Məhkəmə qərarları › İş №e-2(011)-4537/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4537/2024

12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4537/2024 12.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib Cavabdeh iddiaçının xeyrinə 54.000 manat əsas borc məbləği, Azərbaycan Respublikası Milli Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçotunun dərəcəsinə uyğun olaraq illik 5% olmaqla 6.750 manat məbləğində, ümumi 60.750 manat məbləğində və iddiaçı tərəfindən ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin iyul ayında özünə ev almaq qərarına gəlmişdir. Bu səbəbdən “Bina.az” sosial şəbəkəsinə daxil olaraq elanlara baxmışdır. Elanlara baxdığı zaman Nizami rayonu, “Ayla” şadlıq sarayının arxa hissəsində 3 otaqlı, dəyəri 135.000 manat təşkil edən həyət evinin satıldığını görmüşdür. Bu səbəbdən elanda olan (050) *** ** ** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs adının Cavabdeh olduğunu bildirmiş, evin qohumunun olduğunu, həmin şəxsin hal-hazırda ölkə hüdudlarından kənarda olduğunu və evin satılmasının ona tapşırıldığını bildirmişdir. İddiaçı həmin şəxslə bir qədər danışdıqdan sonra evə baxmaq qərarına gəlmişdir. Evə baxmağa getdiyi zaman ünvanda Cavabdeh iddiaçını qarşılamış, həmçinin də Farizin yanında anası olan qadın da olmuşdur. İlkin danışıq zamanı Fariz evin ipotekada olduğunu bildirmiş, 64.200 manat vəsaitin özünə istədiyini, geri qalan məbləği ipotekanın isə iddiaçının adına keçiriləcəyini vəd vermişdir. Bir müddət fikirləşdikdən sonra iddiaçı evi almaq qararına gəlmişdir. Вu səbəbdən Farizlə razılaşaraq 64.200 manat ödəyib ipotekanı öz adına keçirtməyə razılaşmışdır. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin iyul ayınadək iddiaçı Cavabdeh Nizami rayonu ərazisində müxtəlif yerlərdə pullar ödəmişdir. Sonuncu ödədiyi məbləğ isə 2022-ci ilin iyul ayında o dövrdə yaşadığı Nizami rayonu, “Star” idman mərkəzinin arxasında yerləşən məhlədə vermişdir. Ümümilikdə həmin dövr ərzində iddiaçı Cavabdeh 54.000 manat pul ödəmişdir. 54.000 manatdan ibarət pul vəsaitini Farizə dedikdən sonra banka gedərək ipotekanı artıq adına keçirmək lazım olduğunu bildirmişdir. Bu səbəbdən onlar görüşərək Səbail rayonu ərazisində yerləşən “Bank Respublika”nın baş ofisinə getmişlər. Orada olan zaman Cavabdeh evin satılmasına görə ona verilmiş etibarnamənin ləğv olunduğu müəyyən etmişdir. Fariz iddiaçıya tezliklə yenidən etibarnamə veriləcəyini bildirərək gözləməyini bildirmişdir. İddiaçı cavabdehin səmimiyyətinə inanaraq onunla razlaşmışdır. Lakin həmin gündən sonra iddiaçı dəfələrlə Farizlə əlaqə saxlasa da müxtəlif bəhanələr gətirərək iddiaçı ilə görüşməkdən boyun qaçırmışdır. İndi isə ümümiyyətlə iddiaçının mobil telefonlarına cavab vermir. Nəhayət bu faktla bağlı iddiaçı Nizami rayonu 25 saylı Polis Şöbəsinə müraciət etmişdir. Lakin materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Yazdıqlarından göründüyü kimi iddiaçıya aid olan 54.000 manat qanunsuz olaraq cavabdehdədir. Həmin faktların danılmaz sübutu aralarında olan çoxsaylı “Whatsapp” yazışmalarıdır və cavabdeh tərəfindən Nizami rayonu 25 saylı Polis Şöbəsinə verdiyi izahatıdır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Hesab edir ki, cavabdehdən faiz borcu tutulmalıdır. Eləcə də hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun məbləği də tutulmalıdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 47.200 manat əsas borc məbləği və iddiaçı tərəfindən ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ev almaq qərarına gəlmiş, bu səbəbdən internetdə yerləşdirilmiş elanda olan cavabdehin istifadəsindəki mobil nömrə ilə əlaqə saxlamışdır. İddiaçı cavabdehin yerləşdirdiyi elandakı evi almaq niyyətini bildirmiş, bundan sonra cavabdehlə aralarında olan razılaşma əsasında evin alınması üçün iddiaçı cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 52.200 manat ödəmişdir. Cavabdeh həmin puldan yalnız 5.000 manatı iddiaçıya qaytarmış, qalan məbləği ödəməmiş, evin alınması ilə bağlı aralarında olan razılaşmaya da əməl etməmişdir. İddiaçı hüquqlarının bərpası ilə əlaqədar hüquq-mühafizə orqanına müraciət etmişdir. Nizami RPİ-nin 25-ci PŞ tərəfindən 29 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh polis orqanında verdiyi izahatda faktiki olaraq iddiaçıya 47.200 manat borclu olduğunu etiraf etmişdir. İddiaçı hazırda mənzili əldə edə bilmədiyindən ödədiyi məbləği cavabdehdən tələb edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mənzilin alınması ilə bağlı şifahi razılaşma olmuş, iddiaçı bu məqsədlə cavabdehə ümumilikdə 52.200 manat pul vermiş, cavabdeh həmin məbləğdən 5.000 manatı iddiaçıya qaytarmış, qalan 47.200 manatı qaytarmamışdır. Cavabdehin iddiaçıya 47.200 manat məbləğində borcunun olması polis orqanında verdiyi izahatda onun özü tərəfindən də etiraf edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında şifahi razılaşma əsasında alğı-satqı müqaviləsinin bağlanması barədə razılığa gəlinmişdir. İddiaçı bu razılığın qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsi üçün üzərinə düşən öhdəlik olaraq pulun ödənilməsini həyata keçirmiş, lakin cavabdeh mənzillə bağlı qanun üzrə hərəkət edə bilmədiyindən, yəni mənzili iddiaçıya satmaq səlahiyyətinə sahib olmadığından razılaşma baş tutmamışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Odur ki, iddiaçı ona dəymiş ziyanı tələb etməkdə haqlıdır. Belə olan halda iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh iddiaçıdan aldığı 47.200 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumu 231.60 manatdır. İddiaçı 270 manat dövlət rüsumunun ona qaytarılmasını tələb etsə də iş materiallarında ola qəbzdən görünür ki, iddiaçı tərəfindən 99.60 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının ödədiyi 99.60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 47.200 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99.60 manat tutularaq İddiaçı, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 manat cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 47.200 (qırx yeddi min iki yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99.60 (doxsan doqquz manat altmış qəpik) manat tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun kəsr hissəsini təşkil edən 132 (bir yüz otuz iki) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar