Məhkəmə qərarları › İş №e-2(011)-451/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-451/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-451/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 2184 AZN (iki min yüz səksən dörd manat), cərimə borcu 180,64 AZN (yüz səksən manat 64 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 44,05 AZN (qırx dörd manat 05 qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 2408.69 AZN (iki min dörd yüz səkkiz manat 69 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti 2740 AZN (iki min yeddi yüz qırx manat) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 026-EMB-0912-22 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 4.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixinə əsas borcu 2184 AZN (iki min yüz səksən dörd manat), faiz borcu 0 AZN (sıfır manat), cərimə borcu 180,64 AZN (yüz səksən manat altmış dörd qəpik) olmaqla ümumi borcu 2364,64 AZN (İki min üç yüz altmış dörd manat altmış dörd qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 1590/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydi aparılmaqla pretenziya (xəbərdarlıq) məktubunun bizdən asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi, cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, BOKT "xxxx" QSC -yə 2184 AZN əsas borcu olmasını etiraf etmiş, iddia tələbini cərimə hissədə qəbul etmədiyini qeyd etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 026-EMB-0912-22 saylı müqavilədən görünür ki, “Borcverən” (BOKT "xxxx" QSC) “Borcalan”a (Cavabdeh) "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər)i almaq məqsədi ilə 2740 AZN (iki min yeddi yüz qırx manat) məbləğində istehlak kredit vermayi öhdəsinə götürür, bu Müqaviləyə əsasən alınmış Yumşaq dəst 020 Madeyra / 260019 Mega X Dəst 1 (bir) ədəd, Digər 020 Madeyra / 1631** ST ***0 - Yağmur 2 (iki) ədəd, Yataq dəsti 020 Madeyra / 892161 Luna 1 nəfərlik çarpayı 2 (iki) ədəd, Döşəklər 020 Madeyra/009172 900 x 2000 x 160 Ecosoft 900 x 2000 x 160 Ecosoft 2 (iki) ədəd (bundan sonra “Girov Predmeti”) “Borcverən”in xeyrinə girov qoyulur. “Girov Predmeti” “Borcalan”da qalır, Kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 0% (annuitet qaydasında) hesablanmaqla 18 ay müddətinə verilir, Kreditin faktiki illik faiz dərəcəsi 0%-dir, bu Müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğləri yalnız “Borcverən”in ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cadvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələri (ödəniş terminalları, onlayn ödənişlər) ilə ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/694 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 026-EBM-0912-22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" BOKT QSC-yə maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə olan borcu əsas borc üzrə 2184 manat, faiz borcu üzrə 0 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin Xətai rayon Məhkəməsinə verilməsi üçün 43,65 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, BOKT "xxxx" QSC və Cavabdeh arasında bağlamış xx.xx.2022-ci il tarixli 026-EMB-0912-22 saylı Krеdit Müqaviləsinə görə sonuncuya illik 0% olmaqla 18 ay müddətinə 2740 manat məbləğində istehlak krediti verilmişdir, müqaviləyə əsasən, borcalan müqavilə və ödəniş cədvəlinə uyğun olaraq ödəniş məbləğlərini vaxtında ödəmək vəzifəsini öz öhdəsinə götürmüşdür, iddiaçı öz vəzifələrini yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri etməməklə - müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda onun iddiaçıya 2184 manat əsas, 0 manat faiz borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur, cavabdeh iddia tələbini qismən qəbul edərək 2184 manat əsas borcu olduğunu etiraf edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın həmin hissədə əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən Cavabdeh əsas borcu hissədə etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2022-ci il tarixli 026-EMB-0912-22 saylı müqavilə üzrə 50 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 746-2.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Həmin Məcəllənin 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 026-EMB-0912-22 saylı kredit müqaviləsinə əsasən, 2184 AZN əsas, 50 AZN cərimə borcu olmaqla, cəmi 2234 AZN borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş hissəsi (2234 manat) nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42,34 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçı, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatıın dəyərini təşkil edən 100 manat Məhkəmə Ekspertiza Mərkəzinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 026-EMB-0912-22 saylı müqaviləyə əsasən, 2184 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 2234 (iki min iki yüz otuz dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 34 (otuz dörd) qəpik məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim : Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar