Məhkəmə qərarları › İş №e-2(011)-4909/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4909/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4909/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5609,52 manat əsas, 761,66 manat faiz borcu olmaqla, cəmi 6371,18 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 83,72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Ümumi oferta müqaviləsindən, xx.xx.2021-ci il tarixli ərizədən, SMS bildirişlərindən və bankın arayışından görünür ki, “X1” ASC Cavabdeh 35 ay müddətinə illik 27,6 faiz olmaqla 3000 manat məbləğində kredit xətti açmış və vəsaiti onun kart hesabına köçürmüşdür. Daha sonra kredit limiti 5600 manata artırılmışdır. “X1” ASC tərəfindən cavabdehə göndərilmiş bildirişdən görünür ki, onun 5600 manat əsas, 1444,59 manat faiz borcu olmaqla, cəmi 7044,59 manat borcu yaranmışdır. Cavabdehə banka olan borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin “X1” ASC-yə ARGİD********** saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 5609,52 manat, faiz borc məbləği 761,66 manat olmaqla, cəmi 6371,18 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.(xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan).

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, cavabdehə 5600 manat kredit verilməsinə baxmayaraq, həm maliyyə arayışında, həm iddia ərizəsində əsas borc məbləği əsassız olaraq 5609,52 manat qeyd edilmişdir. Odur ki, iddia əsas borc hissəsində qismən 5600 manat həddində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş materialları ilə borcalanın müqavilə üzrə öhdəliyini tam icra etmədiyi təsdiq olunduğundan və öhdəliyin icra müddəti başa çatdığından kreditor 5600 manat əsas və 761,66 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ARGİD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh 5600 manat əsas borc, 761,66 manat faiz borcu olmaqla, cəmi 6361,66 manat və 83,61 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X1” ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar