Məhkəmə qərarları › İş №e-2(011)-5019/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5019/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5019/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən müqavilə üzrə 2093.70 manat qalıq borcu, 518.30 manat cərimə borcu olmaqla, cəmi 2612 manat borcun, həmçinin ödənilmiş 46.12 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XQDK06328 saylı və xx.xx.2021-ci il tarixli XQDK06697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 583.88 və 1905.82 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 417.88 və 1675.82 manat təşkil edir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu isə 2591.52 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəmək borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 518.30 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən, cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XQDK06328 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC məişət məhsulunu Cavabdeh satmış və cavabdeh həmin əşyaya 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 47 manat, sonuncu ay isə 41.88 manat olmaqla, cəmi 583.88 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən,məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XQDK06697 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC məişət məhsulunu Cavabdeh satmış və cavabdeh həmin əşyaya 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 152 manat, sonuncu ay isə 155.82 manat olmaqla, cəmi 1905.82 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən,məhsul tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcu ödəmələrinə dair xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubu göndərərək borcu ödəmələri tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli, XQDK06328 saylı müqavilə üzrə 417.88 manat ödənilməmiş borc, 540.32 manat cərimə borcu, 108.06 manat hesablanmış cərimə məbləğinin 20%-i, cəmi 525.94 manat borcu vardır. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli, XQDK06697 saylı müqavilə üzrə 1675.82 manat ödənilməmiş borc, 2051.20 manat cərimə borcu, 410.24 manat hesablanmış cərimə məbləğinin 20%-i, cəmi 2086.06 manat borcu vardır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(lar)ın dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılmalı, 150 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 46.12 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XQDK06697 saylı və xx.xx.2021-ci il tarixli, XQDK06697 saylı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 2093.70 (iki min doxsan üç manat, yetmiş qəpik) manat, cərimə borcuna görə 150 (yüz əlli manat) manat, cəmi 2243.70 (iki min iki yüz qırx üç manat, yetmiş qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 46.12 (qırx altı manat, on iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar