açıq-aşkar gözlə də görünür, o şəxslə bağlı heç bir müqaviləyə imza atmamışdır, bu qədər miqdarda borcun ondan tutulması tamamilə əsassızdır, belə bir zaminlik öhdəliyi yoxdur, imzanın onun olmaması ekspertizada da müəyyən olacaqdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişdirlər. Bununla belə, iddiaçının nümayəndəsi E.Ələkbərov xx.xx.2022-ci il tarixdə ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizənin surətindən görüünr i, Həmzəyev Əyyub Səyad oğlu banka müraciət edərək, ona 83 ay müddətinə 12664,09 manat nağd pul krediti verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh Həmzəyev Əyyub Səyad oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3360081A110 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 12664.09 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan bir tərəfdən kreditor İddiaçı ASC, digər tərəfdən zamin Cavabdeh, üçüncü tərəfdən borcalan Həmzəyev Əyyub Səyad oğlu arasında bağlandığı qeyd edilən xx.xx.2021-ci il tarixli, Z2-RGTK3360081A110 saylı Zaminlik müqaviləsindən görünür ki, zaminin xx.xx.2021-ci il tarixli, RGTK3360081A110 saylı kredit müqaviləsi üzrə borcalanın kredit qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsluyyəti öz üzərinə götürdüyü qeyd edilmişdir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, Z2-RGTK3360081A110 saylı Zaminlik müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 12664,09 manat əsas, 1658,91 manat faiz, cəmi 14323 manat borcu olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-408/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, əsas borca görə 12664,09 manat, faiz borcuna görə 1658,91 manat, cəmi 14323 manat pul və ödənilmiş 132,96 manat dövlət rüsumu Həmzəyev Əyyub Səyad oğlundan və X1 alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh, Həmzəyev Əyyub Səyad oğluna və X2 “Bildiriş” göndərilməklə onlardan kredit müqaviləsi üzrə yaranmış borcun 5 təqvim günü ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 132,97 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nn 4/993 saylı 13 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, Z2-RGTK3360081A110 saylı Zaminlik müqaviləsinin 1-ci vərəqində “Zamin imza” qrafasındakı imzanın və 2-ci vərəqindəki Cavabdeh hissəsində “İmza” qrafasındakı imzanın Cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mümkün olması səbəblərindən mümkün olmamışdır. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nn 4/1538 saylı 14 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 77-78-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli, Z2-RGTK3360081A110 saylı Zaminlik müqaviləsinin 1-ci və 2-ci vərəqlərində “Zamin” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 138 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı və Ə.Həmzəyev arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır, müqavilənin təminatı kimi bankla N.İsayev arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır, borcalan müqavilə şərtlərini icra etmədiyindən, iddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-408/2022 saylı qətnaməsi ilə onun iddiası təmin edilməklə, əsas borca görə 12664,09 manat, faiz borcuna görə 1658,91 manat, cəmi 14323 manat pul və ödənilmiş 132,96 manat dövlət rüsumunun Həmzəyev Əyyub Səyad oğlundan və X1 alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir, hazırki iddia tələbi həmin qətnamə ilə ödənilməsi nəzərdə tutulan cəmi 14323 manat borc pul və ödənilmiş 132,96 manat dövlət rüsumunun Həmzəyev Əyyub Səyad oğlu, X3 və Cavabdeh müştərək qaydada tutulması barədədir, iş materiallarına əlavə edilmiş bir tərəfdən kreditor İddiaçı ASC, digər tərəfdən zamin Cavabdeh, üçüncü tərəfdən borcalan Həmzəyev Əyyub Səyad oğlu arasında bağlandığı qeyd edilən xx.xx.2021-ci il tarixli, Z2-RGTK3360081A110 saylı Zaminlik müqaviləsinin 1-ci və 2-ci vərəqlərində “Zamin” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla belə, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə Cavabdeh öhdəliyinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, 4/1538 saylı 14 dekabr 2022-ci il tarixli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı nəzərdən keçirib hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməklə müqavilə üzrə borca dair cavabdehin aidiyyətinin müəyyən olunmasında ekspertin gəldiyi nəticə nəzərə alınmalı, cavabdehin öhdəliyinin əsası kimi göstərilmiş xx.xx.2021-ci il tarixli, Z2-RGTK3360081A110 saylı zaminlik müqaviləsi Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğundan hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-408/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əsas borca görə 12.664,09 manat, faiz borcuna görə 1658,91 manat, cəmi 14323 manat pul və ödənilmiş 132,96 manat dövlət rüsumu Həmzəyev Əyyub Səyad oğlu, X3 və Cavabdeh müştərək qaydada tutulması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, təkrar məhkəmə ekspertizasının iddiaçının vəsatəti əsasında keçirilməsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 138 manat iddiaçıdan alınaraq Dövlət büdcəsinə ödənilməli, ilkin ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-408/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əsas borca görə 12.664,09 manat, faiz borcuna görə 1658,91 manat, cəmi 14323 manat pul və ödənilmiş 132,96 manat dövlət rüsumunun Həmzəyev Əyyub Səyad oğlu, X3 və Cavabdeh müştərək qaydada tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 (yüz otuz səkkiz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar