Məhkəmə qərarları › İş №e-2(011)-462/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-462/2024

04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-462/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçının nümyəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. “CHEVROLET NEXİA” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB185257 seriyalı, 2021-ci il buraxılışlı, Ban: №XWBTF69V9NA019852, ağ rəng)li avtomobil tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir.

2. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, 2023-cü ilin fevral ayı ərzində iddiaçı Cavabdeh dəfələrlə zəng edərək icarə ödənişini verməsini, əks təqdirdə avtomobili geri qaytarmasını tələb etsə də o, ödəniş etmir və avtomobili geri qaytarmaqdan imtina edirdi. 10 fevral 2023-cü ildə iddiaçı avtomobili Xaçmaz şəhəri ərazisində aşkar etmişdir. Həmin vaxt avtomobildə nasazlıqlar və zədələr müşahidə etmişdir.

3. Bundan sonra avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etmiş, orada avtomobilə baxış keçirilərkən avtomobilin dam hissəsinin, damın kantları, ön və arxa stoykaların, orta stoykanın, ön, arxa və orta stoykaların plasmasları, arxa qanadın, ön və arxa qapıların, arxa stopun, ön şüşənin, damın və ön qapının obivkası, iki ədəd təkərlər, audio maqnitofon, disk, ön qapının tutacaqları, qapı güzgüləri, salon güzgüsü, patpres rezini və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə dəmirçi, rəngsaz, armaturçu və razval-balans işlərinin görülməli olduğu müəyyən edilmişdir. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 7930 (yeddi min doqquz yüz otuz) manat tələb olunmuşdur. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”də 7930 (yeddi min doqquz yüz otuz) manat ödəyərək öz hesabına təmir etdirmişdir.

İddiaçının tələbi:

4. X1 7930 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 101 manat məbləğində dövlət rüsumu, ümumilikdə 8131 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylə tanış olmuşdurlar və razıdırlar. Rəyə uyğun olaraq iddiaçıdan 7590 manat (yeddi min beş yez doxsan manat) məbləğində pul vəsaitinin, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 manat (yüz manat) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat (yüz bir manat) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 1000 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Müqavilə üzrə öhdəlikləri, nəqliyyat vasitəsini icarəyə götürən tam yerinə yetirdikdən sonra nəliyyat vasitəsini icarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini gündəlik 21 manat plan verməklə 60 ay bitirdikdən sonra avtomaşının bağışlanması haqqında müqavilə bağlaya bilər.Nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini isifadəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə rəsmin servisdə təmin etməyə, nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə edilməsinə yol verməməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə;

9. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, “CHEVROLET NEXİA” minik markalı, **-DS-*** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir.

10. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnaməyə əsassən, İddiaçı Cavabdeh “CHEVROLET NEXİA” minik markalı, **-DS-*** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətlərini xx.xx.2026-cı il tarixədək etibar etmişdir.

11. xx.xx.2023-cü il tarixli akta əsasən, xx.xx.2023-cü il tarixində Ravon Nexia R3 markalı, **-DS-*** dövət qeydiyyat nişanlı maşını müqavilə əsasında idarə edən Cavabdeh idarə etdiyi avtomobilin icarə haqqının ödənişini ödəməsini tələb etsə də ödənişlərə gəlməmişdir və maşın Xaçmaz rayonunda aşmış vəziyyətdə aşkar olunmuşdur.

12. “RS Avtoservis” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən, “CHEVROLET NEXİA” minik markalı, **-DS-*** dövət qeydiyyat nişanlı dəymiş cəmi zərər 7930 manat məbləğində hesablanmışdır.

13. Pretenziya məktubuna (xx.xx.2023-cü il tarixli qəbz) əsasən, avtomaşına dəymiş 7930 manat məbləğində zərərin 08 sentyabr 2023-cü il tarixinədək ödənilməsi xahiş edilmişdir.

14. “Milliön” elektron ödəmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli ********** №-li əməliyyata əsasən İddiaçı 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində pul vəsaiti ödənilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli 9/10107 №-li ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2021-ci il buraxılışlı, ağ rəngli, “Chevrolet Nexia minik” markalı, **-DS-*** dövlət qeydyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7590 manat müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair 30 yanvar 2024cü il tarixli bildirişə əsasən, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixli müddətli icarə müqaviləsi bağlanılmış (§8) (MM m.700.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. (MM 442) İcarə ödənişini vaxtında icra etməməklə yanaşı icarə obyekti olan avtomobili zədələnmiş vəziyyətdə icarəyə verənə qaytarılmasına səbəb olmuşdur. (§11)

23. Tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı yəni, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən istifadə üçün şərait yaratmış, “CHEVROLET NEXİA” minik markalı, **-DS-*** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehin istifadəsinə vermişdir. (§8) Cavabdeh, yəni icarəçi göstərilən müqavilə əsasında icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Həmçinin, cavabdehin hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.700.1)

24. Məhkəmə qeyd edir ki, icarə obyekti olan avtomobilə vurulmuş zərərə görə iddiaçı 7930 manat tələb etməsinə baxmayaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli 9/10107 №-li ekspert rəyinə əsasən, 2021-ci il buraxılışlı, ağ rəngli, “Chevrolet Nexia minik” markalı, **-DS-*** dövlət qeydyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7590 manat müəyyən edilmişdir. (§15) Sadalananlara əsasən, məhkəmə tələb olunan maddi ziyanın məbləğinin 7590 manat olmasını məqsədəmüvafiq hesab edir.

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 7590 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95,90 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən məhkəmə xərclərinə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatı üzrə 100 manat (§15) məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri və iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat məbləğində pul (§14) vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

28. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh 7590 (yeddi min beş yüz doxsan) manat pul tutularaq İddiaçı ödənilsin.

3. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95,90 (doxsan beş manat doxsan qəpik) manat pul tutularaq İddiaçı ödənilsin.

4. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat və iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 100 (yüz) manat məbləğində pul vəsaitləri tutularaq İddiaçı ödənilsin.

5. İddia qalan hissədə təmin edilməsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar