Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4580/2023 20.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə X1 (iddiaçının atası) arasında xx.xx.2019-cu il tarixdə müxtəlif çeşiddə və adda məhsulların (bundan sonra - mallar) pərakəndə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Səxavət Qasəmov müxtəlif məhsulları sifariş etməyi, iddiaçı onun sifariş etdiyi məhsulları Səxavət Qasımova təhvil verməyi, Səxavət Qasımov isə öz növbəsində məshulların dəyərini ödəməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür.
2. Həmçinin, iddiaçının və Səxavət Qasımovun iştirakı ilə xx.xx.2021-ci il tarixdə üzləşmə aktı imzalanmışdır. Həmin üzləşmə aktına əsasən Səxavət Qasımov iddiaçıya 8017,57 manat məbləğində borcunun olmasını təsdiq etmişdir.
3. Bundan sonra, iddiaçı ilə cavabdeh arasında isə xx.xx.2022-ci il tarixində borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 8017,57 mant məbləğində borcunun olmasını etiraf etmiş və borcu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 801,76 manat məbləğində olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən 8017,55 manat əsas və bu borca hesablanmış 1202,55 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 9220,12 manat məbləğində borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 112,21 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə aralarında xx.xx.2022-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 8017,55 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 801.76 manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borc öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyini icra etmədiyindən müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında 1202,55 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. 01 iyun 2023-cü il tarixinə cavabdehin iddiaçıya 8017,55 manat əsas borc və bu borca hesablanmış 1202,55 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 9220,12 manat ödənilməmiş borc öhdəliyi vardır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə baxışı zamanı izahatında bildirdi ki, o, müqaviləni imzalayərkən sadəcə qardaşının iddiaçıya borcunun olmasını təsdiq etdiyini və bununla bağlı sənədi imzaladığını düşünüb. Ancaq sonradan müqaviləni oxuduqda borcun hissəhissə ondan tutulması ilə bağlı üzərinə öhdəlik götürdüyünü aşkar edib. Borc üzrə ödənişləri edə bilər, sadəcə hal-hazırda maddi imkanı ilə əlaqədar olaraq tələb edilən məbləğdə pul vəsaitini ödəyə bilməz.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı ilə Səxavət Qasımov arasında müxtəlif çeşiddə məhsulların alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar müxtəlif vaxtlarda Səxavət Qasımova verilmişdir. Bunu təsdiq edən iş materiallarında elektron qaimələr mövcuddur. Digər bir tərəfdən, müqavlə tərəfləri arasında məhsulların iddiaçı tərəfindən alıcıya təhvil verilməsi ilə bağlı mübahisə yoxdur.
23. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında Qasımov Səxavət iddiaçıdan razılaşdırılmış malları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malların almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktından da görünür ki, Səxavət Qasımov iddiaçıya 8017,55 manat məbləğində borcunun olmasını təsdiq etmişdir.
24. Məhkəmə borcun cavabdehdən tələb edilməsinə münasibətdə isə bildirir ki, öhdəlik hüquq münasibətləri alqı-satqı müqaviləsinə əsasən iddiaçı ilə Səxavət Qasımov arasında yaranmış olsa da, həmin öhdəliyin sonradan cavabdeh tərəfindən təmin edilməsi razılaşdırılmış və bununla bağlı tərəflər arasında müqavilə bağlanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, tərəflər arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmış və cavabdeh iddiaçıya olan 8017,57 manat məbləğində borcu hissə-hissə ödəməsi barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçəya olan borcun hissə-hissə ödənilməsinə razılıq verilməsi kreditor qarşısında borclunun öhdəliyinin üçüncü şəxs tərəfindən icra edilməsi kimi qəbul edilməlidir. Bu hüquqi əsas isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 431.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, borclu öhdəliyini qanunda göstərilən əsaslarla şəxsən icra etməlidir. Lakin öhdəliyin borclunun əvəzinə üçüncü şəxsin də icra edə bilməsinə qanun yol verir və halda borclunun razılığı tələb edilməsi tələb edilmir.
25. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 8017,55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
26. Məhkəmənin qənaətinə görə, iddia tələbi 1202,55 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
27. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 1202,55 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 50 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
28. Məhkəmə hesab edir ki, 112,21 manat məbləğində dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 87%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 8017,55 manat məbləğində borc və 50 manat məbləğində cərimə olmaqla, cəmi 8067,55 manat məbləğində pul vəsaiti və ödənilmiş 97,62 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 14,59 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı