Məhkəmə qərarları › İş №e-2(011)-4819/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4819/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4819/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh QSC –yə qarşı “icra qeydinin və borcun ləğv edilməsi ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh QSC –yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" QSC olan 3520 manat borcunun ləğv edilməsi və ödənilmiş 57 manat dövlət rüsumunun "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" QSC-də olan 3520 manat borcunun ləğv edilməsi və ödənilmiş 57 manat dövlət rüsumunun "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi və Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt şəhər 1 saylı Notariat ofisinin mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə, 40013615 saylı müqavilə imzalayaraq, 3 ədəd məişət texnikası (paltaryuyan maşın, kondinsioner və soyuducu) almışdır. Sonradan "xxxx" MMC-dən ona bildirmişlər ki, paltaryuyan maşının istədiyi modelindən yoxdur, odur ki, gəlib başqa bir modellə bağlı sənədləri imzalamaq lazımdır və iddiaçı "xxxx" MMC-də yenidən sənədlərə imza atmışdır. Lakin sonradan iddiaçıya məlum oldu ki, ona ******* saylı, xx.xx.2022-ci il tarixli müqavilə imza etdiriblər, lakin köhnə müqaviləni sistemdən silməyiblər. Bunun nəticəsində belə alınmışdır ki, iddiaçı cəmi 3 ədəd məişət texnikası alsa da, sənədlərdə 6 ədəd məişət texnikası almış kimi sayılmışdır. "xxxx" MMC xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, “X2 ilə "xxxx" MMC” arasında olan xx.xx.2022-ci il tarixdə, 40013615 saylı müqavilə əşyalardan biri ona verilmədiyi üçün ləğv edilmişdir. "xxxx" QSC-da xx.xx.2022-ci il tarixdə, 40013615 saylı müqavilə üzrə borcalanın adında olan 3520,00 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli digər maliyyə arayışında isə bildirilir ki, “bu arayışa əsasən X2 ilə "xxxx" MMC” arasında imzalanmış xx.xx.2022-ci il tarixdə, 40013615 saylı müqaviləsi üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan Çıxarışda hesabata salınmışdır. Həmin Çıxarışdakı öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərin həcmi-0 azn. Qeyd olunanlardan göründüyü kimi, "xxxx" MMC iddiaçının onlara xx.xx.2022-ci il tarixli, 40013615 saylı müqavilə üzrə heç bir borcunun olmadığını təsdiq etmişlər. Lakin, "xxxx" QSC-nin Monitorinq və Problemli İstehlak Kreditləri Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda bildirilir ki,"xxxx" MMC ilə "xxxx" QSC arasında “faktorinq” müqaviləsi mövcuddur və onun xx.xx.2022-ci il tarixli, 40013615 saylı müqavilə üzrə 3520,00 manat borcu yaranmışdır və bu borcun tələbi icraya yönəldiləcəkdir. Birincisi, iddiaçının "xxxx" QSC ilə hər hansı bir müqaviləsi və öhdəliyi yoxdur, iddiaçı ilə olan müqavilə "xxxx" MMC ilə imzalanmışdır və əgər onların arasında faktorinq müqaviləsi mövcuddursa, yalnız iddiaçıya qarşı olan pul tələbi "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə güzəşt edilə bilərdi və "xxxx" MMC iddiaçıya ünvanladığı məktub və arayışla iddiaçının onlara xx.xx.2022-ci il tarixli, 40013615 saylı müqavilə üzrə hər hansı bir borcunun olmadığını təsdiq edirsə, onda tərəflər arasında olan faktorinq müqaviləsinə görə iddiaçının “0” məbləğində olan borcu ilə bağlı tələb güzəşt oluna bilərdi. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin İcra qeydi əsasında 3520 manat əsassız borc məbləğinin ödənişi üzrə icra prosesi başlamış və Sumqayıt İcra İdarəsi tərəfindən borcun iddiaçının əmək haqqıma yönəldilməsi prosesinə başlanılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «Ferrum Kapital” QSC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclası onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, Cavabdeh QSC-də 40010017 saylı müqavilə üzrə borcalanın adında olan borc məbləği və gecikmə "xxxx" MMC tərəfindən yaranmış texniki səhv səbəbindən yaranmışdır. Ona görə də, İddiaçı "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, hazırda İddiaçı ilə "xxxx" MMC-arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40013615 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 manat təşkil edir."xxxx" da xx.xx.2022-ci il tarixli 40013615 saylı müqavilə üzrə borcalanın adında olan 3520 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. İş materiallarında olan, Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Cavabdeh QSC-nin xeyrinə İddiaçı xx.xx.2022-ci il tarixli 40013615 saylı müqavilə üzrə vaxtında ödənilməmiş 3520 manat borc və 25 manat məbləğində dövlət rüsumu tutulmuşdur. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh QSC tərəfindən məhkəməyə ərizə verilərkən 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2.-ci maddəsinə əsasən, Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən,. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. «İcra qeydi» aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün «Elektron notariat» informasiya sistemi vasitəsilə «Elektron icra» informasiya sisteminə göndərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Maddə 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə, 40013615 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, lakin iddiaçının alqı-satqı müqaviləsi üzrə sifariş olunan məhsulları olmadığı üçün "xxxx" MMC ilə aralarında olan müqaviləyə xitam verilmişdir. Həmin müqavilənin əvəzinə ******* saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə yeni məhsullar kredit ilə verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ilə "xxxx" MMC-arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40013615 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 manat təşkil edir və "xxxx" da xx.xx.2022-ci il tarixli 40013615 saylı müqavilə üzrə borcalanın adında olan 3520 manat borcu ödəməyi "xxxx" MMC öz öhdəliyinə götürmüşdür. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Məhkəmə iddia tələbinin "xxxx" QSC-də olan 3520 manat borcunun ləğv edilməsinə” dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından həmçininin müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçının "xxxx" MMC-yə borcu olmamışdır. Məhkəmə qeyd edir ki, mövcud olmayan borcun tələb edilməsi hüququ "xxxx" QSC-yə güzəşt edilə bilməz və mövcud olmayan borc ləğv edilə bilməz. Göründüyü kimi iddiaçının nə "xxxx" QSC-yə, nə də "xxxx" MMC-yə borcu olmamışdır. İddiaçının heç bir borcu olmadığı halda, olmayan borc məhkəmə tərəfindən ləğv edilə bilməz. Məhkəmə iddia tələbinin “Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli İcra qeydinin ləğv edilməsinə” dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. İcra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir Göstərilən qanunvericilik normalarının tələbinə əməl edilməsi, yəni borcluya bildiriş göndərilməsi, bildirişin borclu tərəfindən alınması və müəyyən olunmuş müddət ərzində borcun ödənilməsinin təmin edilməməsinə dair sübutlar iş materiallarında mövcud olmadığından, icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilsin. Cavabdeh QSC – dən 57 (əlli yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar