Məhkəmə qərarları › İş №e-2(011)-4499/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4499/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4499/2025 22.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zuar Taleh oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh İsmayil oğluna qarşı “pul tələbi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayil oğlundan İddiaçı ASC-nin xeyrinə 12136.35 manat məbləğində əsas borcun, 1014.74 manat məbləğində faiz borcunun, 472.28 manat məbləğində cərimə borcunun, cəmi 13623.35 manat borcun və 132 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İsmayil oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 17.9% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə Nağd pul layihəsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Nağd pul layihəsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə iddiaçının nümayəndəsi V.Həsənova xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin Cavabdeh İsmayil oğlu xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, “mən, Cavabdeh İsmayil oğlu aşağıdakı siyahıda qeyd etdiyim kreditlərin tarixçəsindən (Əlavə 1) də görsəndiyi kimi, 12 ildən artıq müddətdə İddiaçı ASC-nin müsbət kredit tarixçəsinə malik müştərisi olmuşam. Bu müddət ərzində bankdan dəfələrlə yüksək faizlə kredit götürmüş, götürdüyüm bütün kreditləri vaxtından əvvəl ödəyərək müsbət maliyyə intizamı nümayiş etdirmişəm. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində bankla bağladığım 36 ay müddətli, 17.9% illik faizlə 15000 manat məbləğində Nağd pul kredit müqaviləsi üzrə ödənişlərimi xx.xx.2024 tarixinə qədər tam şəkildə və vaxtında həyata keçirmişəm. Lakin 2024-cü ilin yay aylarında əsas gəlir mənbəyim olan iş yerimi itirdiyim, eyni zamanda səhhətimlə bağlı (şəkərli diabet, hipertiroid, yüksək təzyiq və s.) ölkə xaricində müalicə almağım və işləmək imkanım olmadığı üçün gəlir əldə edə bilməmiş və maliyyə çətinliyi ilə qarşılaşmışam. Bu səbəbdən İddiaçı ASC-nin Neftçilər filialının əməkdaşı Pərviz bəylə vatsap vasitəsilə yazışaraq ödəniş müddətinin uzadılması və ya restrukturizasiya barədə yardım xahiş etmişəm. Təəssüf ki, bu istiqamətdə bank tərəfindən dəstək ala bilmədiyim üçün 2024-cü ilin oktyabr ayından etibarən kredit üzrə ödənişlərimdə gecikmələr yaranmışdır. Eyni zamanda, qeydiyyatda olduğum ünvanda yaşamadığım üçün bank tərəfindən göndərilmiş bildirişdən vaxtında xəbər tuta bilməmişəm. Daha sonra elektron məhkəmə sistemindən İddiaçı ASC tərəfindən barəmdə iddia qaldırıldığı və 12136.35 manat əsas borc, 1014.72 manat faiz, 472.28 manat cərimə olmaqla, ümumilikdə 13623.35 manat borcun və 132 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi ilə bağlı iddia ərizəsi təqdim edildiyi barədə məlumat almışam. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixində, saat 11:50-də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında (Zal N3) təyin edilmişdir. Qeyd etmək istəyirəm ki, səhhətimlə bağlı hal-hazırda da ölkə xaricində müalicədə olduğum üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyəm. İclasda mənim vəkilim Vəkil Abı oğlu iştirak edəcəkdir. Qeyd etmək istəyirəm ki, bank tərəfindən təqdim edilən iddiada borcun məbləğləri ilə bağlı ziddiyyətlər mövcuddur. Belə ki, 15000 manatlıq kreditə dair xx.xx.2025-ci il tarixində Azərbaycan Kredit Bürosundan əldə etdiyim çıxarışda (Ərizəyə əlavə olunur) əsas borc 12136.35 manat, faiz isə 1885.64 manat göstərildiyi halda, bankın müştərisi olaraq istifadə etdiyim mobil tətbiqində əsas borc 9311.80 manat, faiz isə 5035.87 manat olmaqla cəmi 14347.67 manat göstərilir. Bu isə bank tərəfindən təqdim edilmiş iddia ərizəsində istər əsas borc məbləğinin, istərsə də faiz və cərimə hissəsində rəqəmlərin şişirdildiyini və məbləğlər arasında uyğunsuzluq olduğunu göstərir. Bu uyğunsuzluqlar bank tərəfindən təqdim edilən məlumatların dəqiqliyinə şübhə yaratmaqla yanaşı, cavabdeh olaraq hüquqlarıma zərər yetirir. Bu səbəbdən iş üzrə Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, təqdim olunan borc məbləğlərinin real əsaslarla yoxlanılmasını və bu ekspertizanın nəticəsinə uyğun qərar qəbul edilməsini Sizdən xahiş edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, müqavilə üzrə məsuliyyət və öhdəliyimi qəbul edirəm, səhhətimlə bağlı əmək qabiliyyətsizliyim və gəlirsizlik şəraitim nəzərə alınmaqla, ədalətli həll üçün borcun restrukturizasiyası və yeni ödəniş qrafiki ilə bağlı barışıq sazişi imzalanması imkanının dəyərləndirilməsini təklif edirəm. Nəticə olaraq, yuxarıda qeyd olunan halları nəzərə alaraq, iddiaçı tərəfin tələblərinin əhəmiyyətli dərəcədə azaldılmasını və cavabdeh olaraq real vəziyyətim nəzərə alınaraq məhkəmənin ədalətli qərar çıxarmasını Sizdən xahiş edirəm. Hörmətlə, Cavabdeh +**********07 xx.xx.2025 Əlavə 1. Bank of Baku ASC-yə 2012-2023-cü illər üzrə tam şəkildə ödənilmiş kreditlərim (Cəmi-15000 dollar və 41.700 manat + faizlər) 1. İstehlak Krediti - 15.000 dollar -verilmə tarixi - xx.xx.2012 - tam ödənilmə tarixi - xx.xx.2015 2. Kredit kartı- 150 manat verilmə tarixi -xx.xx.2013 - tam ödənilmə tarixi - xx.xx.2014 3. İstehlak Krediti - 6000 manat -verilmə tarixi - xx.xx.2018- tam ödənilmə tarixi - xx.xx.2019 4. Kredit kartı- 400 manat - verilmə tarixi - xx.xx.2020- tam ödənilmə tarixi - xx.xx.2021 5. Kredit kartı- 400 manat - verilmə tarixi - xx.xx.2020- tam ödənilmə tarixi - xx.xx.2023 6. İstehlak Krediti – 10000 manat -verilmə tarixi - xx.xx.2020- tam ödənilmə tarixi - xx.xx.2021 7. Kredit kartı- 1000 manat - verilmə tarixi - xx.xx.2021- tam ödənilmə tarixi - xx.xx.2023 8. İstehlak Krediti - 8200 manat -verilmə tarixi - xx.xx.2021- tam ödənilmə tarixi - xx.xx.2021 9. İstehlak Krediti - 17500 manat -verilmə tarixi - xx.xx.2021- tam ödənilmə tarixi xx.xx.2023”. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli CC/16482/96/3 saylı kredit sazişindən görünür ki, həmin müqaviləyə əsasən müştəri Cavabdeh İsmayil oğluna İddiaçı ASC tərəfindən kredit xətti müqaviləsinə əsasən illik 17.90% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş, Nağd pul layihəsinə əsasən müştəriyə cari hesab və ssuda hesabı açılmışdır. Bu Müqaviləni (Sazişi) imzalamaqla Tərəflər təsdiq edir ki, kredit ödənişinin avtomatik qaydada həyata keçirilməsi üçün Müştərinin müraciəti əsasında Müştəriyə məxsus ödəniş kartının Bank tərəfindən təqdim edilən avtomatik ödəniş sisteminə qoşulması həyata keçirilə bilər. Bu formada təqdim edilən Xidmət Müştərini heç bir halda “Nağd pul layihəsi” üzrə ödənişlərin vaxtlı-vaxtında icra edilməsi və həmin ödənişlərin həyata keçirilməsinə nəzarət etməsi öhdəliyindən azad etmir. Müqavilənin qüvvədə olduğu müddət ərzində, istənilən vaxt hər hansı bir səbəbdən avtomatik ödəniş sistemi ilə ödəniş həyata keçirilməzsə və ya ödəniş qismən həyata keçirilərsə, bu zaman Müştəri tərəfindən “Nağd pul layihəsi”nin şərtlərinə müvafiq olaraq kredit üzrə ödənişlər adi qaydada həyata keçirilməlidir. İş materiallarında olan Ödəniş cədvəlindən (Əlavə №1) görünür ki, xx.xx.2024-ci il tarixdən xx.xx.2027-cı il tarixədək hər ay 541.53 manat ödənişin həyata keçirilməsi, 2 gündən 90 günədək gecikdirilmiş kreditə görə, Kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin 1 %-i miqdarında cərimə ödəyir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, 15000 manat məbləğ Cavabdeh İsmayil oğlu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İsmayil oğlunun İddiaçı ASC–yə 12136.35 manat əsas, 1014.74 manat faiz və 472.28 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh İsmayil oğluna xx.xx.2025-ci il tarixli Bildiriş ünvanlanaraq, müqavilənin birtərəfli qaydada ləğv edildiyi və 12136.35 manat əsas, 1014.72 manat faiz və 472.28 manat məbləğində cərimə borcunun dərhal qaytarılması tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 132 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli 9/3476 saylı ekspert rəyindən görünür ki, xx.xx.2024-ci il tarixdə bağlanmış CC/16482/96/3 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İsmayil oğlunun xx.xx.2025-cü il tarixə "Bank of Baku” ASC-yə olan borcu 13149.08 manat, bundan əsas borc üzrə 12135.37 manat, faiz borcu üzrə 1013.71 manat məbləğində müəyyən edilir. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh İsmayil oğlu arasında 36 ay müddətinə, illik faiz dərəcəsi 17.90 faiz olmaqla, 15000 manat məbləğində kredit verilməsini nəzərdə tutan kredit sazişi bağlanmışdır, Cavabdeh İsmayil oğlu müqavilədə nəzərdə tutulan məbləği iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas və faiz borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehlərdən tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən xx.xx.2025-cü il tarixli 9/3476 saylı ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas və faiz borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 12135.37 manat, faiz borcu üzrə 1013.71 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2024-ci il tarixdə bağlanmış CC/16482/96/3 saylı kredit xətti müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 200 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən Nağd pul layihəsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Nağd pul layihəsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İsmayil oğlundan xx.xx.2024-ci il tarixdə bağlanmış CC/16482/96/3 saylı kredit müqaviləsi üzrə 12135.37 manat əsas, 1013.71 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13349,08 manat məbləğində borc alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli və təmin edilmiş iddianın qiyməti (13349,08 manat) nəzərə alınmaqla ödənilmiş dövlət rüsumunun əvəzi kimi 130,10 manat ondan alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdə bağlanmış CC/16482/96/3 saylı Nağd pul layihəsi müqaviləsi üzrə 12135.37 manat əsas, 1013.71 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13349 (on üç min üç yüz qırx doqquz) manat 08 (səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (yüz otuz) manat 10 (on) qəpik Cavabdeh İsmayil oğlundan alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh İsmayil oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar