Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-450/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.320 manat əsas borc məbləği, 1.500 manat faiz borcu, hüquqi xidmət üçün 1.000 manat pul məbləği və 122,83 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10.942,00 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 1 ildən uzun bir müddət idi ki, dostluq münasibəti mövcud idi. 2023-cü ilin yay aylarından başlayaraq cavabdeh tərəfindən müxtəlif bəhanələrlə iddiaçıdan borc pul məbləğləri istənilməyə başlanmışdır. Cavabdeh istədiyi borc məbləğlərini qısa bir müddət ərzində ödəyəcəyinə dair vədlər vermiş, buna baxmayaraq, yeni bəhanələr söyləyərək iddiaçıdan pis vəziyyətdə olduğunu bildirərək yeni borc məbləğləri istəməyə davam etmişdir. Təqdim olunan borc məbləğlərinin bir qismi kart vasitəsilə cavadehin kart hesabına göndərilmiş, bir qismi isə fiziki olaraq təqdim edilmişdir. İlk borc məbləğinin verilməsi xx.xx.2023-cü il tarixindən başlanılmışdır. Daha sonra mütəmadi olaraq 24 iyun 2023, 06 iyul 2023, 11 iyun 2023, 21 iyul 2023, 31 iyul 2023-cü il, 09 oktyabr tarixlərində də müəyyən məbləğlər borc olaraq verilmişdir. Qeyd olunan tarixlərdə verilmiş məbləğlərin ümumi həcminin tezliklə qaytarılacağına dair yalan vədlər verilsə də, cavabdeh tərəfindən borcun qaytarılmasına dair hər hansı bir hərəkət müşahidə edilməmişdir. Borcun qaytarılması ilə bağlı cavabdehin atası da müəyyən vədlər vermiş, lakin cavabdehin atası tərəfindən də borcun verilməsinə dair bir hərəkət müşahidə edilməmişdir. Eyni zamanda cavabdehlə iddiaçının nümayəndəsi və vəkili olaraq Vəkil da görüşərək borc məbləğinin nə zamana qaytarıla biləcəyinə dair şifahi müzakirələri apararaq, yaxın günlər ərzində ödənəcəyinə dair vədlər alsa da, artıq 1 aya yaxın bir müddətdir ki, borc məbləğlərinin ödənilməsinə dair hər hansı bir hərəkəti müşahidə edilməmişdir. Yuxarıda qeyd olunanlara dair sübutlar “whatsapp” tətbiqi vasitəsilə qeydə alınan yazışmalar, səs yazılarıdır. Sözügedən yazışmalar və səs yazıları materiallara əlavə olunaraq məhkəməyə təqdim olunur. Cavabdeh özü borcun olduğunu təsdiq edərək tezliklə ödəyəcəyini bildirmiş, borcun olduğunu etiraf etmişdir. Bütün bu müddət ərzində iddiaçı borc məbləğinin geri tələb edilməsi ilə bağlı güclü psixoloji sarsıntılar keçirmiş, pulun geri alına bilməyəcəyinə dair qorxulara qapılmış, stres yaşamışdır. Bununla bağlı sağlamlıq kağızları da məhkəməyə təqdim olunan materiallara əlavə olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və göstərmişdir ki, cavabdeh iddiaçıdan 2023-cü ilin noyabr ayından 2024-cü ilin sentyabr ayınadək müxtəlif məbləğlərdə borc pullar almışdır, lakin bu günədək 100 manat məbləği istisna olmaqla, başqa pul vəsaiti geri qaytarmamışdır. Sual-cavab zamanı o bildirmişdir ki, tərəflərin arasında faizlə bağlı razılaşma olmamışdır. Cavabdeh pulu vaxtında qaytarmadığına görə iddiaçı məhz bu məbləğdə faiz tələb edir. Sual-cavab zamanı o bildirmişdir ki, iddiaçı cavabdehə borc pulları həm nağd həm də bank köçürmələri ilə ödəmişdir. Bank vasitəsilə ödədiyi pulları bank sənədlərində qələmlə qeyd etmişdir. İddiaçı bank vasitəsilə cavabdehə xx.xx.2023-cü il tarixdə 223 manat, xx.xx.2023-cü il tarixdə 110 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 1.369,11 manat təşkil edən 2.500 avro, xx.xx.2023-cü il tarixdə 51 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 56 manat pul ödəmişdir. Qalan məbləğ isə nağd ödənilmişdir. O, xx.xx.2023-cü ildə cavabdehə 2.000 avro pulu nağd qaydada ödəmişdir. Cavabdehin qaytardığı 100 manat pul məhkəməyə iddia verilənədək olan məbləğdir və iddia tələbində borc kimi qeyd olunmayıb. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul edərək bildirmişdir ki, o həqiqətən də iddiaçıdan borc məbləğləri almışdır. Lakin borcların dəqiq tarixi və həcmini xatırlamır. O, əvvəlcə bildirmişdir ki, iddiaçıya təxmini 6.500-7.000 manatadək borcu var. Daha sonra o bildirmişdir ki, iddiaçıdan 5.500 manatadək borc almışdır. Daha sonra o bildirmişdir ki, iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 6.000 manat borc almışdır və 6.000 manat məbləğində cavabdehə borcu var. Ümumi borcdan məhkəməyədək dövrdə 100 manat pul qaytarmışdır. İddiaçı ilə faizin ödənilməsi barədə hər hansı razılaşması olmamışdır. O, iddia məbləği ilə razı olmadığını, heç vaxt iddiaçıdan 8.000 manat və daha artıq borc almadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3-cü maddəsinə əsasən Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, tərəflər arasında şifahi borc münasibətlərinin olması işin mübahisəsiz halıdır. İşin araşdırılması zamanı iddiaçının təqdim etdiyi bank sənədləri tədqiq edilmiş, onun təqdim etdiyi səs yazıları və şəkillərə baxış keçirilmişdir. Məhkəmə iş üzrə toplanılmış bütün sübutları nəzərdən keçirərək, qeyd edir ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 8.320 manat pulun borca verilməsi iş materialları ilə tam sübuta yetirilmir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda verilmiş borc – iş materialları ilə sübuta yetirildiyi həcmdə, yəni 7.000 manat həcmində müəyyən edilərək cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, tərəflərin arasında yaranmış borc münasibətlərində iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda birdəfəlik şəkildə həcmi 3.000 manatdan artıq olan borc məbləğinin verilməsi iş materialları ilə təsdiq olunmadığından, hazırki mübahisəyə əsassız varlanma deyil, borc münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Ümumilikdə ayrı-ayrı vaxtlarda miqdarı 3.000 manatdan az olmaqla, cəmi 7.000 borcun iddiaçı tərəfindən cavabdehə verildiyi sübuta yetirildiyindən həmin hissədə iddia təmin edilərək, 7.000 manat pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı cavabdehə 8.320 manat borcun verildiyini iddia etsə də, lakin borcun həcminin cəmi 8.320 manat olması işin halları ilə müəyyən olunmur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, borcun faizlə qaytarılmasını şərtləndirən halların mövcudluğu iş materialları ilə təsdiq olunmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının hüquqi xidmət üçün çəkilmiş 1.000 manat pul məbləğinin cavabdehdən tutulmasına dair hissəsinə də hüquqi qiymət verərək, hesab edir ki, xərcin mövcudluğunu təsdiq edən ödəniş sənədləri məhkəməyə təqdim olunmadığından, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 7.000 (yeddi min) manat məbləğində pul məbləği və 90 (doxsan) manat dövlət rüsumu olmaqla, cəmi 7.090 (yeddi min doxsan) manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-450/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-450/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver