Məhkəmə qərarları › İş №e-2(011)-4520/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4520/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4520/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. "xxxx" ASCilə X8 arasında xx.xx.2018-ci il tarixli BPM**********38 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 29 faizlə 48 ay müddətinə 2100 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 169878 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 636 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X5 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə X6 verilmiş 30/77104 qeydəalma nömrəsi ilə 516 nömrəli kitabın 77104-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir.

2. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1168.81 manat əsas borc olmaqla, cəmi 1168.81 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31.69 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir.

3. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2- 5562/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

İddiaçının tələbi:

4. X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1168.81 manat əsas borc olmaqla, cəmi 1168.81 manat borcunun və ödənilmiş 31.69 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh əsas borc üzrə 1168,81 manat, faiz borcu üzrə 16,04 manat olmaqla cəmi 1184,85 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 31,85 manat dövlət rüsumu və 0,80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, ABB ilə X8 arasında bağlanmış kredit müqaviləsinə əsasən ona illik 29% dərəcəsi ilə 48 ay müddətinə 2100 manat kredit verilmişdir. Daha sonra müqavilə tərəfi xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən onun vərəsələri ilə bağlı notariat ofisinə sorğu verilmiş və müəyyən edilmişdir ki, hazırki Cavabdeh X5 vərəsəsi olmaqla miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan 2 otaqlı mənzildir. Borclunun vərəsəsi müəyyən edildikdən sonra ona borc barədə xəbərdarlıq göndərilmiş, lakin heç bir ödəniş bu günə qədər həyata keçirilməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. İddiaçının nümayəndəsi məhkəmədən cavabdehdən əsas borc üzrə 1168,81 manat, faiz borcu üzrə 16,04 manat və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, onun mərhum əri kredit götürmüşdür. Onun əri 2021-ci ildə vəfat etmişdir, 3 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə etiraz edir. Pensiya almır, ərinin pensiyası da ona yönəldilməmişdir ki, pensiyadan tutulmalar şəklində borc aparılsın. Cavabdeh bildirmişdir ki, borcun ödənilməsi üçün hazırda maddi imkanı yoxdur.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. "xxxx" ASC ilə X8 arasında bağlanmış 06.112018-ci il tarixli BPM**********38 saylı kredit müqaviləsinə əsasən, X6 48 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2100 manat məbləğdə kredit verilmişdir. (xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən aylıq ödəniş məbləği 74,40 manat təşkil etməlidir).

9. İş materiallarına əlavə edilmiş Maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 1168,81 manat əsas borcu mövcuddur.

10. ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6-2- 22/2-35852/2023 nömrəli bildirişə (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, BPM**********38 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X5 vərəsəsi Cavabdeh 1184,85 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Borc məbləğinin ödənilməsini 5 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

11. AZ-İİ 169878 №li Ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2021-ci il tarixdə Gürcüstan Respublikası Marneuli, Kvemo-Kartli rayonunda bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

12. xx.xx.2021-ci ildə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilən Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak- ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan 2 otaqlı mənzildən ibarətdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış 06.112018-ci il tarixli BPM**********38 saylı kredit müqaviləsi bağlanmış, (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2).

17. Daha sonra X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, iş üzrə Cavabdeh 28.102021-ci il tarixində 2V-334 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən Cavabdeh X5 vərəsəsi olaraq mərhumun öhdəlikləri üzrə məsuliyyət daşıyır.

18. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 vərəsəsi Cavabdeh xx.xx.2018-ci il tarixli BPM**********38 saylı kredit müqaviləsinə əsasən 1168,81 manat əsas, 16,04 manat faiz, ümumilikdə 1184,85 manat məbləğində borc ”Azərbaycan Beynəlxalq Bank” ASC -nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,85 (otuz bir manat səksən beş qəpik) manat və bank xidmət haqqının əvəzi olaraq 0.8 (səksən qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh (X5 vərəsəsi) xx.xx.2018-ci il tarixli BPM**********38 saylı kredit müqaviləsinə əsasən 1168,81 (min yüz altmış səkkiz manat səksən bir qəpik) manat əsas, 16,04 (on altı manat dörd qəpik) manat faiz, ümumilikdə 1184,85 (min yüz səksən dörd manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”Azərbaycan Beynəlxalq Bank” ASC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 31,85 (otuz bir manat səksən beş qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının əvəzi olaraq 0.80 (səksən qəpik) manat pul vəsaiti Cavabdeh (X5 vərəsəsindən) tutularaq iddiaçı ”Azərbaycan Beynəlxalq Bank” ASC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar