Məhkəmə qərarları › İş №e-2(011)-4848/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4848/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4848/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, avtomobilin təhvil verilməsi və ya pulun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, 2210 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 17.969,15 manat əsas borc pulun, 6.256 manat məbləğində cərimə pulun, 36.500 manat məbləğində istifadə haqqının və dövlət rüsumu qismində ödənilmiş 272.18 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 17 mart 2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alğı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai Tucson” minik markalı, 2010-cu il buraxılışlı, sedan tipli, KMHJW81VDAU048088 şassi nömrəli, qara rəngli, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, 2210 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 3800 manat olmaqla 36 ay müddətinə hər ay üzrə 857 manat ödəniş etməklə, 34.624,15 manata satılmışdır. Lakin Cavabdeh “Hyundai Tucson” minik markalı, 2010cu il buraxılışlı, sedan tipli, KMHJW81VDAU048088 şassi nömrəli, qara rəngli, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış 04 mart 2019-cu il tarixli, 2210 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 3800 manat, 15 ay müddətinə hər ay 857 manat ödəniş edərək, cəmi 16.655 manat ödəniş etmiş, 04 iyul 2020-ci il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmiş və bu səbəbdən 17.969,15 manat məbləğində əsas borcu qalmışdır. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdeh dəfələrlə şifahi xəbərdarlıq edilsə də, o kredit borcunu ödəməkdən yayınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 2210 saylı, 04 mart 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, cavabdehə 34.624,15 manat dəyərində “Hyundai Tucson” minik markalı, 2010-cu il buraxılışlı, sedan tipli, KMHJW81VDAU048088 şassi nömrəli, qara rəngli, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil satılmışdır. Cavabdeh ilkin ödəniş 3.800 manat, 36 ay müddətinə hər ay 857 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr) Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Hazırkı iş üzrə müqavilə iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. İstinad edilənlərdən əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanması istinad olunan əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Beləliklə yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmiş, qanunvericiliyin bununla əlaqədar tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2019-cu il tarixli 2210 saylı alğı-satqı müqaviləsi etibarsız əqddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Odur ki, ləğv edilməsi tələb olunan əqd məhkəmə tərəfindən etibarsız əqd olması müəyyən edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Daha sonra məhkəmə iddia tələbinin “müqavilənin predmeti olan avtomobilin təhvil verilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, yuxarıda istinad olunan etibarnamənin mətninə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC avtomobilin qanuni sahibi olmuşdur. İş materiallarına əlavə olunmuş təhviltəslim aktına əsasən nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Cavabdehin nəqliyyat vasitəsini qaytarması ilə bağlı iş materiallarında hər hansı sübut mövcud olmadığından iddia tələbi avtomobilin geri alınması hissəsində təmin edilməli, avtomobil cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə dəymiş zərərin əvəzi kimi 17.969,15 manat əsas borc pulun, 6256 manat məbləğində cərimə pulunun verilməsi ilə bağlı hissəyə qiymət verərək hesab edir ki, istinad edilən avtomobil mövcud olmadıqda və yaxud ona ziyan dəyməsi ilə bağlı yetərli sübutlar olduqda, avtomobilin mülkiyyətçisi müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia tələbinin 36.500 manat məbləğində istifadə haqqının verilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, tərəflər arasında icarə müqaviləsinin mövcud olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, müqavilənin predmeti olan “Hyundai Tucson” minik markalı, **-PH-*** dövlət qeydiyyat nömrəli avtomobil cavabdehdən alınıb iddiaçıya təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 272.18 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş dövlət rüsumunun yarısı, 136.09 manat iddiaçının özünə aid edilməli, qalan 136.09 manat məbləğində rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Müqavilənin predmeti olan “Hyundai Tucson” minik markalı, **-PH-*** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 136.09 (bir yüz otuz altı manat doqquz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan 136.09 (bir yüz otuz altı manat doqquz qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar