Məhkəmə qərarları › İş №e-2(011)-4796/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4796/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4796/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi və s” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “07” fevral 2020-ci il tarixli, “L007/2020/” saylı “Kredit limitinin ayrılması haqqında Müqavilə” və həmin müqavilə daxilində xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişinin ləğv edilməsi, birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “L007/2020/” saylı müqavilə üzrə 29,500.02 (iyirmi doqquz min beş yüz manat, sıfır iki qəpik) manat əsas, 10,466.63 (on min dörd yüz altmış altı manat, altmış üç qəpik) manat faiz olmaqla, cəmi 39966.65 (otuz doqquz min doqquz yüz altmış altı manat, altmış beş qəpik) manat məbləğində borcun və işin məhkəməyə verilməsi üçün ödənilmiş 210 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin 10 fevral 2020-ci il tarixli, 3M-445 saylı “İpoteka müqaviləsi”nə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka olan borclarının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi E.B.Fətəliyev izahat verərək bildirmişdir ki, İddiaçı АSC ilə cavabdehlər arasında bağlanmış “07” fevral 2020-ci il tarixli, “L007/2020/” saylı “Kredit limitinin ayrılması haqqında Müqavilə” həmin müqavilə daxilində xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişinə əsasən, Bank kredit alana 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə, 30 000 manat məbləğində kredit ayırmışdır, kredit alan müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı, habelə Banka müvafiq faizləri ödəməyi öhdəsinə götürmüşdür, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişinə əsasən zamin kimi “07” fevral 2020-ci il tarixli, “L007/2020/” nömrəli kredit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı və krеditin qаytаrılmаsına dair Bаnk qаrşısındа üzərinə məsuliyyət götürmüşdür, kredit alan tərəfindən Müqavilənin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, imzalanmış ödəniş cədvəlinə müvafiq olaraq üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmişdir, belə ki, kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixinə Kredit alanın Banka borcunun məbləği 29,500.02 manat əsas, 10,466.63 (manat faiz olmaqla, cəmi 39966.65 manat təşkil etmişdir, xx.xx.2022-ci il tarixdə onun tərəfindən 1000 manat ödəniş edilmişdir, bu barədə iddiaçı tərəfindən verilmiş arayış məhkəməyə təqdim edilmişdir, ödənilmiş məbləğ cavabdehin iddiaçıya olan faiz borcundan silinmişdir, qətnamə çıxarılarkən ödənilmiş məbləğin onu faiz borcundan azaldılmalıdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçının ona qarşı olan tələbini qəbul edir, mülki iş üzrə cəmi 39966,65 manat məbləğində borc və dövlət rüsumunu qəbul edir, xx.xx.2022-ci il tarixdə İddiaçı АSC-yə 1000 manat ödəniş etmişdir, buna dair qəbzi də məhkəməyə təqdim etmişdir, həmin ödənişin nəzərə alınmasını xahiş edir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında “07” fevral 2020-ci il tarixli, “L007/2020/” saylı “Kredit limitinin ayrılması haqqında” Müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank tərəfindən 84 ay müddətinə illik maksimum 30% olmaqla, 100.000 manat məbləğində kredit alana kredit limiti ayrılmışdır. İş materiallarında olan “07” fevral 2020-ci il tarixli, “L007/2020/” saylı “Kredit limitinin ayrılması haqqında” Müqavilə daxilində xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişindən görünür ki, Cavabdeh1 istehlak məqsədləri ilə 48 ay müddətinə, illik 20% olmaqla, 30.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3-cü bəndindən görünür ki, kredit müqaviləsi üzrə müştərinin öhdəliyi Zaminliklə - Cavabdeh2 zaminliyi ilə təmin olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdən Cavabdeh1 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzil İddiaçı АSC-nin xeyrinə 84 ay müddətinə hüququ yüklü (ipoteka) edilmişdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2020-xx.xx.2022-ci il dövrü üzrə Hesabdan Çıxarışdan görünür ki, müştərinin cari hesabına xx.xx.2020-ci iltarixdə 30.000 manat köçürülmüşdür. İş materiallarında olan 11 fevral 2020-ci il tarixli xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit müqaviləsinə 1 №-li Əlavə - Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1, kreditin məbləği 30000 manat, faiz dərəcəsi 20%, müddət 48 ay, verilmə tarixi xx.xx.2020-dir. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan - borc alan Cavabdeh1 arasında bağlanmış notariat qaydada təsdiq olunmuş 12 fevral 2020-ci il tarixli “İpoteka Müqaviləsi”nə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzili, “07” fevral 2020-ci il tarixli, “L007/2020/” saylı “Kredit limitinin ayrılması haqqında Müqavilə” həmin müqavilə və həmin müqavilənin icrası ilə bağlı bağlanan kredit sazişlərindən əmələ gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan X1 36 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən imzasının həqiqiliyi təsdiq olunmuş Ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə və ya satılmasına etiraz etmir. İş materiallarında olan Cavabdeh2 36 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən imzasının həqiqiliyi təsdiq olunmuş Ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə və ya satılmasına etiraz etmir. İş materiallarında olan Cavabdeh1 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş Ərizəsindən görünür ki, o, müqavilədə göstərilən mənzilini 100000 manat məbləğdə kredit xətti borc öhdəliyinin təminatı kimi poteka qoyduğunu, öhdəlik yerinə yetirilməzsə tutmanın əmlaka yönəldiləcəyini və bu halda evi tərk edəcəyi barədə bu müqaviləni imzaladığını bildirmişdir. İş materiallarında olan X2 təsdiq olunmuş Ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə və ya satılmasına etiraz etmir. İş materiallarından görünür ki, İddiaçı АSC tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixli HD-044/22 №-li Bildiriş-pretenziya göndərilməklə, ona borcunu qısa müddətdə ödəməsi, ödəməyəcəyi təqdirdə kredit borcunun ondan məcburi tutulacağı və tələbin girov predmetinə yönəldilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı АSC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli Bildirişdən görünür ki, sonuncu, kredit müqaviləsi üzə borc ödənilmədiyindən tutmanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilə yönəldilməsinin başlanması barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli HD-184/22 saylı Ərizədən görünür ki, İddiaçı АSC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə yönəlmə barədə ipoteka qoyanın ünvanına göndərilmiş bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MXD-568/2022 №-li arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişi üzrə xx.xx.2022-ci il tarixinə Banka 29500,02 manat əsas, 10466,63 manat faiz və 0 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı АSC tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli MXD-926/2022 saylı Arayışdan görüünr ki, xx.xx.2020ci il tarixli, KE/78880/73 saylı kredit sazişi üzrə müştəri xx.xx.2022-ci il tarixdə 1000 manat ödəniş etmişdir. İş materiallarında olan İddiaçı АSC tərəfindən Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli MXD-1131/2022 saylı Arayışdan görüünr ki, xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişi üzrə müştəri xx.xx.2022-ci il tarixdə 1000 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı АSC qəbzinin surətindən görünür ki, kredit ödənişi əməliyyat növü ilə hesaba 1000 AZN ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 23 saylı Mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilinin hazırkı bazar qiymətinin təqribən 95000 manat və hazırki bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri isə təqribən 86000 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən ekspert rəyi təyinatı ilə "xxxx" MMC-yə 300 manat ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında sonuncuya 48 ay müddətinə illik 20% olmaqla 30.000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişi bağlanmış, həmin kredit müqaviləsinə əsasən, Cavabdeh1 30.000 manat məbləğində krediti bankdan götürmüşdür, digər Cavabdeh2, tərəflər arasında bağlanmış kredit sazişinin təminatı qismində zamin durmuşdur, həmçinin kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir, həmin mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 86000 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və onun hazırda banka ödənilməmiş əsas və faiz borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, cavabdeh iddia tələbini qəbul edir, onun tərəfindən faiz borcu üzrə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə 1000 manat olmaqla, cəmi 2000 manat ödəniş edilmişdir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən İddiaçı ASC-nin iddia tələbinə dair Cavabdeh1 etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, iddiaçının cavabdehin borc məbləği barədə etiraflarını, o cümlədən, məhkəmə iclasında təqdim edilən cavabdeh tərəfindən Banka 1000 manat olmaqla, cəmi 2000 manat ödəniş olunması barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli arayışları nəzərə almaqla, faiz borc məbləğini iddia tələbində göstərilən məbləğə uyğun olaraq deyil, 10466,63 (10466,63 – 2000 = 8466,63) məbləğ həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə, 24 oktyabr 2022-ci il tarixli 23 №-li mütəxəssis rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilin dəyəri 86.000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqaviləsi və onun daxilində bağlanmış kredit sazişi ləğv edilməli, kredit sazişinə əsasən, cavabdehlərdən müştərək qaydada 29500,02 manat əsas borc, 8466,63 manat faiz olmaqla, cəmi 37966,65 manat məbləğində borc İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilin qiyməti 86000 manat müəyyən olunmalı, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitdən cavabdehin İddiaçı ASC-yə olan borcu silinməli, satışdan əldə olunan pul qətnamənin icrasına kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu 203,9 manat hissədə tərəflərə aid edilməli, onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış “07” fevral 2020-ci il tarixli, “L007/2020/” saylı “Kredit limitinin ayrılması haqqında Müqavilə” və həmin müqavilə daxilində xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, KE/78880/73 saylı kredit sazişinə əsasən, müştərək qaydada əsas borc kimi 29500,02 manat, faiz borcu kimi 8466,63 manat olmaqla, cəmi 37966 (otuz yeddi min doqquz yüz altmış altı) manat 65 (altmış beş) qəpik və dövlət rüsumu qismində ödənilmiş 203 (iki yüz üç) manat 90 (doxsan) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və borc onun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. ünvan 1 ünvanında yerləşən 104 nömrəli mənzilin dəyəri 86.000 (səksən altı min) manat müəyyən edilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar