Məhkəmə qərarları › İş №e-2(011)-4633/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4633/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4633/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AccessBank” QSC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinin və 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1.853,53 manat məbləğində kredit borcu, 25.72 manat məbləğində faiz borcu və 1.234,79 manat məbləğində cərimə olmaqla, cəmi 3.114,04 manat məbləğində borcun; 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 2.993,07 manat məbləğində kredit borcu, 43.83 manat məbləğində faiz borcu və 2070,28 manat məbləğində cərimə olmaqla, cəmi 5.107,18 manat məbləğində borcun və ödənilmiş 102.21 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 24 dekabr 2019cu il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.853,53 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24 noyabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 1.853,53 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 07 iyun 2022-ci il tarixə 560 gün üçün hesablanmış faiz borcu 25.72 manat təşkil edir. 07 iyun 2022-ci il tarixə 560 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1.234,79 manat təşkil edir. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə 24 dekabr 2019-cu il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.993,07 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 26 oktyabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 2.993,07 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 07 iyun 2022-ci il tarixə 589 gün üçün hesablanmış faiz borcu 43.83 manat təşkil edir. 07 iyun 2022-ci il tarixə 589 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2.070,28 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh İddiaçı QSC ilə 24 dekabr 2019-cu il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.853,53 manat məbləğində kredit götürmüşdür. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə 24 dekabr 2019-cu il tarixdə bağladığı 061A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.993,07 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin tələbini pozaraq dəfələrlə ödənişləri gecikdirmiş, onun hər iki müqavilə üzrə 21 iyun 2022-ci il tarixə kredit borcu qalmışdır. Cavabdehə borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı QSC ilə arasında bağlanmış kredit müqavilələri əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə iddianın əsas və faiz borcunun cavabdehdən tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, 24 dekabr 2019-cu il tarixli 061A********** saylı müqavilə üzrə hesablanmış 1.234,79 manat cərimənin 100 manat məbləğində; 24 dekabr 2019-cu il tarixli 061A********** saylı müqavilə üzrə hesablanmış 2.070,28 manat cərimənin 200 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə iddia tələbinin kredit müqavilələrinin ləğv edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilələrin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə bildirdiyindən və həmin müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilələrin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı AccessBank” QSC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi və 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv edilməli, 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.853,53 manat məbləğində kredit borcu, 25.72 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, cəmi 1.979,25 manat məbləğində pul vəsaiti; 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 2.993,07 manat məbləğində kredit borcu, 43.83 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla, cəmi 3.236,90 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 102.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehlərdən 102.21 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı AccessBank” QSC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi və 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh X2 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə 1.853,53 (bir min səkkiz yüz əlli üç manat əlli üç qəpik) manat məbləğində kredit borcu, 25.72 (iyirmi beş manat yetmiş iki qəpik) manat məbləğində faiz borcu və 100 (bir yüz) manat məbləğində cərimə olmaqla, cəmi 1.979,25 (bir min doqquz yüz yetmiş doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti; 24 dekabr 2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə 2.993,07 (iki min doqquz yüz doxsan üç manat yeddi qəpik) manat məbləğində kredit borcu, 43.83 (qırx üç manat səksən üç qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə olmaqla, cəmi 3.236,90 (üç min iki yüz otuz altı manat doxsan qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 102.21 (bir yüz iki manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar