Məhkəmə qərarları › İş №e-2(011)-4450/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4450/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4450/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 470.92 manat məbləğində əsas bоrc və 8.11 manat faiz borcu оlmaqla, cəmi 479.03 (Dörd yüz yetmiş doqquz (.03)) manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxsləri problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 03 iyun 2019 il tariхli, 100821-160866/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 496.61 (Dörd yüz doxsan altı (.61)) manat məbləğində krеdit vеrilmişdir, eyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 03 iyun 2019 il tariхli, 100821-160866/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır, zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 03 iyun 2019 il tariхli, 100821-160866/10 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur, cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər, 27 may 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 470.92 manat məbləğində əsas bоrcu və 8.11 manat faiz borcu оlmaqla, ümumilikdə 479.03 (Dörd yüz yetmiş doqquz (.03)) manat məbləğində kredit bоrcu yaranmışdır, güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür, eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır, belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 iyun 2019 il tariхli, 100821-160866/10 nömrəli Güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə illik 1 faiz olmaqla, 496,61 manat məbləğində kredit ayrılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilən kredit məbləği 496,61 azn, müddət 60 ay, faiz dərəcəsi 1%-dir. İş materiallarında olan 03 iyun 2019 il tariхli, 100821-160866/10 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zaminliklə təmin edilən öhdəlik 03 iyun 2019 il tariхli, 100821-160866/10 saylı kredit müqaviləsindən irəli gələn pul tələbidir və zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 03 iyun 2019 il tariхli, 100821-160866/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən, 470,92 manat əsas borcu, 8,11 manat faiz borcu olmaqla, cəmi 479,03 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 619 gün təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən cavabdehlərə borclarını 5 gün müddətindən gec olmayaraq ödəməsi barədə xx.xx.2022-ci il tarixli Xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixi ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 iyun 2019 il tariхli, 100821-160866/10 saylı kredit müqaviləsi əsasında cavabdeh bankdan restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə illik 1 faiz olmaqla, 496,61 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit və faiz ödəmək barədə öhdəlik götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 qız arasında zaminlik müqaviləsi bağlanmışdır, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir, cavabdehlərin 470,92 manat əsas, 8,11 manat faiz borcu olmaqla, cəmi borcu 479,01 manat təşkil edir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin (Cavabdeh2) kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 470,92 manat əsas, 8,11 manat faiz borcu olmaqla, cəmi 479,01 manat borc məbləği alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 470,92 manat əsas borc, 8,11 manat faiz borcu olmaqla, ümumilikdə 479 (dörd yüz yetmiş doqquz) manat 03 (üç) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar