Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4786/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC (K@TV1)-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC (K@TV1)-nin cavabdeh Zülfüqarova (Vaizdust) Jalə Mərhəmət qızına qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə” dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (K@TV1) cavabdeh Zülfüqarova (Vaizdust) Jalə Mərhəmət qızına qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən çoxmənzilli yaşayış binasında 2014-cü ilin aprel ayından 2015-ci ilin dekabr ayınadək 253 saylı mənzilin sahibi cavabdeh olmuş və orada qeydiyyatsız yaşamışdır. Belə ki, 31 dekabr 2013-cü il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 fevral 2014-cü il tarixinədək etmiş və həmin ünvan 14 aprel 2014-cü il tarixdə 23.40 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları RİTN nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşilması faktı aşkar edilmiş, bu barədə 3823 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana xx.xx.2015-ci il tarixdə keçirilən nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 4600 N saylı akt tərtib edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsində ayrıldığı 14 aprel 2014-cü il tarixdən təkrar qanunsuz qoşulma barədə aktın aşkar edildiyi 25 noyabr 2015-ci il tarixədək olan müddət 585 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş ziyan 175 manat 50 qəpik təşkil edir. İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 373.1, 560.3.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, cavabdeh Zülfüqarova (Vaizdust) Jalə Mərhəmət qızından “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 175 manat 60 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 305 manat 90 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh Zülfüqarova (Vaizdust) Jalə Mərhəmət qızına lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (K@TV1) tərəfindən xidmətlərinin göstərilməsindən görünür ki, İddiaçı MMC ilə ünvan 2, 253 saylı mənzildə “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə xx.xx.2013-cü il tarixindən başlamışdır. İş materiallarında olan İddiaçı MMC (K@TV1) tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2, 253 saylı mənzildə sonuncu dəfə xx.xx.2015-ci il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 4600 N saylı Aktlardan görünür ki, ünvan 2, 253 saylı mənzilin sakini tərəfindən “K@TV1” kabel şəbəkəsinə müvafiq bağlamadan qanunsuz olaraq qoşulması aşkar edilmişdir. İş materiallarında olan “Ədalət-A” hüquq firmasının əməkdaşları tərəfindən tərtib edilmiş 25 noyabr 2015-ci il tarixli aktın (aktda Rabitə Nazirliyinin nümayəndəsi qismində Məmmədov S. adlı şəxsin də adı qeyd olunmuşdur) surətinə görə, həmin tarixdə ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman binanın 253 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Aktın arxa hissəsinə aşağıdakı məzmunda qeydlər yazılmışdır: “3 blok 10 mərtəbə soldan 2-ci qapı, Ağ kabel 10 mərtəbədəki KATV-nin şəbəkəsinə qoşulub, qapının yuxarı sağ küncündən mənzilə daxil olur. Kofe rəngdə qapı, Kabel səliqəsiz konnektörla qoşulub”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının «Telekommunikasiya» haqqında Qanunun 35-ci maddəsinin tələbinə görə, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsin əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, ünvan 2, 253 saylı mənzilin sahibi olan cavabdeh qanunsuz olaraq kabel xəttinə qoşulmuşdur. İş materiallarında olan “Ədalət-A” hüquq firmasının əməkdaşları tərəfindən tərtib edilmiş 25 noyabr 2015-ci il tarixli aktın (aktda Rabitə Nazirliyinin nümayəndəsi qismində Məmmədov S. adlı şəxsin də adı qeyd olunmuşdur) surətinə görə, həmin tarixdə ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman binanın 253 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Aktın arxa hissəsinə aşağıdakı məzmunda qeydlər yazılmışdır: “3 blok 10 mərtəbə soldan 2-ci qapı, Ağ kabel 10 mərtəbədəki KATV-nin şəbəkəsinə qoşulub, qapının yuxarı sağ küncündən mənzilə daxil olur. Kofe rəngdə qapı, Kabel səliqəsiz konnektorla qoşulub”. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada konkret şəxsin, o cümlədən cavabdehin sözügedən hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər. İddiaçının istinad etdiyi aktların tərtibində Rabitə Nazirliyinin nümayəndəsinin iştirak etdiyi qeyd olunsa da, həmin nümayəndənin hansı səbəblə təmsil etdiyi qurumun səlahiyyətində olan tədbiri görərək müvafiq inzibati protokol tərtib etmədiyi izah olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”a görə (həmin qərar müvafiq aktlar tərtib edildiyi zaman qüvvədə olmuşdur), həmin nazirliyin əməkdaşı təsbit edilmiş müvafiq pozuntu barədə kommersiya hüquqi şəxslərinin əməkdaşları ilə birlikdə akt tərtib etmək əvəzinə, həmin inzibati xətanın müvafiq qaydada protokollaşdırılmasını təmin etməli idi. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi aktın tərtibində nə cavabdeh, nə də mübahisədə maraqlı olmayan üçüncü şəxs iştirak etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb sübutlarla təsdiq edilmədiyinə görə iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC (K@TV1)-nin cavabdeh Zülfüqarova (Vaizdust) Jalə Mərhəmət qızına qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə” dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4786/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4786/2022
27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver