Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4844/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıyeva Aygün Ariz qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsinə əsasən, 821.27 manat əsas və 10.07 manat faiz borcu olmaqla, cəmi 831.34 manat və xx.xx.2022ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsinə əsasən, 297.57 manat əsas və 4.23 manat faiz borcu olmaqla, cəmi 301.80 manat olmaqla, ümumilikdə 1.133,14 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 32.80 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Hacıyeva Aygün Ariz qızı arasında 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hacıyeva Aygün Ariz qızına 36 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 1.020 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə Hacıyeva Aygün Ariz qızı arasında bağlanmış 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №334601 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Hacıyeva Aygün Ariz qızı 19 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 18 saylı notariat ofisinin 09 dekabr 2023-cü il tarixli, D-323/14 saylı məktubuna əsasən Hacıyeva Aygün Ariz qızının mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş 24 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Hacıyeva Aygün Ariz qızının 24 aprel 2024-cü ilədək Banka 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 821.27 manat əsas və 10.07 manat faiz borcu, 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsi üzrə ödənilməmiş 297.57 manat əsas və 4.23 manat faiz borcu qalmışdır. Cavabdeh, mərhum Hacıyeva Aygün Ariz qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə 24 yanvar 2024-cü il tarixində 6-2-22/2-2509/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hacıyeva Aygün Ariz qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsinə əsasən, 801.85 manat əsas və 0.02 manat faiz borcu olmaqla, cəmi 801.87 manat və xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsinə əsasən, 276.80 manat əsas borc olmaqla, ümumilikdə 1.078,67 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 32.80 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qismən qəbul edərək hazırda işləmədiyini və tələb edilən məbləği birdəfəlik ödəmək imkanının olmadığını bildirdi. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdehin mərhum bibisi Hacıyeva Aygün Ariz qızı arasında bağlanmış 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsinə əsasən Hacıyeva Aygün Ariz qızına 36 ay müddətinə illik 21% ödəmək şərtilə 1.020 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Hacıyeva Aygün Ariz qızı arasında bağlanmış 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsinə əsasən Hacıyeva Aygün Ariz qızı üçün 36 ay müddətinə illik 24% ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, 20 avqust 2024-cü il tarixinə borcalan Hacıyeva Aygün Ariz qızının 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsi üzrə banka olan əsas borcu 801.85 manat, faiz borcu 0.02 manat, 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsi üzrə banka olan əsas borcu 353.50 manat, faiz borcu 0 manat təşkil edir. İddiaçı tərəfindən 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsi üzrə 801.85 manat əsas və 0.02 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsi üzrə 276.80 manat əsas borc olmaqla, ümumilikdə 1.078,67 manat məbləğində pul vəsaiti tələb edilir. İş materiallarından görünür ki, cavabdehin mərhum bibisi Hacıyeva Aygün Ariz qızı 19 fevral 2023-cü il tarixində vəfat etmişdir. Cavabdeh Hacıyeva Aygün Ariz qızından qalmış miras əmlakı qəbul etmiş və ona 21 avqust 2023-cü il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya borcu yaranmışdır. Bank yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq göndərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Hacıyeva Aygün Ariz qızı kredit müqaviləsi üzrə öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşımışdır. Lakin sonuncu vəfat etdiyindən hazırkı iş üzrə Cavabdeh onun qanun üzrə vərəsəsi olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Qanunvericiliyin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı mülki iş üzrə cavabdeh qanun üzrə vərəsə olaraq tanınmışdır, bununla o, Hacıyeva Aygün Ariz qızının miras qoyduğu öhdəlikləri də qəbul etmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Cavabdeh müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsinə əsasən, 801.85 manat əsas və 0.02 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsinə əsasən, 276.80 manat əsas borc olmaqla, ümumilikdə 1.078,67 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 32.80 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28 aprel 2022-ci il tarixli, BPM**********30 saylı Kredit müqaviləsinə əsasən, 801.85 manat əsas və 0.02 manat faiz borcu və xx.xx.2022-ci il tarixli, BPM**********30 saylı Tam kart müqaviləsinə əsasən, 276.80 manat əsas borc olmaqla, ümumilikdə 1.078,67 (bir min yetmiş səkkiz manat altmış yeddi qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 32.80 (otuz iki manat səksən qəpik) manat və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4844/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4844/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver