Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-48/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “vurulmuş zərərin və çəkilmiş xərclərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və iddia tələbini dəqiqləşdirərək, Cavabdeh 83211 manat maddi zərərin əvəzinin, ödənilmiş 339 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan “Cadillac CTS” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə həmin vaxtı sərnişin qismində əyləşmiş Cavabdeh tərəfindən 83211 manat məbləğində zərər dəymişdir. Belə ki, cavabdeh şəkil çəkdirmək adı altında sükan arxasına əyləşərək qəfildən nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. Dərhal iddiaçı və avtomobildə əyləşən digər sərnişin olan X3 ondan nəqliyyat vasitəsini saxlamağı tələb etsələr də o, yoluna davam edərək qəfildən sürəti artırmışdır. Nəqliyyat vasitəsi yolda olan dairənin sağ kənarına, sonra isə yolun sol kənarında olan səkiyə çırpılmış və nəticədə aşmışdır. Hadisə ilə bağlı Səbail rayon Polis İdarəsinin TŞ-də araşdırma aparılmış, şahidlər dindirilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən Cavabdeh əməlində AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinə görə onun inzibati qaydada cəzalanmasından ötrü toplanmış materiallar Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Səbail RPİ-nin DYPŞ-nin İXP5397344 saylı X4 Protokoluna əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Cavbdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılıqın mövcudluğu Səbail RPİ-nin DYPŞ xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, cavabdehin özünün verdiyi izahatla və eyni zamanda şahid ifadələri ilə təsdiq olunur. Beləliklə cavabdehin təqsirli hərəkətləri ilə mülkiyyətinə zərər dəymişdir. Zərərin məbləğinin müəyyən olunması məqsədilə "xxxx" MMC-yə tərəflərindən müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçıya Qüsur Aktı təqdim edilmişdir. Qüsur Aktına əsasən iddiaçıya 83211 manat zərər dəymişdir, maşını həmin vaxt 7900 manata sata bilib. Çünki onun təmir edilməsi sərfəli olmayıb, bu ekspert rəyində də göstərilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, həmçinin cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, 16 aprel 2023-cü il tarixində saat təxminən 19:00 radələrində o, rəfiqəsi X3 və onun dostu İddiaçı ilə gəzməyə çıxmışlar. İddiaçı idarə etdiyi Cadilac CTS markalı 99ZU789 qeydiyyat nişanlı maşını özu idarə edirdi. O, İddiaçı icazəsini alaraq, onun avtomobilini 10-15 dəqiqəlik idarə etmişdir. Maşını idarə etdiyi vaxt, avtomobilin yiyəsi İddiaçı və rəfiqəsi də maşında əyləşmişdilər. İddiaçı bilirdi ki, onun sürücülük vəsiqəsi yoxdur. Bir daha qeyd edir ki, İddiaçı icazəsi ilə maşını idarə etmişdir və İddiaçı də həmin vaxt özü maşında olub. Maşını idarə etdiyi zaman, idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Qəza zamanı üçü də müxtəlif bədən xəsarətləri alsalar da, tək onu X7 xəstəxanaya apardı. Vəziyyəti bir neçə gün çox pis idi. Bunu bilən İddiaçı, ona dedi ki, “sən yalandan izahat yaz, şəkil çəkdirmək üçün sükan arxasına əyləşdiyini və maşını icazəsiz idarə etdiyivi qeyd et, sonra biz aramızda bu məsələni həll edərik”. O, halsız olduğunu və ilk dəfə belə hadisə ilə rastlaşdığını, qanunları bilmədiyi üçün İddiaçı nə dedi onu da yazdı. Sonra İddiaçı onun izahatına əsasən onu məhkəməyə verib. Səbail rayon Polis idarəsində, təhqiqat şöbəsində video görüntülər var. Video görüntülərdə aydın görünür ki, qəza zamanı maşında maşının sahibi İddiaçı və rəfiqəsi də olublar. Onunla bağlı AR İXM-nin 332.4-cü maddəsinə əsasən İXP5397344 saylı inzibati protokol tərtib edilmişdir. Cəriməni ödəmişdir. xx.xx.2023-cü il No.xx/xx-1108 Xalq sığorta tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin X3 (rəfiqəsi) xəsarət aldığı üçün 750.00 azn məbləğində sığorta ödənişi verilmişdir. Xalq Sığortanın ödədiyi 750.00 azn məbləğini o, Xalq Sığortasının cari hesabına ödəmişdir. İddiaçı bu gün ona qarşı qaldırdığı iddia tam yalandır. Maşına şəkil çəkdirmək üçün əyləşməyini və icazəsiz maşını idarə etdiyini iddia edir. Yalnız rəfiqəsi şahid qismində onun dediklərinin yalan olduğunu məhkəmədə təsdiq edə bilər. Bir il ərzində İddiaçı ona whatsapp-la yazdığı smslərdə və zənglərdə cürbəcür fikirlər bildirir. Bir gün maşını satmağını deyir, bir gün ona pul verin deyir. Bir gün ona 20000 azn civarında ona maşın almağını tələb edir. xx.xx.2023-cü il tarixində Great Motors MMC (VÖEN **********) servis mərkəzi Qüsur aktı tərtib edib. Qüsur aktında xidmət haqqı və ehtiyyat hissəsi üçün yekun olaraq 83211.00 azn qeyd olunub. 83211.00 azn ƏDV-siz hesablanıb. Qüsur aktında Great Motors QSC qeyd olunsa da, möhür Great Motors MMC vurulub. Məhkəməyə müraciət etmədən öncə İddiaçı onun qeydiyyatda olduğu ünvana Pretenziya Məktubu göndərərək, ondan 5 gün ərzində 83211.00 azn məbləğin ödənilməsini tələb edib. Bununla da iş bitmir. xx.xx.2024-cü il tarixində-İddiaçı ona whatsapp vasitəsi ilə qiymətləndirmə 28000.00 manata çıxdığını və maşının onda qaldığını yazıb. O, İddiaçı qiymətləndirmənin 28000.00 azn olduğuna dair sənədi istəməyinə baxmayaraq, Samir ona sənədi təqdim etməyib, sənədi məhkəmədən almağını qeyd edib. Qəzanı törətdiyini qəbul edir, maşın qəzalı vəziyyətdə olanda 32000 manata alırdılar, ziyan nə qədərdirsə, o qədər də ödəməyə razıdır. Özü barəsində qeyd edir ki, işləmir. Məhkəmədə onu müdafiə etmək üçün vəkili yoxdur. Anası xx.xx.2019-cu il tarixində vəfat edib. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməlidir Həmin Qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində İddiaçı BA 249234 seriya nömrəli texniki pasportla ona məxsus olan “Cadillac CTS” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsin sahiblik hüququ olduğu təqdirdə nəqliyyat vasitəsində şəkil çəkdirmək məqsədi ilə hüququ olmayan Cavabdeh vermis, sonuncu Bakı şəhəri, Səbail rayonu, Y.Salyan şossesində üzü “X8” istiqamətində idarə etdiyi “Cadillac CTS” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək dairəyə sonra isə səkiyə çırpılaraq aşması nəticəsində özü və avtomaşında sərnişin olan X3 xəsarət almışdır. Cavabdehnun əməlində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. İş materiallarında olan Great Motors QSC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Cadillac CTS” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin və bu zərərin aradan qaldırılması üçün görüləcək işlərin xərci cəmi 83211,0 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh pretenziya məktubu göndərməklə ondan 5 gün müddətində ona dəymiş 83211 manat zərərin ödənilməsini tələb etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 339,63 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan Xalq Sığorta ASC-nin Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli xx/xx-1108 saylı məktubdan görünür ki, Xalq sığorta tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin X3 xəsarət aldığı üçün ondan 750.00 azn məbləğində sığorta ödənişi verilməsi tələb edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 9/10085 nömrəli Rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki hadisə baş verən tarixə, yəni 2023-cü ilin aprel ayına orta bazar qiyməti təxminən 38500,00 manat olmuş 2015-ci il buraxılışlı, "Cadillac CTS" markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 26950,00 (38500,00-30%) manat müəyyən edilir. Hazırda avtomobilin təmiri rentabelli hesab edilmədiyindən həmin avtomobilə dəymiş ziyan normal vəziyyətdə saxlanılmış avtomobillərin qiymətlərinə uyğun hesablanmışdır. Bu səbəbdən dən də təmirlə əlaqədar itirdiyi əmtəə dəyəri nəzərə alınmamışdir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 9/4550 nömrəli Rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki hadisə baş verən tarixə, yəni 2023-cü ilin aprel ayına orta bazar qiyməti təxminən 38500,00 manat olmuş 2015-ci il buraxılışlı, "Cadillac CTS" markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 26950,00 (38500,00-30%) manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli 9/10085 №-li rəyin nəticəsi təsdiq edilir. Hazırda avtomobilin təmiri rentabelli hesab edilmədiyindən həmin avtomobilə dəymiş ziyan normal vəziyyətdə saxlanılmış avtomobillərin qiymətlərinə uyğun hesablanmışdır. Bu səbəbdən dən də təmirlə əlaqədar itirdiyi əmtəə dəyəri nəzərə alınmamışdir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən (xx.xx.2024-cü il tarixli 9/10085 saylı;xx.xx.2024-cü il tarixli 9/4550 saylı) görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri ümumi 110 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 2015-ci il buraxılışlı, "Cadillac CTS" markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı Anar Alılıya məxsusdur, həmin avtomobili xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə edərkən idarəetməni itirmiş, nəticədə qəza baş vermis, maşının aşması nəticəsində Cavabdeh və avtomaşında sərnişin olan X3 xəsarət almış, həmçinin qəza nəticəsində avtomobilə zərər dəymişdir, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir, iddiaçı avtomobilə vurulmuş zərər qismində 83211 manat məbləğində tələb edir, keçirilmiş ekspertizalar üzrə avtomobilə dəymiş zərərin məbləği 26950,0 manat müəyyən edilir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəylərini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin Rəy üzrə gəldiyi nəticə əsas götürülməklə hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərər 26950,0 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maşına vurulmuş maddi zərərə görə 26950,0 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, X1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170,85 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170,85 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 26950 (iyirmi altı min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 170 (yüz yetmiş) manat 85 (səksən beş) qəpik alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 110 (yüz on) manat Cavabdeh tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-48/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-48/2025
28.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver