Məhkəmə qərarları › İş №e-2(011)-4419/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4419/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4419/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək 3.134,35 (üç min bir yüz otuz dörd ABŞ dolları otuz beş sent) ABŞ dollarının - bundan 1.069,60 (bir min altmış doqquz ABŞ dolları altmış sent) ABŞ dolları əsas, 554,57 (beş yüz əlli dörd ABŞ dolları əlli yeddi sent) ABŞ dolları faiz, 1.354,33 (bir min üç yüz əlli dörd ABŞ dolları otuz üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 155,85 (bir yüz əlli beş ABŞ dolları səksən beş sent) ABŞ dollar faiz borcu və iş üzrə ödənilmiş 73,29 (yetmiş üç manat iyirmi qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 3.820 (üç min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 280009968/ZM nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3.802,32 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********712 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3.134,35 (üç min bir yüz otuz dörd ABŞ dolları otuz beş sent) ABŞ dolları təşkil edir. Bundan 1.069,60 (bir min altmış doqquz ABŞ dolları altmış sent) ABŞ dolları əsas, 554,57 (beş yüz əlli dörd ABŞ dolları əlli yeddi sent) ABŞ dolları faiz, 1.354,33 (bir min üç yüz əlli dörd ABŞ dolları otuz üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 155,85 (bir yüz əlli beş ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, LPO İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (Müştəri) arasında ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə görə müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 2.1-ci maddəsinə müqaviləyə əsasən kreditor borcalana 3.820 (üç min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində kredit verilir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən kredit borcalana şəxsi istehlak məqsədilə verilir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən kredit iyirmi dörd ay müddətinə verilir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən kreditin istifadəsinə görə Borcalan Kreditora illik 24 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 26,18 % təşkil edir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 48% dərəcəsilə, aylıq isə 4 % (dörd) dərəsilə faiz hesablanır və Borcalana tərəfindən Kreditora ödənilir. Həmin müqavilənin 2.6-ci maddəsinə əsasən güzəşt müddəti nəzərdə tutulmamışdır. Həmin müqavilənin 2.7-ci maddəsinə Borcalan Kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı açılması, sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərcləri) üçün bu müqavilə məbləğinin 2% məbləğində kommisiya haqqı ödəyir. İş materiallarında olan xx.xx.2014-cu il tarixli kredit müqaviləsinə ödəniş cədvəli Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2014-xx.xx.2016-cu il tarixlərində cəmi 4.848,52 ABŞ dolları ödənişin (3.820 ABŞ dolları əsas məbləğ və 1.028,52 ABŞ dolları faiz məbləği) həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 280009968/ZM saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən müqavilənin predmeti ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. İş materiallarında olan ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2 nömrəli əlavə sazişin 1.1-ci maddəsinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 3.802,32 (üç min səkkiz yüz iki ABŞ dolları otuz iki sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək olan müddəti təşkil edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarında olan 70110461-8 müqaviləyə əlavədən görünür ki, ödəniş cədvəli Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2017xx.xx.2020-ci il tarixlərində cəmi 3.063,76 ABŞ dolları ödənişin (2.715,84 ABŞ dolları əsas məbləğ və 347,92 ABŞ dolları faiz məbləği) həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 280009968/ZM saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 02 nömrəli əlavə sazişinin 1.1-ci maddəsinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3.802,32 (üç min səkkiz yüz iki ABŞ dolları otuz iki sent) ABŞ dolları təşkil edir. Həmin müqavilənin 1.1.1-ci maddəsinə əsasən kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2.715,84 (iki min yeddi yüz on beş ABŞ dolları səksən dörd manat) ABŞ dolları əsas borc, 916,14 (doqquz on altı ABŞ dolları on dörd sent ) ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 170,34 (bir yüz yetmiş ABŞ dolları otuz dörd sent) ABŞ dolları cərimə borcu təşkil edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədəkdir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarında olan **********623 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-nə ********* saylı müqavilə üzrə 1.069,60 ABŞ dolları məbləğində əsas, 554,57 ABŞ dolları faiz, 1.354,33 ABŞ dolları cərimə, borcu olmaqla, cəmi 3.134,35 ABŞ dolları məbləğində kredit borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 verdiyi krediti üzrə əsas borcu, ona hesablanmış faizləri, cəriməni və kredit müqaviləsi bitəndən sonra xx.xx.2023-cü il tarixinə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən xx.xx.2023-cü il tarixinədək hesablanmış 155,85 (bir yüz əlli beş ABŞ dolları səksən beş sent) ABŞ dollar faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cərimənin ödənilməsi ilə bağlı iddia tələblərini araşdıraraq məhkəmə hesab edir ki, həmin tələb qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2014-ci il tarixli müqaviləyə görə cərimənin 554,57 ABŞ dolları məbləğində deyil, 70 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faizmiqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə digər Cavabdeh2 qarşı iddia tələbini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan olan kreditin restrukturizasiyası ilə bağlı ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2 nömrəli əlavə sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının son tarixi xx.xx.2020-ci il tarixi kimi qeyd edilmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə başa çatdığı gündən bir il ərzində iddiaçı Cavabdeh2 qarşı iddia irəli sürmədiyindən qanunvericiliyin tələblərinə əsasən zaminin kreditor qarşısında öhdəliyinə xitam verilmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, kəsici müddətdir və buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi vermə və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə digər Cavabdeh2 qarşı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 73,29 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. 280009968 saylı, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 1.069,60 (bir min altmış doqquz ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində əsas borc, 554,57 (beş yüz əlli dörd ABŞ dolları əlli yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 70 (yetmiş) ABŞ dolları cərimə, müqavilə bitəndən sonra öhdəliyin icrasının gecikdirilməsi müddətinə hesablanmış 155,85 (bir yüz əlli beş ABŞ dolları səksən beş sent) ABŞ dollar faiz borcu olmaqla, cəmi 1.850,02 (bir min səkkiz yüz əlli ABŞ dolları iki qəpik) ABŞ dolları pul məbləği (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 73,29 (yetmiş üç manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar