Məhkəmə qərarları › İş №e-2(011)-4400/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4400/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4400/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçın nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli EKK-5.13.006997 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 3.000 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 1 il 6 ay üçün 225 manat, habelə 50 manat cərimənin, ümumilikdə isə 3.275 manat vəsaitin və ödənilmiş 52.75 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli EKK5.13.006997 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 4.634 manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir, cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 1.034 manat ödəniş etmiş, qalıq 3.600 manatı 15 ay müddətində hər ay 240 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, borcdan 600 manat ödəsə də, qalıq borcu 3.000 manatdır, borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, xx.xx.2022-ci il tarixli 030 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir, qeyd olunur ki, müqavilələrin 2.3-cü bəndinə əsasən bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə müəyyən edilmiş müddətdə satıcıya ödəməlidir. Müqavilələrin 4.2.3-cü bəndinə əsasən alıcı əmlakın dəyərini vaxtıvaxtında ödəməlidir. Həmin Müqavilələrin 5.2-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilə ilə üzərinə düşən öhdəlikləri və qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır, bu halda zərər vurmuş tərəf digər tərəfə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zərərin əvəzini tam həcmdə ödəməlidir, müqavilələrin 5.3-cü bəndinə əsasən alıcı ödənişləri gecikdirdikdə, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3 faizi dəyərində cərimə ödəyir. Sonda Nümayəndə2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək, bildirdi ki, iddia tələbini qəbul edir, məhsul onun adına götürülmüşdür, lakin məhsulun dəyərinin ödənilmədiyindən xəbəri olmamışdır, hazırda xx.xx.2020-ci il tarixli EKK-5.13.006997 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçıya 3000 manat borc, icranı gecikdirdiyinə görə 225 manat, habelə 50 manat cəriməni ödəməyə etiraz etmir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdeh izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli EKK-5.13.006997 nömrəli nisyə alqı-satqı müqaviləsi cəmi 4634 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli EKK-5.13.006997 nömrəli nisyə alqısatqı müqaviləsinə 1 №-li Əlavədən görünür ki, dəyəri 2997 manat ola Constanzadiamond dinnerset, dəyəri 998 manat olan constanza ideal gold tea set, dəyəri 619 manat olan vase, 20 manat komisyon haqqı olmaqla alıcıya satılmışdır, ilkin ödəniş 1034 manatdır. İş materiallarından görünür ki, Cavabdeh iltizamda bildirmişdir ki, nisyə alq-satqı müqaviləsi ilə 4634 manat məbləğində məişət avadanlığı əldə etmişdir, onun 1034 manat ilkin ödəmişdir, qalan 3600 manat məbləği 15 ay müddətinə aylıq 240 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13 avqust 2020-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, dəyəri 2997 manat ola Constanza-diamond full gold dinner set, dəyəri 998 manat olan Constanza ideal gold tea set, dəyəri 619 manat olan “vase non lead gold” xx.xx.2020-ci il tarixli EKK-5.13.006997 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən alıcıya təhvil verilmişdir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli Maliyyə arayışının surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 5.13.006997 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə cəmi 600 manat ödəniş edilmişdir, borclu Cavabdeh borcu 3000 manatdır. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh 3000 manat borcunu 5 gün ərzində ödəməsinə dair 030 №-li 18 aprel 2022-ci il tarixli Xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 52,75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli EKK-5.13.006997 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, dəyəri 4634 manat olan əşyalar cavabdehə satılmışdır, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, onun hazırda iddiaçıya ümumilikdə 3275 manat borcu qalmışdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli EKK- 5.13.006997 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 3000 manat əsas borc, 225 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 3275 manat borc alınaraq İddiaçınə ödənilməlidir. Dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 52,75 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli EKK-5.13.006997 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 3000 manat əsas borc, 225 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 3275 (üç min iki yüz yetmiş beş) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 52 (əlli iki) manat 75 (yetmiş beş) qəpik alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar