Məhkəmə qərarları › İş №e-2(011)-5022/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5022/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5022/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Köprübaşı Altana qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Köprübaşı Altana qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Köprübaşı Altandan müştərək qaydada İddiaçı2 xeyrinə 18750 manat və İddiaçı1 xeyrinə 18750 manat əldən çıxmış faydanın iş üzrə ödənilmiş 202.5 manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 26-cı bəndinə əsasən nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. İş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin təsisçiləri İddiaçı2, Altan Kopubası, Cavabdeh1 və İddiaçı1dur. Eyni zamanda iddia ərizəsinin məzmunundan və iş materiallarından müəyyən edilir ki, tərəflər arasındakı mübahisə onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, iddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 tərəfindən xx.xx.2017-ci ildə "xxxx" MMC qeydiyyatdan keçirilmişdir. Həmin şirkət xaricdən tibbi avadanlıqların idxalı və satışı ilə məşğul olmuşdur. xx.xx.2017-ci il tarixində Türkiyə vətəndaşları olan Cavabdeh1 və Köprübaşı Altan həmin şirkətdə payların 66%-ni hər biri 33% olaraq əldə etmişlər və tərəflər bu şirkətdə ortaq olmuşdur. Daha sonra şirkətdə payların miqdarı artmış nizamnamə kapitalı 40 manata qaldırılaraq İddiaçı1 da ortaq olaraq şirkətə daxil olmuş, bununla da yenidən pay bölgüsü aparılmış və 25% İddiaçı1 25 % məndə olmaqla 25% Cavabdeh1 25% isə Altan Köprübaşında qalmışdır. Bundan sonra Covid 19 pandemiyası başlamış və şirkətin fəaliyyətində müəyyən problemlər yaranmışdır. Təxminən 2020-ci ilin yanvarında ortaqlar arasında narazılıq yaranmışdır. Bu narazılıq zəminində 2020-ci ilin fevral ayında ortaq qərarla (4 payçının) auditor dəvət edərək şirkətin maliyyə fəaliyyətini yoxlanılmış, Cavabdeh1 və Köprübaşı Altana da audit rəyi təqdim edilmişdir. Bundan sonra Cesur və Altan iddiaçılara hədə qorxu gələrək bu şirkətin işləməsinə imkan verməyəcəklərini bildirmişlər. Hesab edirəm ki, ərizədə irəli sürülən tələblə bağlı qanunvericilik başqa halı nəzərdə tutmadığı üçün mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, hazırki ərizə Bakı Kommersiya Məhkəməsinə verilməli olduğu halda iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından 14221104 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 22 may 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 203,51 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Köprübaşı Altana qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən Elektron hökümət ödəniş portalı vasitəsilə 14221104 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 22 may 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 203,51 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə vermək hüququ izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar