Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4519/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8 il üzrə illik bank faizi olaraq 186.000 manat (300.000 x 7,75% x 8 = 186.000), 8 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 116,8% təşkil etdiyini nəzərə alaraq 350.400 manat (300.000 x 116,8% = 350.400) və ödənilmiş 826,4 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli icra qeydinə əsasən cavabdeh 300.000 manat məbləğində pul vəsaitini iddiaçının xeyrinə ödəməlidir. Cavabdeh xx.xx.2012-ci il tarixli borc müqaviləsi üzrə verilmiş xx.xx.2014-cü il tarixli icra qeydini qərəzli olaraq icra etməkdən yayınmışdır və hal-hazırda onun tələbkara 290.000 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixində borclu barəsində icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İddiaçı iş üzrə tələbkar kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, borclu cavabdeh icra sənədi üzrə pulu qərəzli olaraq ödəməkdən yayındığına görə zəruri tədbirlər görülməsi və onun Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunması barədə təqdimat verilməsini xahiş etmişdir. İcra məmuru cavab məktubu ilə bildirmişdir ki, ”... icraata başlamaq haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sənədin notariusun icra qeydi olması səbəbindən, cavabdehin Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimatın verilməsi mümkünsüzdür”. iddiaçı icra məmurunun bu cavabını qanunsuz hesab edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin olunmamışdır. İddiaçının bununla bağlı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 7 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilmədən saxlanılmışdır. İddiaçı şikayət ərizəsi ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında göstərilən hallar nəzərə alınması, bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə R. Səlimovun şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi qərara alınmışdır. Cavabdeh 300.000 (üç yüz min) manat borc verilməsi barədə xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2014-cü il tarixli 7e/40553 reyestrli icra qeydini qərəzli olaraq icra etməkdən (pulu ödəməkdən) yayındığından iddiaçıya maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012ci il tarixli borc müqavilə üzrə cavabdeh 300.000 (üç yüz min) manat əsas borcunu vaxtında qaytarmadığına görə 8 (səkkiz) il üzrə illik bank faizi 7,75% olaraq 186.000 (bir yüz səksən altı min) (300.000 x 7,75% x 8=186.000) manat, 8 (səkkiz) il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 116.8 % (faiz) təşkil etdiyini nəzərə alaraq (300.000 x 116.8 %=350.400) 350.400 (üç yüz əlli min dörd yüz) və ödənilmiş 826,4 (səkkiz yüz iyirmi altı manat qırx qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2024-cü il tarixli qərardadında hüquqi mövqeyinə mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin vəzifə və prinsipləri sırasında təsbit edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 və 6-cı maddələri). Qeyd olunalara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, icra qeydi üzrə borc ödənilmədiyi təqdirdə İddiaçı öhdəliyin icra edilməməsi, dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ istisna edilmir. İkincisi, tərəflər arsaında bağlanmış borc (kredit) müqaviləsinə görə cavabdeh (Borc alan) borcu (krediti) 2014-cü ilə kimi bütöv şəkildə iddiaçıya (Borc verənə) qaytarmağı öhdəsinə götürmüşdü, lakin üzərindən 8 (səkkiz) il keçmiş cavabdeh hələ də borcu geri qaytarmamışdır. Üçüncüsü, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli borc müqavilə üzrə cavabdeh 300.000 (üç yüz min) manat əsas borcunu vaxtında qaytarmadığına görə 8 (səkkiz) il üzrə illik bank faizi olaraq 186.000 (bir yüz səksən altı min) (300.000 x 7,75% x 8=186.000) manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Dördüncüsü, Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinin məktubuna əsasən 8 (səkkiz) il üçün İnflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 116.8 % (faiz) təşkil etmişdir. 8 (səkkiz) il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 116.8 % (faiz) təşkil etdiyini nəzərə alaraq (300.000 x 116.8 %=350.400) 350.400 (üç yüz əlli min dörd yüz) manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beşincisi, iddiaçı tərəfindən ödənilmiş 826,4 (səkkiz yüz iyirmi altı manat qırx qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən 8 il üzrə illik bank faizi olaraq 186.000 manat (300.000 x 7,75% x 8 = 186.000), 8 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 116,8% təşkil etdiyini nəzərə alaraq 350.400 manat (300.000 x 116,8% = 350.400) və ödənilmiş 826,4 manat dövlət rüsumunun, ümumilikdə 537.226,4 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, borc cavabdeh tərəfindən uzun müddətdir ki, artıq icra edilmişdif. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 həmçinin iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli borc müqaviləsinə istinad edilmişdir. Eyni tələblə iddiaçı hələ 2019-cu ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 16/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iddia tələbi belə olmuşdur: cavabdeh keçmiş hakim Cavabdeh hər dəfə 300.000 manat olmaqla iki dəfəyə, cəmi 634.000 manat olmaqla pul vermiş, 25 mart 2013-cü ildə aldadıldığını başa düşüb Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət etmişdir. Sonra qeyd olunan cinayət əməlini hüquq mühafizə orqanlarından yayındırmaq məqsədi ilə qrup üzvü Elman Məmmədov vasitəsi ilə vurulmuş ziyanın 250.000 manat məbləğində hissəsi ona qaytarılmış, qalan 384.000 manat məbləğində pul vəsaiti isə qaytarılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin qərarından da göründüyü kimi təqsirləndirilən Cavabdeh onu tanımış, Bakı şəhərində və paytaxta yaxın rayonlarda qaz, su və işıq idarələrinin birinə müdir vəzifəsinə təyin olunmaq üçün ona müraciət etmiş, bu məqsədlə onunla birlikdə 50-ə yaxın yüksək vəzifəli şəxslərlə görüşmüşdür. Nəticədə onu aldadaraq Bakı şəhərində yeni yaradılan Pirallahı rayonuna icra başçısı təyin etdirməyə söz vermişdir. Həmin rayona xx.xx.2013-cü ildə başqasının təyinatı olduğu üçün o, Cavabdeh verdiyi pulu tələb etməyə başlamışdır. Pulunun bir hissəsini – 300.000 manat və 334.000 manat qaytarılması haqqında Gəncə Ağır Cinayətlər Məhkəməsində geniş araşdırma aparılmış, xx.xx.2011-ci il tarixdə öz xətti ilə ondan 300.000 manat borc pul alması barədə qəbz yazdığını, xx.xx.2012-ci ildə isə yenə də ondan 300.000 manat borc alması barədə notarial qaydada təsdiqlənmiş müqavilə imzaladığını etiraf etmişdir. Həmin məbləğdən 250.000 manat pul 16-cı PB-də şikayəti əsasən ilkin olaraq ona ödənilmişdir. Qeyd olunan məsələlərə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə qiymət verilərək ona vurulmuş ziyanın 300.000 manatının ödənilməsi, qalan hissəsinin isə ödənilmədiyi göstərilmişdir. Bu əsasla hesab edir ki, iş materiallarında olan və tərəfindən yazılmış «Mənə dəymiş ziyan təqsirləndirilən Cavabdeh tərəfindən ödənilibdir və mənim Cavabdeh heç bir şikayətim yoxdur» məzmunlu ərizələr aldatmaq yolu ilə yazdırılmış və məhkəmə tərəfindən sübut növü kimi qəbul edilə bilməz. Həmçinin qeyd olunan cinayət işi davam edə-edə 6 saylı notariat kontoru tərəfindən göstərilən borc müqaviləsinə əsasən 7E/553 saylı xx.xx.2014-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinin icrasına başlanılmışdır. O, Cavabdeh pul verdiyi tarixdə manatın ABŞ dollarına məzənnəsi 0,78 manat idi. Hazırda isə 1 ABŞ dolları 1,73 manatdır. Belə olan halda onun zərərə düşməyi açıqaşkar görsənir. Bu halda ona ödənilməli pul 334.000 manat deyil, 740.794,81 manat olmalıdır. Cavabdeh pulu ondan 2012-ci ilin dekabr ayından aldığından və cavabdehin borcu könüllü ödəmək fikri olmadığından hazırki məhkəmə mübahisəsi 2016-cı ilin sonundan tez icra oluna bilməz. Bu əsasla da cavabdehdən həmin məbləğə görə ildə 5% olmaqla 4 il üçün 20% məbləğində də pul tutulmalıdır. Həmin məbləğ isə 60.000 manat təşkil edir. Lakin həmin məbləğdən bu günədək 2018-ci ilin oktyabr ayında 10.000 manat ödənilmişdir. Bundan əlavə Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın dəyəri kimi 10.000 manat pul məbləği də ödənilməlidir. Belə ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində cinayət işinin istintaqı və məhkəmə zamanı o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Eyni zamanda o, cavabdehdən pulunun alınması üçün 120 manat təyyarə bileti, 10 ədəd 11 manatlıq qatar bileti, 6 ədəd 22 manatlıq qatar bileti əldə etmiş, qatar biletləri cəmi 242 manat, 160 manat mehmanxana xərcləri, 3.000 manat hüquqi xidmət haqqı ödəmişdir. Hüquqi xidmətlərin ödənilməsi üçün 1.463,5 manatlıq qəbzlər də vardır. Həmçinin o, 2012-ci il tarixdə işsiz olmaqla iş axtarmışdır. Cavabdehin ona verdiyi işə düzəltmə vədi ilə 2013-cü ilin əvvəllərindən tam inamsızlıq formalaşdığından həmin tarixdən bu günədək o, cavabdehə verdiyi pulları almaq üçün bütün vaxtını hüquq mühafizə orqanlarında sərf etmişdir. Belə olduğu təqdirdə qazanc əldə etməmişdir. O, 6 il vaxtını pulunu geri almaq üçün sərf etmişdir, ən azı hər ay 1.000 manat qazana bilərdi, bu isə 72.000 manat təşkil edir. Bundan başqa başqalarına bahalı hədiyyələr almaq adı altında Cavabdeh ondan 34.000 manat dəyərində hədiyyələr almışdır. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2820/2020 saylı qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmiş cavabdehdən məhkəmə xərcləri qismində iddiaçının çəkdiyi məsrəflər tutulmuşdur. Yəni göründüyü kimi, iddiaçı hazırki tələblə artıq 2019-cu ildə məhkəməyə müraciət etmiş və qanuni qüvvəsini almış qətnamə mövcuddur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı 300.000 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Sonuncu pul vəsaitini qəbul etməklə, xx.xx.2014-cü il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. İş materilallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1307/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1.500 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsini qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-16/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 “pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2820/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-16/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi qismən (məhkəmə xərclərinə aid hissədə) ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmişdir, iddia tələbinin məhkəmə baxşı zamanı çəkilən xərclər – 4.965,5 manat hissəsində qismən təmin edilərək Cavabdeh 2.528 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 3M-1611 reyestrli borc müqaviləsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2012-ci il tarixli borc müqaviləsinə əsasən, İddiaçı 300.000 manat məbləğində pul vəsaitini Cavabdeh borc vermişdir. Sonuncu pul vəsaitini qəbul etməklə, xx.xx.2014-cü il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixdə İddiaçı tərəfindən notariat kontoruna ərizə ilə müraciət edilərək, borc müqaviləsinin müddəti qurtardığından, icra qeydinin aparılması xahiş edilmişdir. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu X4 tərəfindən aparılmış icra qeydinə əsasən, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2014-cü il tarixədək ödənilməmiş 300.000 manat pul tutulmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-04/2016 saylı xx.xx.2016-cı il yekun qərarının surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(088)-19/2015 saylı hökmü ilə Cavabdeh, X3 və X1 Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, o cümlədən Cavabdeh 7 il, X1 7 il və X3 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hər üç təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, E.İ.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmaqla cəzasının əvvəlinin xx.xx.2013-cü ildən, T.T.Süleymanov barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmaqla cəzasının əvvəlinin xx.xx.2014-cü ildən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmaqla cəzasının əvvəlinin xx.xx.2015-ci ildən hesablanması və s., həmçinin təqsirləndirilən Cavabdeh CM-nin 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə CM-nin 312-ci maddəsinin “Qeyd” hissəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməklə barəsində həmin hissədə cinayət təqibinə xitam verilməsi və s. hökm edilmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci ildə borc müqaviləsi bağlamışlar. Borc müqaviləsinə əsasən, İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixədək qaytarılmaq şərtilə 300.000 manat pul vəsaiti Cavabdeh verilmişdir. Sonradan borc müqaviləsi üzrə götürülmüş öhdəlik cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün iddiaçı icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmiş və müvafiq icra qeydi aparılmışdır. Hazırda iddiaçı borcun vaxtında cavabdeh tərəfindən qaytarılmamasını bildirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 8 il üçün illik 7.75% bank uçot dərəcəsi üzrə dəymiş 186.000 manat maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə həmin tələbə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Həmin qərarda qeyd edilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, cavabdehin borcdan faydalanması halların mövcud olması məhkəmə araşdırılması zamanı sübut etmədiyindən, iddia göstərilən hissədə əsassızdır və təmin edilməməlidir. İddiaçının digər tələbi isə ondan ibarət edir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinin 116,8% təşkil etdiyi nəzərə alınaraq, 8 il üçün 350.400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, qanunvericilikdə pul məbləğlərinin müvafiq indeksasiyası yalnız məhkəmə qətnaməsi əsasında tutulmalı olan pulun icra mərhələsində həyata keçirilir. Odur ki, məhkəmə hesab edir ki, tələb notariusun icra qeydinə əsaslandığından, qeyd edilmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı - cavabdehdən 8 il üzrə illik bank faizi olaraq 186.000 manat (300.000 x 7,75% x 8 = 186.000), 8 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 116,8% təşkil etdiyini nəzərə alaraq 350.400 manat (300.000 x 116,8% = 350.400) və ödənilmiş 826,4 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4519/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4519/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver