Məhkəmə qərarları › İş №e-2(011)-4713/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4713/2025

11.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4713/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Şaməmmədli Rövzə Mehdi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “artıq ödənilmiş pulun geri ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı “artıq ödənilmiş pulun geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (AZ58PAHA41010AZNFK********** saylı kart hesabına) artıq ödənilmiş 1781.50 manat pulun və ödənilmiş 38,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Cavabdeh ilə xx.xx.2021-ci il tarixli ərizə ilə MMC-yə müraciət edərək onu MMC-nin Qəza və Servis şöbəsinə Texnik vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə əsasında cavabdehlə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Bundan sonra adıçəkilən ərizə və əmək müqaviləsi əsasında 1230/K saylı, xx.xx.2021-ci il tarixli əmr imzalanaraq cavabdeh Mərkəzi xidmət mərkəzinin müştəri xidməti departamentinin qəza və servis şöbəsinin Texnik vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC-də bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra o, xx.xx.2022-ci il tarixli ərizə ilə MMC-yə müraciət edərək, onu xx.xx.2022-ci il tarixdən öz arzusu ilə işdən azad edilməsini və MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bundan sonra qeyd edilən ərizə əsasında 1240/K saylı, xx.xx.2022-ci il tarixli Əmr imzalanaraq cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022ci il tarixdə xitam verilmişdir. Cavabdeh MMC-də əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə ona ödənilməli olan aylıq əmək haqqı, habelə əmək müqaviləsinə xitam verilərkən son haqqı-hesab hesablanaraq xx.xx.2022-ci ildə ona ödənilmişdir. Yəni iddiaçının cavabdeh qarşısında əmək münasibətlərindən irəli gələn hər hansı öhdəliyi qalmamışdır. Cavabdehlə iddiaçı arasında əmək münasibətlərinə xitam verildikdən sonra MMC tərəfindən yəni xx.xx.2022-ci ildən, xx.xx.2023-cü ilə kimi texniki səhv olaraq AZ58PAHA41010AZNFK********** saylı kart hesabına 1781,50 manat pul cavabdehin əmək haqqı kartına köçürülmüşdür. Yəni MMC tərəfindən işçilərin əmək haqqı cədvəlində texniki səhv olaraq yalnışlıqla cavabdehin də adı banka göndərilmiş və bank tərəfindən cavabdehə yuxarıda qeyd edilən pullar onun əmək haqqı kartına köçürülmüşdür. Bu da nəticədə cavabdehin əsassız varlanmasına gətirib çıxarmışdır. Texniki səhv nəticəsində artıq ödənilmiş 1781,50 manat pul cavabdehdən alınaraq iddiaçıya geri ödənilməlidir. Qeyd edilən pulun könüllü şəkildə MMC-yə ödənməsi cavabdehə təklif edilsə də o, müxtəlif və əsassız bəhanələrlə bundan boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçının ona yalnışlıqla ödədiyi pulun hesabına əsassız olaraq varlanmış və həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya geri ödənilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin əmək haqqı kartına yüklənmiş və ümumilikdə 1781,50 manat təşkil edən pul bir dəfəyə yox, banka göndərilmiş əmək haqqı cədvəlinə uyğun olaraq hissə-hissə ödənilmişdir. Yəni cavabdeh onun əmək haqqı kartına yüklənmiş həmin pullar barədə məlumatlı idi və bununla bağlı iddiaçıya məlumat verə bilərdi. Lakin o, bunu etməmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Mərkəzi xidmət mərkəzinin müştəri xidməti departamentinin qəza və servis şöbəsinin Texnik vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 594 manat müəyyən edilmiş, əmək müqaviləsi 02 mart 2022-ci il tarixənədək bağlanılmışdır. İddiaçı MMC-nin yeni ştat vahidinin yaradılması ilə ştat cədvəlinin redaktə edilməsi və əmək müqaviləsinin bağlanmasının sənədləşdirilməsinə dair 30 noyabr 2021-ci il tarixli,1230/K nömrəli əmrinin surətindən görünür ki, cəmiyyətin ştat cədvəlinə dəyişiklik edilərək Mərkəzi xidmət mərkəzinin müştəri xidməti departamenti qəza və servis şöbəsi texnik ştat vahidi yaradılmış, Cavabdeh həmin şöbəyə texnik vəzifəsinə təyin edilmiş, əmək haqqı əmək müqaviləsinə əsasən 594 manat təyin edilmişdir. İddiaçı MMC-nin əmək müqaviləsinə xitam verilməsi və ştat cədvəlindən vakant iş yerinin ləğv edilməsinə dair 30 noyabr 2022-ci il tarixli, 1240/K nömrəli əmrinin surətindən görünür ki, Mərkəzi xidmət mərkəzinin müştəri xidməti departamenti qəza və servis şöbəsi texniki Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə 30 noyabr 2022-ci il tarixdən xitam verilmiş, əmrin surəti, əmək kitabçası və sığorta şəhadətnaməsinin işçiyə təqdim olunması, son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü aparılmaqla işçiyə verilməsi əmr edilmişdir. xxxxxxx0004Xo nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən 30 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh 300,49 manat son haqq-hesab ödənilməlidir. "xxxx" ASC tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh məxsus İBAN nömrəsi AZ58PAHA41010AZNFK********** olan hesaba 01 dekabr 2022-ci il tarixdə 300,49 manat, 15 dekabr 2022-ci il tarixdə 385 manat, 06 yanvar 2023-cü il tarixdə 313,25 manat, 16 yanvar 2023-cü il tarixdə 385 manat, 06 fevral 2023cü il tarixdə 313,25 manat və 15 fevral 2023-cü il tarixdə 385 manat olmaqla, cəmi 2081,99 manat əmək haqqı köçürülmüşdür. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155.1-ci maddəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83.3-cü maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. 439.4-cu maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh həmin MMC-nin Mərkəzi xidmət mərkəzinin müştəri xidməti departamentinin qəza və servis şöbəsinin Texnik vəzifəsinə işə qəbul edilmiş, 30 noyabr 2022-ci il tarixdə cavabdehin ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, cavabdehə 01 dekabr 2022-ci il tarixdə 300,49 manat son haqq-hesab ödənilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə 30 noyabr 2022-ci il tarixdə xitam verilməsinə baxmaraq, iddiaçı tərəfindən Cavabdeh məxsus İBAN nömrəsi AZ58PAHA41010AZNFK********** olan hesaba 15 dekabr 2022-ci il tarixdə 385 manat, 06 yanvar 2023-cü il tarixdə 313,25 manat, 16 yanvar 2023-cü il tarixdə 385 manat, 06 fevral 2023-cü il tarixdə 313,25 manat və 15 fevral 2023-cü il tarixdə 385 manat olmaqla, cəmi 1781,50 manat əmək haqqı yüklənmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək münasibətlərinə xitam verildikdən sonra iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi mövcud olmadığından iddiaçı şirkət tərəfindən Cavabdeh (AZ58PAHA41010AZNFK********** saylı kart hesabına) artıq ödənilmiş 1781.50 manat pulun geri ödənilməsini tələb etməkdə iddiaçı haqlı olduğu üçün iddia təmin edilməli, Cavabdeh 1781.50 manat pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 38,40 manat. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddia tələbində ödənilmiş 38,40 manat dövlət rüsumunun cavabdehdən tutulması xahiş edildiyindən, Cavabdeh 38,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1781.50 manat pul vəsaiti və ödənilmiş 38,40 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar