Məhkəmə qərarları › İş №e-2(011)-5031/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5031/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5031/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2016-cı ildə X2 filialında Cavabdeh ilə tanış olmuşdur. Tanış olduqları müddət ərzində Cavabdeh yaxın zamanlarda qeyd olunan bankda yüksək vəzifə tutacağını və onu da Banka işlə təmin edəcəyini bildirmişdir. Bu məqsədlə cavabdehə müxtəlif ərazilərdə ümumilikdə 10000 (on min) manat məbləğində pul vermişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş, o, narazılıq etdikdən sonra ondan aldığı puldan 4450 manat məbləğində pulu geri qaytarmışdır. Qalan 5550 manat məbləğində pulu isə ödəməkdən imtina etmiş, 17 may 2021-ci il tarixdən bu günə qədər hər hansı bir ödəniş etməmişdir. O, Cavabdeh dələduzluq əməlləri barədə polis orqanlarına müraciət etsə də, iş mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmiş və ona qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Odur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ondan 10000 (on min) manat məbləğində pul almağını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda cavabdehlə onun arasında olan vatsap yazışmaları qeyd etdiklərinin həqiqət olduğunu təsdiq edir. Cavabdeh öz hərəkətləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh borclu olduğu azmış kimi ona hədəqorxu gəlməkdən, onu təhqir etməkdən belə çəkinmir. Hazırda cavabdehin ona ödənilməmiş 5550 manat məbləğində borcu var. Eyni zamanda hüquqi xidmət üçün 13 saylı Vəkil bürosunun hesabına 200 manat məbləğində pul ödəmişdir. Polis orqanına müraciət etmək, ərizə yazdırmaq, hər dəfə çağırışlara gedib gəlməyə, cavabdehlə dəfələrlə telefonla danışmaq və bununla bağlı digər işlərin görülməsi üçün 250 manat məbləğində xərci çıxmışdır. Ona dəyən mənəvi zərərin isə dəyəri ödənilməzdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 5550 (beş min beş yüz əlli) manat məbləgində bu günə qədər ödənilməmiş pulun, 200 (iki yüz) manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pulun, 250 (iki yüz əlli) manat məbləğində 3 il ərzində digər xərclər üçün xərclədiyi pulun, cəmi 6000 (altı min) manat məbləğində pulun və 80 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 5545 (beş min beş yüz qırx beş) manat bu günə qədər ödənilməmiş pulun, 200 (iki yüz) manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pulun, 250 (iki yüz əlli) manat məbləğində 3 il ərzində digər xərclər üçün xərclədiyi pulun, cəmi 5995 (beş min doqquz yüz doxsan beş) manat məbləğində pulun və 80 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki, İmanzadə X1 Gülxar Əyyub qızından 10000 (on min) AZN borc pul aldığını və aylıq 250- 300 AZN İddiaçı hesabına köçürməyə razılaşdıqlarını qeyd etmiş və əlyazmanı öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, müştəri İddiaçı "xxxx" ASC-də olan hesabına dövr üzrə 4455.00 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. İş materiallarında olan “whatsapp” yazışmalarından görünür ki, Cavabdeh (+994 55 223 70 90 nömrəli abonent) həmin yazışmalarda İddiaçı 10000 aldığını və 1000 qaytardığını, 9000 qaldığını, geri qalan məbləğin isə razılaşdıqları kimi ayda 250-300 arası ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı, "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarış və cavabdeh tərəfindən yazılmış əlyazma ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən İddiaçı alınmış borcdan 5545 manat məbləğində pul vəsaiti geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 5545 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi “250 (iki yüz əlli) manat məbləğində 3 il ərzində digər xərclər üçün xərclədiyi pulun, hüquqi yardıma görə ödənilmiş 200 manat pulun tutulması” hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5545 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 80 manat dövlət rüsumunun 50%, yəni 40 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan 50%, yəni 15 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar