Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4699/2025 12.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 12369,21 manat əsas, 1744,52 manat faiz, 562,98 manat cərimə borcu, cəmi 146776,71 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 134,03 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli 003A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2630.79 manat ödəniş etmiş və оnun iddiaçıya 12369.21 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 226 gün üçün hesablanmış faiz borcu 1744.52 manat təşkil edir. Kredit müqaviləsinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 226 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 562.98 manat təşkil edir. Kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X1 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkilsorğularına verilən cavab məktublarından X1 adına vərəsəlik işinin açılmadığı və qeydiyyatda olan nəqliyyat vasitəsinin olmadığı görünür. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi,X1 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı QSC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər iddia tələbini qismən qəbul etdiklərini, lakin, əsas borclunun ölümünü bildikdən sonra iddiaçı tərəfindən faiz və cərimənin hesablanması ilə razı olmadıqlarını, həmçinin ayda yalnız 300 manat məbləğində ödəniş etməyə imkanları olduğunu bildirmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli kredit müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən X4 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmiş, cavabdeh həmin məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, xx.xx.2023-cü il tarixli, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır, zaminlər həmin müqaviləyə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən müqavilə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. MAPS arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Notariat Ofisinin 13 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, mərhum X3 ölümündən sonra vərəsələri tərəfindən notariat ofisinə müraciət olunmadığından vərəsəlik işi açılmamış və müvafiq olaraq vərəsəlik şəhadətnaməsi verilməmişdir. AR Din Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 adında nəqliyyat vasitəsi yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 adında daşınmaz əmlak yoxdur. xx.xx.2025-ci ili tarixli İddiaçı QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə banka olan gecikdirilmiş borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə kredit mqaviləsinin ləğv ediləcəyi və bütün borcun tələb ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə X3 İddiaçı QSC-yə kredit müqaviləsi üzrə əsas borc məbləği 12369,21 manat, faiz borc məbləği 1744,52 manat, cərimə borc məbləği 562,98 manat olmaqla, cəmi 14676,71 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-cimaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-cimaddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həminMəcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı: ...Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ...Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, kredit müqaviləsi üzrə əsas borclu X5 vəfat etmiş, onun mülkiyyətində daşınmaz əmlak və nəqliyyat vasitəsi olmamış, ölümündən sonra notarial qaydada vərəsəlik işi açılmamış və kredit müqaviləsi üzrə öhdəliyi vərəsələri tərəfindən icra edilməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq, hesab edir ki, iş materialları ilə müqavilə üzrə vaxtı çatmış borcun 90 gündən çox müddətə gecikdirməsi təsdiq olunduğundan və pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, həmçinin, zaminlik müqavilələrində zaminlərin borclanın kreditor qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıması nəzərdə tutulduğundan və zaminlik müqavilələrinin müddəti bitmədiyindən kreditor borcun vaxtından əvvəl tələb edildiyi, yəni müqavilənin ləğv edildiyi tarixə hesablanmış 12369,21 manat əsas borc, 1744,52 manat faiz borcunu zaminlərdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, əsas borclunun sağlığında ödəniş gecikdirildiyi üçün cərimə hesablanmışdır. Odur ki, kreditor əsas borclunun təqsirinə görə hesablanmış cəriməni də zaminlərdən tələb etməkdə haqlı olmuşdur. Lakin, 562,98 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. 370 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12369,21 manat əsas borc, 1744,52 manat faiz borcu, 370 manat cərimə borcu olmaqla, cəmi 14483,73 manat və 133,45 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli