Məhkəmə qərarları › İş №e-2(011)-4538/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4538/2022

28.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4538/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı cavabdehlərdən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəyən 50.491,00 (əlli min dörd yüz doxsan bir) manat pulun maddi zərərə görə, 10.000 manat pulun isə mənəvi zərərə görə ümumilikdə 60.491 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəyən 50.491,00 (əlli min dörd yüz doxsan bir) manat pulun maddi zərərə görə, 100.000 (bir yüz min) manat pulun isə mənəvi zərərə görə olmaqla ümumilikdə 150.491 (bir yüz əlli min dörd yüz doxsan bir) manat pulun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində qardaşı X2 idarə etdiyi iddiaçıya məxsus olan “BMW” markalı, AZ **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mətbuat prospektindən Qələbə dairəsi vasitəsi ilə ünvan 1 ünvanın qarşısında olarkən Yasamal RPİ-nin qarşısında yerləşən piyada keçidinə çatan zaman bir nəfər şəxsin piyada zolağına daxil olduğunu görmüş, bu zaman avtomobilini tormuzlayıb, piyadaya yol verərkən Cavabdeh2 tərəfindən idarə olunan “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşının idarə etdiyi avtomobilin arxasından vurmuş. Zərbənin təsirindən “BMW” markalı, AZ **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil 10-15 metr sürüşüb yolun kənarında olan kollara və daş bardyora dəyib dayanmışdır. Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, Polis kapitanı AbdullayevT ural Bağır oğlu tərəfindən HK1-510 saylı materiallar əsasında qəbul edilən 18 may 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən, X2 və X4 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti yol nəqliyyat hadisəsini törətmiş X3 Azərbaycan Respublikası İXM-nin 327.1. və 330.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilmişdir. Hadisədən bir müddət keçdikdən sonra iddiaçı Cavabdeh2 ilə əlaqə saxlayaraq avtomobilə dəyən zərərin ödənilməsini xahiş etsə də cavabdəh qətiyyətlə bundan imtina etmişdir. O, bildirmişdir ki, guya onun baş verən hadisədə heç bir günahı yoxdur və o avtomobili təmir etdirmək niyyətində deyildir. Daha sonra iddiaçı avtomobilin mülkiyyətçisi kimi digər cavabdeh "xxxx" ASC-yə müraciət etməyə çalışsa da rəsmi ünvan olaraq qeyd etdikləri ünvana yollanarkən orada heç bir ofis olmadığından təəssüf ki, buna nail ola bilməmişdir. Mülkiyyətində olan “BMW” markalı, AZ **-SA-*** dövlət nömrə nişanlı avtomobilə dəyən zərərin miqdarını müəyyən etmək üçün "xxxx" MMC-nin avtoservisinə müraciət edərək, avtomobili orada müayinə etdirmişdir. Avtomobilə baxış keçirən servis əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli Qüsur aktına əsasən, avtomobilə 50.141,00 (əlli min bir yüz qırx bir) manat zərər dəymişdir. Bura bu vaxta qədər iddiaçının avtomobilinin yararsız hala düşməsi ilə əlaqədar taksilərə sərf etdiyi 350 (üç yüz əlli) manat əlavə etdikdə müəyyən olur ki, yol nəqliyyat hadisəsi nəticəsində ona ümumilikdə 50.491,00 (əlli min dörd yüz doxsan bir) manat zərər dəymişdir. Bundan sonra o baş verən yol nəqliyyat hadisəsi nəticəsində ona dəyən zərərin cavabdehlərdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsiə əlavə etdiyi sübutlardan da açıq aydın görünür ki, cavabdehlərdən Cavabdeh2 əməlləri nəticəsində onun qanunla qorunan hüquqlarım pozulmuş və ona maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə etdiyi digər sübutlardan isə o məlum olur ki, qəzaya səbəb olan avtomobil hal-hazırda digər cavabdeh "xxxx"MMC-nin mülkiyyətindədir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, “BMW” markalı avtomobilin təmiri üçün tələb olunan məbləğ 50.141 (əlli min yüz qırx bir) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli 65394-1222 nömrəli məktubundan görünür ki, “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən "xxxx"MMC-nin adında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ın surətindən görünür ki, X2 və X4 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti yol-nəqliyyat hadisəni törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 330.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilmişdir. İş materiallarında olan ******* saylı X5 Protokolun surətindən görünür ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 21:00-a “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, nizamlanmayan piyada keçidinə daxil olmuş, piyadaya yol verilməməsinə görə Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və buna görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli 65394-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1979cu il təvəllüdlü Cavabdeh2 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X1 məxsus “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh2 istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6171 nömrəli ekspertiza rəyindən görünür ki, 2011-ci il buraxılışlı ““BMW” markalı, AZ **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 27200,0 (34000,0 m-20%) manat müəyyən edilir. 2011-ci il buraxılışlı “BMW” markalı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə normal vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 34000,0 manat müəyyən edilir. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixində “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı istifadəsi və sahibliyində olan “BMW” markalı, AZ **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 27200,0 manat məbləğində ziyan dəymişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaya cavabdehdən vurulan maddi ziyana görə 50.491 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası nəticəsində avtomobilə dəymiş ziyanın müəyyən edilmiş məbləği – 23.200 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il Qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini dəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddianın 100.000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol qəzasına görə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəməyə verdikləri iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 173,1 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də Cavabdeh2 tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdeh "xxxx" MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olsa da, baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşıya bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Baş X10 İdarəsinin məktubundan görünüyü kimi “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx"MMC-nin mülkiyyətində olsa da, Cavabdeh2 tərəfindən idarə edilmişdir və vurulan zərər onun təqsiri ucbatından yaranmışdır. Belə olan halda, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə avtomobilin mülkiyyətçisi "xxxx"MMC məsuliyyət daşımamalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 27200,0 (iyirmi yeddi min iki) manat məbləğində pul vəsaiti, mənəvi zərərin əvəzi olaraq 500,0 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-ekspertizanın dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti, dövlət rüsumuna görə dövlət rüsumunun əvəzi olaraq 173,1 (yüz yetmiş üç manat, on qəpik) manat pul vəsaiti Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar