Məhkəmə qərarları › İş №e-2(011)-4758/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4758/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4758/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16610 manat ziyan məbləğinin, 500 manat ekspert xərcinin, 140 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin təqsiri ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus olan BMW 530e minik markalı **-EQ-*** dövlət nömrə nişanlı avtomobilin arxa və ön tərəfi ciddi zədə almış, avtomobil istifadəyə yararsız hala düşmüşdür. 15 Yanvar 2016 cı il tarixdə AR Maliyyə Nazirliyinin Dövlət Siğorta Nəzarəti Xidməti tərəfindən peşəkar Müstəqil Ekspert kimi qeydiyyata alınmış, Mərkəzi Bankın reysterində qeydiyyatda olan X2 tərəfindən verilmiş hesabata əsasən avtomobilə 10965 manat məbləğində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin arxa qanadlarına, arxa panelinə eləcə də gövdə hissəsinə dəyən zərər, avtomobilin zədələnməsindən sonra avtomobilimin bazar dəyərinin 76000 manatdan 11000 manat azalaraq 65000 manata düşməsinə səbəb olmuşdur. Müstəqil ekspertin likvid dəyər qiymətləndirməsində də öz əksini tapmış bu məbləğ MM-nin 21.2-ci maddəsində göstərildiyi kimi əldən çıxmış fayda olaraq onun hal hazırda planladığı işlərin axsamasına və dolayısı ilə hesablanması çətin olan digər itkilərə səbəb olur. Bu hadisə zamanı avtomobilə dəyən ziyan, bəzi hallarda onun nəzərdə tululmuş liqvidlik dərəcəsini çox aşağı salaraq uzun müddət satılmamasına da səbəb ola bilər. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilin istifadəsi mümkün olmadığından, siğorta şirkəti tərəfindən avtomobilin qəza-zərər dəyərləndirməsinin tamamlanması, avtomobilin təmir məntəqəsinə təmin edilməsi və təmir işlərinin tamamlanması müddətində işi və gündəlik nəqliyyatı üçün 530 manat məbləğində taksi gedişlərindən istifadə etmək məcburiyyətində qalmışdır. Və bu məbləğ avtomobilin tam təmiri bitənə qədər artmağa davam edir. Beləliklə, Toyota LC200 minik markalı, **-CL-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Cavabdeh inzibati xəta törətməsi nəticəsində təqsiri və ehtiyyatsızlığı üzündən ona toplam olaraq 22495 manat ziyan vurulmuşdur. Təmir zamanı Cavabdeh təmir məntəqəsinə (ustaya) avtomobilin təmirinə lazım olan işlənmiş (digər avtomobildən çıxma) baqaj qapısı almış və bundan əlavə cəmi 800 manat ödəniş etmişdir. O isə siğortanın verdiyi 4285,27 manat məbləği öz bank hesabında xx.xx.2025 ci il tarixində qəbul etmiş və bütövlükdə təmir xərcləri üçün işi görən ustaya göndərmişdir. Beləliklə, yuxarıda bildirdiyi məlumatlara və hesabatlara əsaslanaraq toplam zərərin məbləğindən digər ödəmələri çıxaraq qalıq zərər məbləğinin toplam olaraq 16610 manat olduğunu müəyyən etmək olar. Məhkəmə iclasında iştirak etmiş iddiaçın iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsini mübahisələndirməsə də, dəymiş ziyanın məbləği ilə razı olmadığını bildirmişdir. İş materiallarında olan: İnzibati tənbeh verilmə haqqında elektron qərardan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 17:30-da Bakı şəhəri, N.Rəfiyev küçəsi ərazisində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 17:30-də Bakı şəhəri, N.Rəfiyev küçəsində hadisədə təqsirli olan şəxs Cavabdeh məxsus “Toyota LC200” markalı AZ **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “BMW 530E” markalı AZ **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Paşa Sığorta” ASC-nin xx.xx.2025-ci il tarixli “qüsur aktından görünür ki, “BMW 530E” markalı AZ **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6835 manat qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli Müstəqil ekspert (Əhməd Talıblı) rəyindən görünür ki, “BMW 530E” markalı AZ **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 10965 manat məbləğində müəyyənləşdirilmişdir. “BMW 530E” markalı AZ **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsindən sonra likvid dəyər itkisi 11000 manat müəyyən edilmişdir. 500 manat ekspertiza xərci İddiaçı tərəfindən ödənilmişdir. “X1” MMC-nin 235 nömrəli xx.xx.2025-ci il tarixli Ekspert rəyindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində “BMW 530E” markalı AZ **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə, usta xərci də nəzərə alınmaqla 8295 manat xərc çəkilməsi, 2709 manat məbləğində təmir-bərpa xərclərinin isə qaldığı müəyyən edilmişdir. Həmçinin hadisədən sonra avtomobilin bazar dəyərinin itkisinin 6175,92 manat təşkil etdiyi müəyyən edilmişdir. 500 manat ekspertiza xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə maddi ziyan dəyməsi və hadisədə cavabdehin təqsirli olması işin mübahisəsiz halıdır. İddiaçı qeyd edir ki, sığorta şirkəti hadisədən sonra maşına dəyən zərəri 6835 manat qiymətləndirsə də, sonradan təmir zamanı maşının daha çox hissələrinin zədələndiyi və təmirə daha çox xərc çəkilməli olduğu aşkara çıxdığı üçün özü müstəqil ekspertə müraciət etmiş və ekspert rəyi ilə maşına dəyən zərər 10965 manat, maşının qəzadan sonra dəyər itkisi isə 11000 manat qiymətləndirilmişdir. İddiaçı ona 4285,27 manat sığorta ödənişi edildiyini bildirmiş, bundan başqa maşının təmiri üçün cavabdeh tərəfindən 800 manat nağd pul verildiyini və 900 manat baqaj qapısı alındığını təsdiqləmişdir. İddiaçı bildirir ki, maşının qalan təmir xərcləri ilə bağlı cavabdehlə danışıqları olsa da, sonda razılaşa bilməmişlər. Odur ki, qalan təmir xərclərinin, maşının bazar dəyəri itkisinin, maşın qəzalı vəziyyətdə olarkən çəkdiyi taksi xidməti xərcləri və məhkəmə xərclərinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə dəymiş ziyanı ödəməkdən yayınmadığını, lakin, avtomobilə dəyən ziyanın qiymətləndirilməsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş kompleks avtotexniki-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən avtomobilə dəymiş ziyan (8295 manat çəkilmiş təmir xərci + 2709 manat qalan təmir xərcləri) 11004 manat qiymətləndirilmişdir. Həmçinin hadisədən sonra avtomobilin bazar dəyəri itkisinin 6175,92 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş ziyanın məbləği məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə əsasən müəyyən edilməlidir. Belə olan halda avtomobilə dəymiş zərər 11004 manat müəyyən edildiyindən, həmin məbləğdən sığorta ödənişi, cavabdeh tərəfindən təmir üçün iddiaçıya ödənilmiş 800 manat və 900 manat cavabdeh tərəfindən alınmış baqaj qapısnın qiyməti çıxıldıqdan sonra, yerdə qalan məbləğ, yəni 11004 – 4285,27 – 800 – 900 = 5018,73 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Maşının bazar dəyər itkisinin cavdehdən tələb edilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə tələbini maşının gələcəkdə uzun müddət satılmaması ehtimalı ilə əsaslandırmış, lakin, avtomobil iddiaçı tərəfindən satılmamış, təmir edilərək özü tərəfindən istifadə edilmişdir. Yəni, hadisədən sonra avtomobil satılmadığı üçün iddiaçıya dəyən zərər maşının bazar dəyərinin azalması formasında deyil, çəkilən təmir xərcləri formasında olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Taksi xərclərinin cavabdehdən tutulmasına münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, şəxsi avtomobilindən istifadə edərkən də iddiaçının müəyyən xərclər çəkməsi (benzin və s.) istisna edilmir, digər tərəfdən, iddiaçının təqdim etdiyi hesabdan çıxarışda taksi xidməti üçün ödənişlər edildiyi görünsə də, həmin xidmətdən konkret nə məqsədlə və kimlərin istifadə etdiyi müəyyən olunmur. Odur ki, həmin hissədə də iddia təmin edilə bilməz. Məhkəmə xərclərinə münasibətdə, qeyd olunur ki, iddia qismən, 5018,73 manat həddində təmin edildiyindən 70 manat dövlət rüsumun əvəzi cavabdehdən iddiçının xeyrinə tutulmalıdır. Həmçinin iş materiallarında olan hər iki ekspertiza tədqiqatının dəyəri 500 manat təşkil etdiyindən və hər ikisi iddiaçı tərəfindən ödənildiyindən, iddianın qismən təmin edilməsi nəzərə alınaraq bir ekspertiza tədqiqatının dəyəri olan 500 manar cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 5018,73 manat məbləğində pul vəsaiti, 70 manat məbləğində dövlət rüsumunun və 500 manat ekspertiza xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar