Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4692/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun hərəkətləri nəticəsində ona dəymiş maddi ziyan 2590 (iki min beş yüz doxsan) manat pulun və hüquqi yardım üçün ödədiyi 120 (bir yüz iyirmi) manat və 48 (qırx səkkiz) azn məhkəmə üçün dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi: “Məlumat üçün bildirirəm ki, avtomobil almaq niyyəti ilə internetdə axtarış edərkən lalafoda cavabdehin paylaşdığı elanı gördüm. Toyota Prius markalı, 2008-ci il buraxılışlı avtomobilin Cavabdeh tərəfindən 11 000 azn-ə satmasına dair elan paylaşılmışdır. Cavabdehlə əlaqə saxladıq, avtomobilə baxış keçirdikdən sonra xərclərini çıxaraq 8107 azn-ə almaq qərarına gəldim. Bundan sonra 1200 azn cavabdehə ilkin ödəniş etdim, elə eyni gündə də tormoz sistemində olan nasazlığın aradan qaldırlması üçün 450 azn ödəniş etdim. Ayrı-ayrı tarixlərdə ödənişlər etdim, ümumilikdə cavabdehə 2090 azn ödəniş etmişəm. Qeyd edilən halları təsdiq edən hesabdan çıxarışları da iddia ərizəsinə əlavə edirəm. 2024-cü ilin sonlarında sözügedən avtomobili Koroğlu metro stansiyası yaxınlığında idarə edərkən polis əməkdaşları məni saxlayaraq avtomobilin cəriməsi olduğunu bildirdilər və onu cərimə meydançasına yerləşdirdilər. Elə həmin günü də etibarnamənin ləğv edildiyini öyrəndim. Bundan sonra isə avtomobili cavabdeh özü cərimə meydançasından çıxararaq üçüncü şəxsə satmışdır. Cavabdehdən ödədiyim vəsaiti tələb etsəm də, onun tərəfindən hər hansı ödəniş edilməmişdir. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət edirəm. Xüsusi olaraq qeyd edim ki, cavabdehlə avtomobilin qiymətini 8107 azn müəyyənləşdirsək də, tərəfimdən cavabdehə ümumilikdə 2090 azn pul ödənilmiş, bundan əlavə onun da razılığı ilə 509 azn pul xərcləyərək avtomobilin arxa amotizatorlarını, ön stupsiyasını, 7 ədəd batareyalarını dəyişdirtmişəm ki, usta xərci ilə birlikdə 509 azn xərcim çıxıb. Qeyd edilən hala dair cavabdehin razılığını sübut edən səs yazılarını da iddia ərizəmə əlavə edirəm. Cavabdeh ilə dəfələrlə əlaqə saxlasam da hər dəfəsində müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınır. Belə olan halda Xəzər rayon Polis İdarəsinə 3-cü Polis Şöbəsinə müraciət etdim ki, xx.xx.2025-ci il tarixli qərarla cavabdehin əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Nəticədə müraciətimin mülki icraat qaydasında aparılmasını bildirilmişdi. Cavabdeh tərəfindən mənə ümümilikdə 2599 manat dəyərində maddi ziyan dəymişdir, yəni ki, iddianın predmeti ümümilikdə 2599 manat pul vəsaitinin Cavabdeh Mail oğlundan tələb edilməsidir. Nəticədə pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməli oldum. Həmçinin bir halı da qeyd edim ki, göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün, daha dəqiq desəm iddia ərizəsinin tərtibi və elektron qaydada göndərilməsi üçün 120 (bir yüz iyirmi) manat və 48 (qırx səkkiz) azn məhkəmə üçün dövlət rüsumu pul xərclənmişdir. Buna görə də hüquqi yardım üçün ödədiyim 120 (bir yüz iyirmi) azn və 48 (qırx səkkiz) azn məhkəmə üçün dövlət rüsumunu da cavabdeh tərəfindən tutulmasını xahiş edirəm. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Hacıyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür: “04 yanvar 2025-ci il tarixdə icraatıma vət.İddiaçı və Cavabdeh qarşılıqlı müraciəti əsasında toplanmış material daxil olmuşdur. Vət.İddiaçı ərizə yazaraq bildirmişdir ki, 28 avqust 2024-cü il tarixdə X1 2900 manata "Toyota Prius" markalı avtomobil almışdır, daha sonra avtomobildə nasazlıq olmuşdur. Ona görə də 29 dekabr 2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində avtomobili təmir etmək məqsədi ilə ondan alaraq geri qaytarmamışdır. Ərizəsinin sonunda hemin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cavabdeh 13 yanvar 2024-cü il tarixdə ərizə yazaraq bildirmişdir ki, İddiaçı onu öldürəcəyilə hədələmişdir. Ərizəsinin sonunda həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı Cavabdeh izahat verǝrǝk bildirmişdir ki, müqavilə ilə İddiaçı müqavilə ilə avtomobil satmışdır, 29 dekabr 2024-cü il tarixdə Etibar avtomobili ona vermişdir ki, o avtomobili təmir etsin, 05 yanvar 2024-cü il tarixdə Binə qəsəbəsində onu öldürəcəyi ilə hədələmişdir. Aparılmış təhqiqat araşdırması zamanı İddiaçı və Cavabdeh aralarında bağlanmış müqavilənin surəti toplanmış materiala əlavə edilmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığı üçün vət. X4 və Cavabdeh qarşılıqlı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir”. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışdan görünür ki, “Toyota Prius minik” markalı 99VG314 qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə mülkiyyətçi X3, etibar edən Cavabdeh, etibar edilən İddiaçıdur. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsindən istifadə hüququ üzrə etibarnamənin etibarlılıq müddəti xx.xx.2030-cu ildir. Etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilib. İş materiallarında olan Kapital Bank ASC-nin xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım xidməti üzrə 120,0 manat pul vəsaiti ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 48,0 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, E.M Abıyevin imzası ilə təsdiq olunmaqla tərtib olunmuş əlyazma mətnində qeyd olunmuşdur: “**-VG-*** nömrəli maşını İddiaçı kredit yolu ilə mən satmışam və məsuliyyəti mən daşıyıram”; “Toyota Prius **-VG-*** ümumi qiyməti 11000 manata kredit yolu ilə (aylıq) satdım. İddiaçı maşına ilkin ödəniş 1200 manat ödəyib. Aylıq 20 ay olmaqla hər ayın 13-də 406 manat ödəyəcək. 11000 manatdan maşının bütün xərcləri çıxılıb və maşın 8107 manata qiymətləndirilib, pulu mənə məxsus bank kartına ödəyəcək, hər ikimiz imzamızla təsdiq edirik. ABB Bank: **********233277”. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında “Toyota Prius minik” markalı 99VG314 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kredit yolu ilə alqı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin müqavilə üzrə avtomobilin razılaşdırılmış məbləği 8107 manat müəyyən edilmişdir, iddiaçı cavabdehə ilkin olaraq 1200 manat pul vəsaiti ödəmiş, qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmişdir, bundan sonra hissə-hissə 1390 manat pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir, xx.xx.2024-cü il tarixdə Abiyev X2 Etibar Əhəd oğluna etibarlılıq müddəti xx.xx.2030-cu ilə kimi nəqliyyat vasitəsindən istifadə hüququnu nəzərdə tutan Etibarnamə vermişdir, maşın müəyyən vaxt iddiaçı tərəfindən idarə edilsə də, hazırda cavabdehin sərəncamındadır, qeyd olunan etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir, iddiaçı cavabdehdən avtomobilə dair ödədiyi vəsaiti tələb etsə də, cavabdeh öhdəliyi yerinə yetirməmişdir. Bununla bağlı 04 yanvar 2025-ci il tarixdə iddiaçı cavabdeh tərəfindən pulun qaytarmaması barədə, cavabdeh isə iddiaçı tərəfindən onun ölümlə hədələnməsi barədə Xəzər RPİ-nin 3-cü PŞ-yə qarşılıqlı müraciət etmişlər, bu müraciət üzrə toplanmış materialda hazırda hər-hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki, avtomobil hazırda Cavabdeh sərəncamındadır. Hazırda iddiaçı cavabdehə ümumi ödədiyi 2590 manat vəsaitin geri qaytarılmasını tələb edir. Bununla belə, cavabdeh tərəfindən həmin pul məbləğinin qaytarılmasına dair və bunu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2590 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 48 manat məbləğində dövlət rüsumu, həmçinin hüquqi yardım almaq üçün ödənilmiş 120 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2590 (iki min beş yüz doxsan) manat borc, dövlət rüsumu qismində ödənilmiş 48 (qırx səkkiz) manat və hüquqi xidmətə görə ödənilən 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4692/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-4692/2025
22.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver