Məhkəmə qərarları › İş №e-2(011)-4486/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4486/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4486/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Cəbrayılova Bahar Muxtar qızının vərəsəsi Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsədən tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı – Cəbrayılova Bahar Muxtar qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 386 manat əsas borcu və vəfat etdiyi tarixə 5.35 manat faiz olmaqla ümumilikdə 391.35 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cəbrayılova Bahar Muxtar qızı arasında xx.xx.2020-ci il tarixli BPM**********37 nömrəli Tam kart Çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəbrayılova Bahar Muxtar qızına illik 24%-lə, 36 ay müddətinə 500 manat kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit xətti müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 256954 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Cəbrayılova Bahar Muxtar qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 513 nömrəli məktubdan görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cəbrayılova Bahar Muxtar qızının xx.xx.2023-cü ilədək Banka ödənilməmiş kart krediti üzrə 386 manat əsas borcu və vəfat etdiyi tarixə 5.35 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum Cəbrayılova Bahar Muxtar qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 11662/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək məhkəmə baxış iclasını onların iştirakı olmadan baxıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, borcla bağlı bankdan ona hər hansı bir məlumat gəlməmişdir. İddia təmin olunacağı təqdirdə yalnız hissə-hissə ödəməyə imkanı çatır. İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, borc verən "xxxx" ASC ilə borc alan Cəbrayılova Bahar Muxtar qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********37 №-li tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 24% olmaqla, 36 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan maliyyə arayışından görünür ki, Cəbrayılova Bahar Muxtar qızının banka 386 manat əsas, 5.35 manat faiz borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cəbrayılova Bahar Muxtar qızı xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan **********194 saylı ərizədən görünür ki, Cavabdeh notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş sənəddən görünür ki, xx.xx.2022-ci ildə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan **********193 saylı ərizədən görünür ki, X1 notariat ofisinə müraciət edərək, Cəbrayılova Bahar Muxtar qızından miras qalmış əmlakdan imtina etmişdir. İş materiallarında olan **********195 saylı ərizədən görünür ki, X3 notariat ofisinə müraciət edərək, Cəbrayılova Bahar Muxtar qızından miras qalmış əmlakdan imtina etmişdir. İş materiallarında olan **********196 saylı ərizədən görünür ki, X2 notariat ofisinə müraciət edərək, Cəbrayılova Bahar Muxtar qızından miras qalmış əmlakdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin arvadı Cəbrayılova Bahar Muxtar qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cəbrayılova Bahar Muxtar qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə öldüyündən icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin Cəbrayılova Bahar Muxtar qızının vərəsəsi Cavabdeh ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 386 manat əsas borcu və vəfat etdiyi tarixə 5.35 manat faiz olmaqla ümumilikdə 391.35 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən Cavabdeh 386 manat əsas borcu və vəfat etdiyi tarixə 5.35 manat faiz olmaqla cəmi 391.35 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 386 (üç yüz səksən altı) manat əsas borcu və vəfat etdiyi tarixə 5.35 (beş manat, otuz beş qəpik) manat faiz olmaqla ümumilikdə 391.35 (üç yüz doxsan bir manat, otuz beş qəpik) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cəbrayılova Bahar Muxtar qızının vərəsəsi olan Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar