Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4544/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-si Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə STN14-0123 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh İddiaçı MMC-dən 1238 manat dəyərində “HP 250G7” markalı HP noutbuk kreditə almışdır. Müqavilə 110 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərtilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 1128 manat ümumi məbləği 12 ay ödəniş etmək şərtilə hər ay 110 manat ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi – xx.xx.2021-ci il tarixdə 94 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 90 manat, xx.xx.2021-ci il tarixdə 94 manat; Cavabdeh cəmi 378 manat ödəniş etmişdir. Qalıq borcu 750 manat təşkil edir. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 225 manat təşkil edir. STN14-0123 saylı alqı-satqı müqaviləsi üzrə 750 manat əsas borc, 225 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30.10 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən 1005.10 manat ödənilməlidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 750 manat məbləğində əsas borcun, 225 manat məbləğində dəbbə pulu (cərimə borcu), mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün müvafiq olaraq tərəflərindən ödənilmiş 30.10 manat məbləğində dövlət rüsumu ilə birlikdə 1005.10 manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə 1238 manat dəyərində olan “HP 250G7” markalı HP noutbuk nisyə verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-si ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 750 manat əsas (qalıq) borcu, 225 manat cərimə borcu olmaqla, cəmi 975 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 750 manat ödənilməmiş məbləğ (əsas borc) tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan müqavilə üzrə hesablanmış dəbbə pulunun 10% dək azaldılaraq cavabdehlərdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 23 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 750 manat əsas, 23 manat dəbbə pulu olmaqla, cəmi 773 manat tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 750 manat əsas, 23 manat dəbbə pulu olmaqla, cəmi 773 manat tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qismən təmin edildiyindən, İddiaçı MMC tərəfindən ödənilmiş 30.10 manat dövlət rüsumunun 50%-i, yəni 15.5 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50 %-i, yəni 15.5 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4544/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4544/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver