Məhkəmə qərarları › İş №e-2(011)-4704/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4704/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4704/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Pürhani Tamara Adil qızı arasında xx.xx.2020-ci il tarixdə BPM**********24 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən Tamara Pürhaniyə illik 21% olmaqla, 48 ay müddətinə, aylıq ödəniş 402,60 manat olmaqla (sonuncu ay 399,24 manat) 13000 manat məbləğində kredit verilmişdir. Pürhani Tamara Adil qızı xx.xx.2020-ci il tarixdə ölmüşdür.

2. Gəncə şəhəri «ASAN Xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Zülfiqar Ağcayev tərəfindən xx.xx.2021-ci il tarixində V-738/2020 saylı vərəsəlik işi açılmış və cavabdehlərə miras əmlakdan hər biri bərabər pay almaları əsası ilə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak - komplekt ağlı – 750 əyar – 1 ədəd, ümumi çəkisi 19,30 qr-dan; üzük ağlı - 750 əyar – 1 ədəd, ümumi çəkisi 6,7 qr-dan; qolbağ ağlı – 583 əyar – 1 ədəd, ümumi çəkisi 22,30 qr-dan; qolbağ (sünül) – 583 əyar – 1 ədəd, ümumi çəkisi 10,80 qr-dan; üzük – 583 əyar – 1 ədəd, ümumi çəkisi 4,90 qr-dan və üzük ağlı– 583 əyar – 1 ədəd, ümumi çəkisi 6,80 qr-dan ibarət qızıl-zinət əşyalarından ibarət olmuşdur.

3. Cavabdehlər Tamara Pünhaninin qanun üzrə vərəsələri - Pürhani Səfər əri, digər cavabdehlər isə övladlarıdır.

İddia ərizəsinin və etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 10 698 manat əsas borcun, 0,01 manat faiz borcunun və ödənilmiş 122,10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Pürhani Tamara Adil qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********24 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 13000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Adil qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən Pürhani Tamara Adil qızının xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2021-ci il tarixdə cavabdehlər hər biri bərabər hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı Pürhani Tamara Adil qızına məxsus qızıl zinyət əşyalarından ibarətdir. Maliyyə arayışına əsasən, Pürhani Tamara Adil qızından kredit borcu üzrə Banka ödənilməmiş borcu 10 698 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 10 698.01 manat borcu qalmışdır. Cavabdehlər Tamara Pürhanini vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, bank qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlərə borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 10 698.01 manat olduğundan, tərəfimizdən 122.10 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh X4 məhkəmə baxışı zamanı bildirdi ki, kredit müqaviləsi bağlandıqdan bir müddət sonra onun belə bir müqavilənin mövcudluğundan xəbəri olub. Bundan sonra ölüm haqqında şəhadətnaməni Banka təqdim edərək krediti hansı qaydada ödəməli olduğunu soruşmuş, ona bu barədə məlumat verəcəklərini bildirmişlər. Lakin sonradan onunla əlaqə saxlanılmamış, yalnız 4 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Bankla danışıqlar aparmaq istəsə də, razılaşma əldə olunmamışdır.

8. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

13. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

14. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

15. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

16. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.

17. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Pürhani Tamara Adil qızı arasında xx.xx.2020-ci il tarixdə BPM**********24 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 48 ay müddətinə, illik 21% ödəmək şərti ilə ona 13000 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan Pürhani Tamara Adil qızı xx.xx.2020-cİ il tarixdə ölmüşdür. Cavabdehlərə Gəncə şəhəri «ASAN Xidmət» mərkəzində Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

24. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Pürhani Tamara Adil qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında krediti və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaq öhdəliyi götürmüş, lakin onun ölməsi nəticəsində cavabdehlər Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, ölmüş şəxsin vərəsəsi kimi krediti qaytarmaq öhdəliyi daşımaqdadırlar. İşin hallarından da görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır.

25. Məhkəmə hesab edir ki, iddia tələbi 0,01 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən müəyyən olunur ki, müqavilə üzrə kredit ödənişi hər ayın 21-ci günü olmaqla ödənilməlidir. Kredit müqaviləsi üzrə aylıq ödənişin edilməsi üçün son gün xx.xx.2020-ci il tarixi olmuş, Pürhani Tamara isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. Qeyd edilənlərdən də göründüyü kimi tərəflər arasında razılaşdırılmış müddətdə kreditin və ona hesablanmış faizin ödənilməməsinə səbəb borclunun həmin müddətdən əvvəl vəfat etməsi olmuşdur.

26. Məhkəmə həmçinin iddianın 122,10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 10 698 manat borc və 122,10 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar