Məhkəmə qərarları › İş №e-2(011)-4855/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4855/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4855/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – Ağayeva Kəmalə Cavanşir qızının mirası qəbul etmiş vərəsələri Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş 2.244,01 manat əsas borc və 131,92 manat faiz borcu olmaqla, cəmi 2.375,93 manat məbləğində vəsaitin, 43,76 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Ağayeva Kəmalə Cavanşir qızı arasında xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Ağayeva Kəmalə Cavanşir qızına 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 2.500 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ № 321929 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Ağayeva Kəmalə Cavanşir qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisinin xx.xx.2032-cü il tarixli, 483 saylı məktubuna əsasən Ağayeva Kəmalə Cavanşir qızının mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Ağayeva Kəmalə Cavanşir qızının xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 2.244,01 manat əsas borcu və 131,92 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum Ağayeva Kəmalə Cavanşir qızından qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 32536/2023 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, sonuncular öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və (qanuni nümayəndəsi Cavabdeh1) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (müqavilə üzrə “Bank”) ilə Ağayeva Kəmalə Cavanşir qızı (müqavilə üzrə “Müştəri” və ya “Borc alan”) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, BPM**********74 nömrəli tam kart çərçivə müqaviləsinin 2.1-ci maddəsinə əsasən (müqavilənin predmeti) Bank Müştərinin adına ikitərəfli ödəniş katını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, müqavilə üzrə “Tam kart”) buraxmağı, Müştərinin adına bank hesablarını kredit katına bağlı olan kredit hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab açmağı, Müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15.000 manat məbləğinədək kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən, tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Ağayeva Kəmalə Cavanşir qızının xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək 2.244,01 manat ödənilməmiş əsas, cəmi ödənilməmiş faizlər 131,92, borc üzrə cəmi tələb edilən məbləğ 2.375,93 manatdır. İşin materiallarından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 kredit borcunun qaytarılmasına dair xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanmışdır. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Ağayeva Kəmalə Cavanşir qızı xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan 25 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Ağayeva Kəmalə Cavanşir qızının vərəsəsi Cavabdeh1 miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər “Baş Sahiyyə Mərkəzi” X1 4 nömrəli Uşaq Poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixli 185 nömrəli məktubuna əsasən mərhuma Ağayeva Kəmalə Cavanşir qızının varislərinə verilməli olan orta aylıq əmək haqqının 2 misli qədər müavinət 2.275,26 manat məbləğində və xəstəlik vərəqənin ödənişi 470,41 manat müavinət pulundan ibarətdir. İş materiallarında olan 25 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Ağayeva Kəmalə Cavanşir qızının vərəsəsi Cavabdeh2 miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər “Baş Sahiyyə Mərkəzi” X1 4 nömrəli Uşaq Poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixli 185 nömrəli məktubuna əsasən mərhuma Ağayeva Kəmalə Cavanşir qızının varislərinə verilməli olan orta aylıq əmək haqqının 2 misli qədər müavinət 2.275,26 manat məbləğində və xəstəlik vərəqənin ödənişi 470,41 manat müavinət pulundan ibarətdir. İş materiallarında olan Xətai rayonu İcra Hakimiyyəti Başçısının 99 saylı, xx.xx.2023-cü il tarixli sərəncamdan çıxarışından görünür ki, Cavabdeh1 valideyn himayəsindən məhrum olmuş nəvəsi xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 üzərində himayəçi təyin edilmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Ağayeva Kəmalə Cavanşir qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Qərarda qeyd edilmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Ağayeva Kəmalə Cavanşir qızı kredit müqaviləsi üzrə ödənişlər etmək vəzifəsini icra etmədiyindən, mövcud borc Ağayeva Kəmalə Cavanşir qızının vərəsələrindən sonuncuların əldə etdikləri miras payları həcmində tutulmalıdır. Cavabdeh2 yetkinlik yaşına çatmadığından ona çatmış miras payı həcmində pul vəsaiti onun qanuni nümayəndəsi olan Cavabdeh1 tutulmalıdır. Məhkəmə həmçinin iddianın 43,76 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır və 43,76 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün iddiaçı tərəfindən ödənilmiş xidmət haqqı Cavabdeh1 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli BPM**********74 saylı kredit müqavisinə əsasən 2.244,01 (iki min iki yüz qırx dörd manat bir qəpik) manat əsas, 131,92 (bir yüz otuz bir manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 2.375,93 (iki min üç yüz yetmiş beş manat doxsan üç qəpik) manat borc məbləği, 43,76 (qırx üç manat yetmiş altı qəpik) manat dövlət rüsumu və 0,40 (sıfır manat qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar