Məhkəmə qərarları › İş №e-2(011)-485/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-485/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-485/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsi üzrə kreditə görə 696,8 manat əsas, faiz borcuna görə 59,22 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 756,02 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş Sünbül sep -1 ədəd, çəkisi – 19,5 qr, əyarı – 500, cəmi 19,5 qr. qızıl-zinət əşyalarına yönəldilməsi; bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsi üzrə 696,8 manat əsas, faiz borcuna görə 59,22 manat, cərimə borcuna görə 0 manat, cəmi 756,02 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsinə əsasən illik 28 % dərəcəsi olmaqla 12 ay müddətinə 1000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). xx.xx.2023-cü il tarixli NZLMB- 09912 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 696,8 manat əsas, faiz borcuna görə 59,22 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 756,02 manat təşkil edir. xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sünbül sep -1 ədəd, çəkisi – 19,5 qr, əyarı – 500, cəmi: 19,5 qr. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsi üzrə kreditə görə 696,8 manat əsas, faiz borcuna görə 59,22 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 756,02 manat pul tutulmalıdır, tələblər girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, xx.xx.2025-ci il tarixli məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iclasın vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan Müqavilənin Ümumi şərtləri üzrə Qızıl zinət əşyalarının girovu ilə kreditin götürülməsinə dair Əsas şərtlər - NZLMB-09912 saylı Razılaşmadan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə kreditin təminatı: xx.xx.2023-cü il tarixli NZLMB-09912 nömrəli Saxlanc girovu haqqında müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrində (Aktlarda) qeyd olunmuş və qiymətləndirilmiş qızıl-zinət əşyalarıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair Aktdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində Rabitəbank ASC-dən NZLMB-09912 saylı kredit müqaviləsi əsasında 12 ay müddətinə, 28 %-lə götürəcəyi 1000 manat məbləğində lombard kreditinin təminatı olaraq girov qoyduğu 19,5 qram qızıl-zinət əşyalarını kredit mütəxəssisinin iştirakı ilə kassaya təhvil-təslimini bu akta əsasən həyata keçirilmişdir. Təhvil-təslim aktına əsasən dəyəri 1053 manat, çəkisi 19,5 qram, 500 əyarlı sünbül sepin bazar dəyəri 1560,2 manatdır. İş materiallarından görünür ki, Girov saxlayan Rabitəbank ASC və Girov qoyan Cavabdeh arasında illik 28 % dərəcəsi olmaqla 12 ay müddətinə 1000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı Saxlanc girovu haqqında Müqavilə bağlanmışdır. Müqavilənin predmeti kredit müqaviləsinin 4.1-ci maddəsində qeyd olunan Əlavələrdə göstərilən malları qeyd olunan Kredit müqavilələri və onlar əsasında bağlanan razılaşmalara əsasən verilmiş kreditlərə əsasən yaranmış öhdəliyin təminatı kimi Girov saxlayana (Girov saxlayan həm də borc verəndir) girova və onun sahibliyinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/10037 saylı ekspert rəyindən görünür ki, qeyd edilmiş 1 ədəd 500 əyar, qaşsız, çəkisi 19,5 qram olan qızılzinət əşyasının nəzəri qaydada orta bazar dəyəri təxminən 1891,00 manat (19,5x97,0) müəyyən edilir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan əsas borcu 696,8 manat, faiz borcu 59,22 manat, cərimə borcu 0 manat, cəmi borcu 756,02 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizə-Anketin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə müraciət edərək ona 1000 manat məbləğində 28%-lə “Lombard Ekspress P1” kreditin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, əsas borc məbləği kimi 1000 manat, faiz borcu 157,50 manat, ödəniş məbləği 1157,50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Elandan görünür ki, Cavabdeh kredit komissiya üçün 21,0 manat nağd ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Rabitəbank ASC-nin Nizami filialı tərəfindən Cavabdeh 1000 manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh Rabitəbank ASC-nin Nizami filialına ünvanlanan xx.xx.2023-cü il tarixli Razılıq ərizəsindən görünür ki, o, Rabitəbank ASC-yə razılıq ərizəsini o məqsədlə verir ki, xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı kredit müqaviləsi şəxsi ehtiyac üçün 1000 AZN, 12 ay müddətinə, illik 28% ödənilməsi şərti ilə götürdüyü kreditin təminatı olaraq xx.xx.2023-cü il tarixli NZLMB-09912 saylı Təhvil-təslim aktına əsasən Rabitəbank ASC-nin Nizami filialına saxlanc girova verdiyi qızıl-zinət əşyalarını, kredit və girov müqaviləsinin, habelə onların ayrılmaz hissəsi olan əlavələrlə müəyyən olunmuş öhdəliklərini lazımınca yerinə yetirməsə Rabitəbank ASC-nin Nizami filialına girovsaxlayanın onun banka gəlmədiyi halda belə, borcunu ödəmək məqsədilə zərfdə saxlanan qızıl-zinət əşyalarını zərfi açaraq götürüb məhkəmədən kənar qaydada satmaq səlahiyyəti vardır. Tərəfindən kredit müqaviləsinə əsasən qrafikə uyğun ödənişlərdə gecikmələr olarsa yaxud kredit müqaviləsinin müddəti bitərsə banka (filiala) gəlmədiyi halda girov qoyduğu qızıl-zinət əşyalarının bank tərəfindən yenidən bankdaxili qiymətləndirmə apararaq bankdaxili satılmasına etirazı yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya bildirişindən görünür ki, yaranmış borcla əlaqədar və müqavilə öhdəliklərinə görə bank tərəfindən Cavabdeh borcunu 3 iş günü müddətində qaytarması təklif edilib, kredit borcu ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Rabitəbank ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli NZLMB- 09912 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir, həmin müqaviləyə əsasən Cavabdeh qeyd olunan məbləği iddiaçıdan qəbul edərək götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus olan qızıl-zinət əşyaları - sünbül sep -1 ədəd, çəkisi – 19,5 qr, əyarı – 500, cəmi: 19,5 qr. banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyasının hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 1891,0 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən ona xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının rəyini sübut kimi qəbul edərək, həmin rəyin nəticə hissəsində 1 ədəd 500 əyar, qaşsız, çəkisi 19,5 qram olan qızıl-zinət əşyasının nəzəri qaydada orta bazar dəyərini təxminən 1891,00 manat miqdarında müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 696,8 manat, faiz borc üzrə 59,22 manat, cərimə borcu üzrə 0 manat, ümumilikdə 756,02 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh məxsus olan qızıl-zinət əşyaları - sünbül sep -1 ədəd, çəkisi – 19,5 qr, əyarı – 500, cəmi: 19,5 qr. yönəldilməklə həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməli, qızıl-zinət əşyasının dəyəri 1891,0 manat müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi olaraq 30 manat cavabdehdən alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil 50 manat isə Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 696,8 manat, faiz borcu üzrə 59,22 manat, cərimə borcu üzrə 0 manat, ümumilikdə 756 (yeddi yüz əlli altı) manat 02 (iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh məxsus olan qızıl-zinət əşyalarına - sünbül sep -1 ədəd, çəkisi – 19,5 qr, əyarı – 500, cəmi: 19,5 qr. yönəldilsin, qızıl-zinət əşyasının dəyəri 1891,0 manat müəyyən edilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, borc satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, satışdan əldə olunan vəsait Cavabdeh borcunun ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul məbləği Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar