Məhkəmə qərarları › İş №e-2(011)-4451/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4451/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4451/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı ASC “Xalq” Bankın nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC “Xalq” Bankın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC “Xalq” Bank Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, (kreditor) ASC “Xalq” Bank (bundan sonra “Bank” adlandırılacaq) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) əsasən, bank tərəfindən Borc alana ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzilin alınması məqsədi ilə 96 (doxsan altı) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilmək şərti ilə 42 000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2013-cü il tarixli **********90013/1 №-li Alqı-satqı və İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə ASC “Xalq” Bankı Kredit müqaviləsi üzrə bankın tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 saylı kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat, dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ASC “Xalq” Bankın xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinin ilkin satış qiymətinin 80 000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ASC “Xalq” Bankına ödənilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ASC “Xalq” Bankı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)-1769/2019 №-li qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 №-li qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 6071.66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1738.72 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin ipoteka predmeti satılmadığından onların alınması iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. İpoteka predmetlərinin alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC “Xalq” Bankı tərəfindən imzalanmış Hərracın yekunları barədə 12/04 №-li protokol və iddiaçı ASC “Xalq” Bankı ilə Hərrac təşkilatçısı arasında 15 fevral 2021-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 51000 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş 18 044.63 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2021-ci il tarixə bu məbləğ 5 005.38 manat təşkil etmişdir. İpoteka predmeti hesabına bankın tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən bankın tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklər könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası MM-nin 21, 443.2, 462, 465.2 və 528-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 18044.63 manat məbləğində xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5 005.38 manat təşkil edən penya, cəmi 23 050.01 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 159.15 manat məbləğində çəkilmiş xərclərin və 0.40 manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh ASC “Xalq” Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı ASC “Xalq” Bankın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh nümayəndəsi X3 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, dəfələrlə mənzilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiymətinə, yəni 80 000 manata müştəri tapsa da, bank tərəfindən buna razılığın verilməmiş, nəticə etibarilə bank mənzili real dəyərindən ucuz qiymətə öz balansına keçirmişdir. Odur ki, nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ASC “Xalq” Bankının Sahil filialı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Borc alana ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzilin alınması məqsədi ilə 96 (doxsan altı) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilmək şərti ilə 42 000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 fevral 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-nin direktoru ilə "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi arasında Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 56 saylı evin 3 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, mənzilin əldə olunan qiyməti 51000 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 saylı kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat, dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ASC “Xalq” Bankın xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinin ilkin satış qiymətinin 80 000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ASC “Xalq” Bankına ödənilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)-1769/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 saylı qətnaməsindən hər iki tərəf tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 №-li qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 6071.66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1738.72 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.(maddə 445.7) Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. (maddə 433.1.) Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 4.2. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Eyni qanunun 7.2-ci maddəsinə görə ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Eyni qanunun 47.4-cü maddəsinə görə bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Eyni qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Beləliklə, mülki işdə olan sübutlardan müəyyən edilir ki, ASC “Xalq” Bankının Sahil filialı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Borc alana satış qiyməti 60000 manat olan ünvan 1 ünvanında, 2ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzilin alınması məqsədi ilə 96 (doxsan altı) ay müddətinə, illik 14 % (on dörd faiz) ödənilmək şərti ilə 42 000 (qırx iki min) manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli **********90013/1 №-li Alqı-satqı və İpoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında, 2-ci mərtəbədə yerləşən 38 kv.m yaşayış sahəsindən, 22 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqlı, 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 saylı kredit müqaviləsi üzrə 33453.83 manat əsas borc, 10143.74 manat faiz borcu və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43797.57 manat, dövlət rüsumu, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ASC “Xalq” Bankın xeyrinə tutulması, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinin ilkin satış qiymətinin 80 000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ASC “Xalq” Bankına ödənilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi 56 saylı evin 3 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)-1769/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(011)-1035/2018 №-li qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 6071.66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 1738.72 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Həmin qətnamənin icra edilməsi ilə bağlı icra sənədi verilmişdir. İcra orqanının sifarişi əsasından hərrac keçirilmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-nin direktoru ilə "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi arasında hərracın yekunları üzrə əmlakın, yəni Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsində yerləşən 56 saylı evin 3 saylı mənzilinin alqı-satqısı barədə 15 fevral 2021-ci il tarixli müqavilə bağlanmış, mənzil 51000 manata iddiaçı olan banka satılmışdır. Hazırda iddiaçı Cavabdeh xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 18044.63 manat məbləğində xx.xx.2021-ci il tarixinədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5 005.38 manat təşkil edən penya, cəmi 23 050.01 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 159.15 manat məbləğində çəkilmiş xərclərin və 0.40 manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh ASC “Xalq” Bankın xeyrinə tutulmasını tələb etsə də, iddianı əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsi üzrə cavabdehin borcu məhkəmələr tərəfindən müəyyən edilmiş, cavabdehdən tutulmuş borcun ödənilməsini təmin etmək üçün ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti dəyərindən kifayət qədər aşağı məbləğə açıq hərracda satılmış, xx.xx.2013-cü il tarixli **********90013 №-li Kredit müqaviləsi üzrə mövcud olan bütün borclar (o cümlədən faizlər və dəbbə) ödənilmiş, qalıq məbləğ də cavabdehə qaytarılmışdır. Məhkəmə mülki işin faktiki hallarını və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə əsaslansa da, cavabdeh tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilmədiyindən, iddia tələbi əsaslı olmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı ASC “Xalq” Bankın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 159.15 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar