Məhkəmə qərarları › İş №e-2(011)-4840/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4840/2022

15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4840/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 6.461,56 manat, 20 iyun 2022-ci il tarixə faiz borcu üzrə 2.118,76 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranı gecikdirməsi nəticəsində banka vurulmuş zərər 0 (sıfır), 20 iyun 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu cərimə 243.62 manat, cəmi 8.823,94 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2020-ci il tarixli, 001/KM/107/5234592/240620 saylı kredit müqaviləsinə əsasən ona illik 26 faiz dərəcəsi ilə 7.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə Banka cəmi 8.823,94 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 24 iyun 2020-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin 20 iyun 2022-ci il tarixə banka borcu yaranmışdır. Cavabdehə borc barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 243.62 manat məbləğində cərimənin 25 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə bildirdiyindən və həmin müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2020-ci il tarixli, 001/KM/107/5234592/240620 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 6.461,56 manat əsas borc, 2.118,76 manat faiz borcu, 25 manat cərimə borcu olmaqla, ümumilikdə 8.605,32 manat məbləğində pul vəsaiti alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 107.74 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qismən təmin edildiyindən cavabdehdən 105 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 2.74 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2020-ci il tarixli, 001/KM/107/5234592/240620 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 6.461,56 (altı min dörd yüz altmış bir manat əlli altı qəpik) manat əsas borc, 2.118,76 (iki min yüz on səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, ümumilikdə 8.605,32 (səkkiz min altı yüz beş manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti və 105 (bir yüz beş) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qalan 2.74 (iki manat yetmiş dörd qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar