Məhkəmə qərarları › İş №e-2(011)-499/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-499/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-499/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 15095.85 manat məbləğində kredit bоrcu, 2444.24 manat məbləğində faiz bоrcu və 822.44 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 18362.53 manat məbləğində bоrcun və ödənilmiş 145.10 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixində bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5% оlmaqla, 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17500 manat məbləğində kredit götürmüşdür, o, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır, o, götürdüyü kredit bоrcundan 2404.15 manat ödəniş etmiş və оnun iddiaçıya 15095.85 manat məbləğində kredit bоrcu qalmışdır, kredit müqaviləsinin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir, faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır, kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində cərimə ödəməlidir, kredit müqaviləsinin 7.32-ci bəndinə əsasən, kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir, xx.xx.2024-cü il tarixinə müqavilə üzrə cavabdehin banka olan borcu məhkəməyə təqdim edilən sonuncu arayışa əsasən, əsas məbləğ üzrə 15095.85 manat, faiz borcu üzrə 2444.24 manat, cərimə borcu üzrə 822.44 manat, cəmi 18362.53 manatdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin tərəflər, məhkəmə iclasında iştirak etməmişdilər. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 021A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya bank tərəfindən restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə aylıq faiz dərəcəsi 1.5% olmaqla, 48 ay müddətinə 17500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə “Ödəniş planı”ndan görünür ki, Cavabdeh verilən kreditin məbləği 17500 manat, aylıq faiz dərəcəsi 1.5%-dir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kreditin verilməsi-köçürmə barədə çıxarışdan görünür ki, 17500 manat müştəri Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan Cavabdeh hesabdan çıxarışından görünür ki, onun hesabına xx.xx.2022-ci il tarixində 17500 manat mədaxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayış”ından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə borcu 15095.85 manat əsas məbləğ üzrə borc, 2444.24 manat faiz üzrə borc, 822.44 manat cərimə borcu, gecikdirilən günlərin sayı 347 gün, cəmi borc 18362.53 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində eyni tarixli xəbərdarlıq məktubu göndərilməklə, kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 145.10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/9124 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cari hesabdan çıxarış məlumatları və 12.10. 2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-ya olan borcu ümumiklikdə 17661.13 AZN, o cümlədən: əsas borc üzrə 15127.31 AZN, faiz borcu üzrə 2533.82 AZN məbləğində müəyyən edilir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 021A********** saylı kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, Cavabdeh bank tərəfindən restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1.5% olmaqla, 48 ay müddətinə 17500 manat kredit verilmişdir, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, qalıq borcun cavabdeh tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, müqavilə üzrə əsas və faiz borc məbləğini, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən məbləğlərdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, 15095.85 manat, faiz borcu üzrə 2444.24 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin isə 400 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 15095.85 manat məbləğində əsas borc, 2444.44 manat məbləğində faiz borcu və 400 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17940.29 manat alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia tələbinin həcmi alınmaqla, dövlət rüsumu qismində ödənilmiş 143.82 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borc məbləği kimi 15095.85 manat məbləğində əsas borc, 2444.24 manat məbləğində faiz borcu və 400 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17940 (on yeddi min doqquz yüz qırx) manat 29 (iyirmi doqquz) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar