Məhkəmə qərarları › İş №e-2(011)-4449/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4449/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4449/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.000 manat borcun, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 320 manat hüquqi yardım xərci və 93.20 manat dövlət rüsumu xərci, bütövlükdə 7.413,20 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 yanvar 2024-cü il tarixində iddiaçıdan (iddiaçının qardaşı vasitəsilə) 7.000 manat borc almışdır. Borc məbləğinin alınması cavabdehin imzaladığı müqavilə ilə təsdiq edilir. Həmin sənəddə cavabdeh borc məbləğini qəbul etdiyini qeyd edir. Ötən müddət ərzində cavabdehə dəfələrlə borcun qaytarılması ilə bağlı müraciət edilsə də, o, müxtəlif bəhanələrlə məbləği qaytarmaqdan imtina etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh izahat verərək bildirmişdir ki, o, iddiaçıdan pul almamış, sadəcə əlyazma yazı tərtib edərək qeyd etmişdir ki, maşın ala biləcəyi təqdirdə iddiaçıya 7.000 manat pul verəcək. Lakin avtomobili ala bilməmişdir. Odur ki, iddiaçının ondan pul tələb etməsi qanunsuzdur. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh tərəfindən 29 yanvar 2024-cü il tarixdə tərtib edilmiş əlyazmada qeyd edilmişdir: “Mən Cavabdeh xx.xx.2024 Nigara 7.000 verəm (Kazım) borcdan maşın da məndədi verməsəm **-PF-*** maşını dala qaytaram 2 ay ərzində maşının aylıqlarını ödəyəcəm. xx.xx.2024 (imza). Pulu verməsəm şikayət edə bilərsiz. Öz imzamla yazdım (imza). Maşını götürəm ki, pulu düzəldim verim”. İddiaçının vəkili tərəfindən təqdim edilmiş diskdəki videodan da görünür ki, sözügedən əlyazma cavabdeh tərəfindən tərtib olunub. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 21 saylı vəkil bürosunun hesabına 320 manat pul ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 7.000 manat pul almış, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən pulun alınmasına dair cavabdeh tərəfindən yazılı əlyazma tərtib edilmişdir. Beləliklə, cavabdehin pulu alması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbinə etiraz edərək iddiaçıdan pul almadığını qeyd etsə də, sonuncu, verdiyi izahatda iş materiallarında mövcud olan əlyazmanı özünün tərtib etdiyini bildirmişdir. Lakin cavabdeh iddiaya dair etirazını, pulu almamasını təsdiq edən halları hər hansı sübutla əsaslandırmamış, buna dəlalət edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. İstinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və 7.000 manat borcu geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin 320 manat hüquqi yardım üçün çəkilmiş xərcin cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı hazırkı mülki iş üzrə Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili ilə təmsil olunur və hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən büronun hesabına 320 manat pulun ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən məhkəmə iddianı bu hissədə əsaslı sayır. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7.000 manat pul vəsaiti və hüquqi yardım üçün çəkilmiş xərc olan 320 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 93.20 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh 93.20 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat pul vəsaiti, hüquqi yardım üçün çəkilmiş xərc olan 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93.20 (doxsan üç manat iyirmi qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar