Məhkəmə qərarları › İş №e-2(011)-4917/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4917/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4917/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 263670-1-26744 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2022- ci il tarixinə Banka borclu olduğu 6701.37 AZN məbləğində əsas borc, 533.46 AZN məbləğində faiz borcu, 238.85 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7473.68 AZN pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 94.74 AZNdövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Bank ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 263670-1- 26744 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 21.9 faiz Müqavilə bağlandığı zaman Müqavilənin 5.1.8 bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5% endirilir, hesablanması şərti ilə 60 ay müddətinə 7000 AZN məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür, lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 6701.37 AZN məbləğində əsas borc, 533.46 AZN məbləğində faiz borcu, 238.85 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7473.68 AZN məbləğində borcu qalmışdır, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir, iddiaçı ekspert rəyi ilə razı deyildir, həmin rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edir, həmçinin cavabdeh faiz borcunu 533.46 manat hissədə qəbul edir, bunun nəzərə alınmasını xahiş edir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, borcunu qəbul edir, pulu bankdan götürmüşdür, hazırda 6701,37 manat əsas borcu, 533,46 manat faiz borcunu qəbul edir, lakin cərimə borcunu qəbul etmir, çox şişirdilmişdir, həmin borcun silinməsini istəyir. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC Neftçilər filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 263670-1-26744 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nin surətindən görünür ki, illik 21.90 % dərəcəsi olmaqla, istehlak məqsədi üçün sonuncuya 7000 manat kredit verilmişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli 263670-1-26744 saylı Kredit müqaviləsinə 1№-li Əlavə - Ödəniş Cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, illik faiz dərəcəsi 21.9 %-dir. İş materiallarında olan Arayışın surətinə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli 263670-1-26744 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcu əsas borc 6701,37 manat, faiz borcu 533,46 manat, cərimə borcu 238,85 manat, cəmi 7473,68 manatdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun qaytarılması məqsədilə xx.xx.2022-ci il tarixli Pretenziya Məktubu göndərilmiş, tərəf həmin ünvanda aşkar olunmadığından məktub geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 94,74 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5614 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 6701,37 manat, faiz borcu üzrə 471,01 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ASC Neftçilər filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 263670-1-26744 saylı Kredit Müqaviləsinə əsasən souncuya illik 21.90% dərəcəsi olmaqla, istehlak məqsədi üçün 7000 manat kredit verilmişdir, həmin müqavilə ilə üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmaq barədə öhdəlik götürmüş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir, cavabdeh iddia tələbini qismən qəbul edir, 6701,37 manat əsas, 533,46 manat faiz borcu olduğunu qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın həmin hissədə əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən Cavabdeh əsas və faiz borcu hissədə etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, kreditorun əmlak mənafelərini nəzərə almaqla, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 30 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. X3 formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 6701,37 manat məbləğində əsas borc, 533,46 manat məbləğində faiz borcu, 30 manat cərimə olmaqla ümumilikdə 7264,83 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi olaraq, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 72,64 manat Cavabdeh alınaraq «X4 Azərbaycan» QSC-yə, ekspertiza tədqiqatının dəyərini təşkil 50 manat isə Məhkəmə ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 263670-1-26744 saylı müqavilə üzrə 6701,37 manat məbləğində əsas borc, 533,46 manat məbləğində faiz borcu, 30 manat cərimə olmaqla ümumilikdə 7264 (yeddi min iki yüz altmış dörd) manat 83 (səksən üç) qəpik və dövlət rüsumu qismində ödənilmiş 72 (yetmiş iki) manat 64 (altmış dörd) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar