Məhkəmə qərarları › İş №e-2(011)-5033/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5033/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5033/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında onlayn (mobil SMS xidməti vasitəsilə) xx.xx.2023cü il tarixdə GTZK4571550B299 saylı kredit müqaviləsi əsmləşdirilmişdir. Müqaviləyə əsasən cavabdehə illik 24.5% olmaq şərtilə, 48 ay müddətinə 2516 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 82,72 (sonuncu ay üzrə 84,81) manat müəyyən edilmişdir.

2. İşdə olan “İcra vaxtı” məlumatlarına əsasən kredit müqaviləsinin bağlanması ilə bağlı elektron əməliyyatlar +**********65 saylı mobil telefon nömrəsi vasitəsilə (şəxsiyyət vəsiqəsinin FİN nömrəsi xxxxxxx), “iPhone OS 16” markalı mobil telefon üzərindən, Azərbaycan vaxtı ilə xx.xx.2023-cü il tarixdə, saat 17:03:12-də həyata keçirilmişdir. Həmin telefon nömrəsi X2 məxsus olmuşdur.

3. X4 və X3 barəsində Daxil İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi tərəfindən AR CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri əsasında cinayət işi başlanılmışdır. Cinayət işinin başlanmasına əsas təqsirləndirilən şəxslərin tamah niyyəti ilə və özgənin əmlakını ələ keçirmək məqsədilə nitq qüsurlu tanışlarını aldadaraq onların anket məlumatlarından və fotoşəkillərindən istifadə edərək İddiaçı ASC-dən kredit əldə etmələri olmuşdur. Cinayət işi materialı sonradan aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə göndlərilmişdir. Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərara əsasən cavabdeh də həmin cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır.

4. Cavabdeh üçüncü qrup əlildir, ona iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı dioqnozu qoyulmuşdur, həmçinin o, nitq qüsurludur.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən iddiaçının xeyrinə 2516 manat əsas, 317,09 manat faiz olmaqla, cəmi 2833,09 manat pul vəsaitinin və 48,33 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli GTZK4571550B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 24,5 faiz dərəcəsi ilə 2516 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2516 manat əsas; 317,09 manat faiz, cəmi 2833,09 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, o, eşitmə və nitq qüsurludur. xx.xx.2023-cü il tarixdə onun məlumatı olmadan tanımadığı şəxs onun adına onlayn kredit götürmüşdür. O isə təxminən 3 ay sonra yaşadığı ünvana iddiaçı tərəfindən məktub gəldikdən sonra bu barədə məlumatlı olmuşdur. O, dərhal DİN-nə bu barədə məlumat vermişdir. Hal-hazırda bu barədə araşdırma aparılır.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, kredit verilərkən Mərkəzi Bankın qaydalarına əsasən “video zəng” vasitəsi ilə DİN-də olan portalla müraciət edən şəxsin üzü eyniləşdirilir. 99,3- 99,4% eyniləşdirmə öz təsdiqini tapdıqdan sonra kreditin verilməsinə razılıq verillir. Eyni zamanda, müraciət edən kart məlumatlarını da göndərir. Əməliyyat səslə deyil, yazı vasitəsi ilə aparılır. Eyniləşdirmə təsdiq edildikdən sonra müraciət edənin moil telefon nömrəsinə sənədlər göndərilir, tanış olduqdan sonra o da təsdiq göndərir, bindan sonra kredit müraciət edənin göstərdiyi kart hesabına göndərilir. Müraciət edənin işləyibişləməməsi əhəmiyyət kəsb etmir, çünki bank işləməyə şəxslərə də kredit verir, onun əsas fəaliyyəti bundan ibarətdir. Cavabdehin siması “video zəng” vasitəsi ilə avtomobildə olarkən eyniləşdirimiş, 99,3-99,4% eyniləşdirmə öz təsdiqini tapməşdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, onun qızı nitq və eşitmə qüsurludur, onu aldadaraq pul vəsaiti ələ keçiriblər. Bu hal yalnız onun qızının başına gəlməyib, bir neçə şəxs də bu cür aldadılıb. Bank tərəfindən bu hallar, onun pensiya alması araşdırlmayaıb, boş görünü ilə iddiaçı kredit vermişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

11. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

12. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

15. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

16. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır;

17. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır

18. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

23. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlə aralarında elektron vasitələrdən istifadə edilməklə bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi əsasında yaranmış borcun cavabdeh tərəfindən ödənilməsini tələb edir.

24. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməzdən öncə iddia tələbinin əsaslandığı əqdin etibarlı olub-olmaması məhkəmə tərəfindən yoxlanılmalıdır. Belə ki, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərrdadında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

25. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri şərtdir.

26. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaqraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

27. Hazlrkı mübahisə kredit müqaviləsinin bağlanması zamanı iradə ifadəsinin olub-olmaması ilə bağlı olduğuna görə məhkəmə əsasən bu məsələyə hüquqi qiymət verilməsini zəruri hesab edir. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümimiyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda da qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir.

28. Adı çəkilən normaların məzmununa nəzər saldıqda görünür ki, həmin müddəalarda əqdin qurucu əsasını iradə ifadəsi təşkil edir və etibarlı əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsi olaraq əmələ gəlmiş olur. Buna görə də əqdin etibarlı olması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

29. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabeh eşitmə və nitq qüsurlu şəxsdir. Cavabdeh, onun kimi sağlamlıq imkanları məhdud şəxs olan X4 ilə sosial şəbəkə vasitəsilə tanış olmuş və xx.xx.2023-cü il tarixdə onunla görüşmüşdür. X4 DİN Korrupsiya Mübarizə Baş İdarəsinə verdiyi yazılı izahatında qeyd etmişdir ki, cavabdehlə tanış olan zaman məqsədi onu aldadaraq adına pul vəsaitini nağdlaşdırmaq olmuşdur. O, cavabdehlə görüşən zaman hər hansısa əyləncə saytından qeydiyyatdan keçmək məqsədilə ondan şəxsiyyət vəsiqəsini verməsini istəmiş, birlikdə avtomobildə olan zaman cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları əsasında kredit vəsaitinin əldə edilməsi məqsədilə iddiaçı Banka elektron müraciət ünvanlanmışdır. Kreditin əldə edilməsi üçün kredit alan şəxsin görüntüsünün lazım olduğunu bilirdi, buna görə də, cavabdehin video görüntüsünü çəkərək, qeydiyyatı tamamlamışdır. Bir neçə dəqiqə sonra cavabdehin adına 2516 manat məbləğində kreditin gəlməsi barədə bildiriş gəlmiş, həmin pul vəsaitini dərhal özünə məxsus kart hesabına köçürərək nağdlaşdırmış, həmin pul vəsaitinin 500 manat hissəsini əlbir olduğu Sədran Baxşıyevə vermiş, qalan pulu isə şəxsi tələbatlarına xərcləmişdir. Elgün Cəfərovun bu əməlinə görə barəsində cinayət işi başlanılmış, Nərimanov RPİ İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət işi üzrə cavabdeh təqsirləndirilən şəxs qismində tanınmışdır.

30. Elgün Cəfərovun izahatında qeyd edilənlər iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə CD daşıyıcıda təqdim olunmuş cavabdehin məsafədən kredit vəsaitinin əldə edilməsi üçün müraciəti zamanı çəkilmiş video görüntüləri əsasında da öz təsdiqini tapır. Belə ki, video görüntüdən görünür ki, cavabdeh avtomobildə əyləşmiş və onun yanında başqa bir şəxs də var, video görüntünü aparan isə cavabdeh deyil, həmin şəxsdir.

31. Mülki Məcəllənin 324.5-ci maddəsi tələb edir ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İşin şərh edilən hallarından görünür ki, iddiaçı ilə onlayn qaydada (mobil SMS xidməti vasitəsilə) xx.xx.2023-cü il tarixdə rəsmləşdirilmiş GTZK4571550B299 saylı kredit müqaviləsinin bağlanmasında cavabdehin iradə ifadəsi olmamışdır. Cavabdeh öz təşəbbüsü ilə, şəxsən, öz istəyi ilə müqavilənin bağlanmasında iştirak etməmişdir. X4 DİN Korrupsiya Mübarizə Baş İdarəsinə verdiyi yazılı izahatında da bildirmişdir ki, cavabdehlə tanış olan zaman məqsədi onu aldadaraq adına pul vəsaitini nağdlaşdırmaq olmuş, buna görə ondan hər hansısa əyləncə saytından qeydiyyatdan keçmək adı ilə şəxsiyyət vəsiqəsini almış, məlumatlarını elektrom qaydada daxil etməklə cavabdehin adına kredit rəsmləşdirilməsinə nail olmuşdur. İş materiallarından da görünür ki, kreditin rəsmləşdirilməsi və video call Elgün Cəfərovun istifadəsində olan mobil telefonu “iPhone” markalı (işdə olan “Məlumatlar İcra vaxtı İP ünvanı” başlıqlı sənədə əsasən) vasitəsi ilə, habelə ona məxsus mobil telefon nömrəsi üzərindən ("xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu) həyata keçirilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli, GTZK4571550B299 saylı kredit müqaviləsi cavabdeh tərəfindən bağlanmamış, kredit müqaviləsi üzrə iddiaçının əmlakının (pul vəsaitinin) ələ keçirilməsi üçün Elgün Cəfərov tərəfindən cavabdehin şəxsi məlumatlarından və məsafədən video görüntüsündən yalnız vasitə kimi istifadə edilmişdir.

32. Bundan başqa, xx.xx.2023-cü il tarixli, GTZK4571550B299 saylı kredit müqaviləsi rəsmləşdirilərkən X7 Heyətinin 2023-cü il 21 sentyabr tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın (bundan sonra - Qaydalar) tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, AR Mərkəzi Bankının məhkəmənin sorğusuna əsasən göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, yeni müştəri olan rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng əsasında aparılır. .....Qaydanın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. .......Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. Lakin gücləndirilmiş müştəri autentifikasiyası müqavilənin bağlanması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi üçün təkbaşına çıxış edə bilmədiyindən, bu bənd yeni müştəriyə münasibətdə video zəng, bank hesabı mövcud olan müştəriyə münasibətdə isə video çəkiliş ilə müşayiət edilməlidir.

33. Mübahisəli kredit müqaviləsinin 2.1-ci bəndində qeyd edilir ki, Bank kreditdən istifadfə edilməsi və ödənilməsi üçün Müştərinin adına 410100G**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Müqavilənin bu bəndindən görünür ki, cavabdehin adından yeni müştəri kimi iddiaçıya müraciət edilmiş və bank tərəfindən onun adına sözügedən kredit müqaviləsi ilə 410100G**********299 saylı cari hesab açılmışdır. Bu halda, iddiaçı Qaydaların 5.7-ci bəndinin tələblərinə əməl edərək müqavilənin bağlanmasını gücləndirilmiş müştəri autentifikasiyası əsasında - müştəriyə məxsus olan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan, üz tanınması, səs tanınması, barmaq izi və s.-lə həyata keçiməli idi. Çünki, Qaydanın 5.13-cü bəndinə əsasən yalnız bu halda məsafədən kredit müqaviləsinin yazılı formada bağlanması qanunauyğun olur. Yenə də, Qaydalaın 5.13-cü bəndinə görə bu bənd yeni müştəriyə münasibətdə video zəng ilə müşayiət edilməlidir.

34. Qaydaların 6 nömrəli Əlavəsinin 4.7-ci bəndində isə video zəng zamanı tələb olunan şərtlər göstərilmişdir. Həmin şərtlərdə göstərilir ki: .....fiziki şəxsdən başqa üçüncü şəxslərin video zəngdə iştirakı yolverilməzdir (4.7.4); bank əməkdaşı fiziki şəxsin üz simasını və şəxsiyyətini təsdiq edən sənədin fiziki şəxsin eyniləşdirilməsi üçün zəruri olan məlumatların əks olunduğu tərəfinin kadra düşməsi, habelə şəxsiyyətini təsdiq edən sənəddə mövcud məlumatların aydın görünməsi üçün fiziki şəxsi təlimatlandırır (4.7.5). Qaydaların 6 nömrəli Əlavəsinin 5.1, 5.2, 5.5 və 5.6-cı bəndlərinə əsasən video zəng zamanı ağ işıq altında vizual olaraq ayırd edilə bilən təhlükəsizlik elementlərinə, fotoşəkil və imzaya malik olan şəxsiyyəti təsdiq edən sənəd təqdim edilir. Təqdim edilən sənədin həqiqiliyinin və həmin sənəd üzrə fotoşəkil və digər məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. Fiziki şəxs video zəng vasitəsilə eyniləşdirildikdə, bank əməkdaşı tərəfindən fiziki şəxsin üz siması ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədini təqdim etmə anının minimum iki fotoşəkili çəkilir və saxlanılır. Video zəng zamanı fiziki şəxslə aparılan dialoq və müşahidələr nəticəsində bank əməkdaşı şəxsiyyəti təsdiq edən sənəddəki məlumatların, fiziki şəxsin proses zamanı verdiyi məlumatların və ifadə edilən niyyətin inandırıcı olduğu qənaətinə gəlir. Bu çərçivədə sosial mühəndislik, başqa bir tərəfin təzyiqi altında olan hərəkətlər və buna bənzər fırıldaqçılıq üsulları ilə əlaqəli risklər nəzərə alınır. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır.

35. Qaydaların 6 nömrəli Əlavəsinin göstərilən müddəalarından da göründüyü kimi, iddiaçı yeni müştəri kimi cavabdehlə kredit müqaviləsini video çəkiliş yox, video zəng vasitəsi ilə bağlanmasını təmin etməli idi.

36. Məhkəmə qeyd edir ki, iddiaçı hətta kredit müqaviləsinin video çəkiliş vasitəsi ilə bağlanması zamanı da qanunla müəyyən edilmiş qaydaların tələblərini pozmuşdur. Belə ki, Qaydaların 6 nömrəli Əlavəsinin 6.2-ci bəndinə görə video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehə aid video çəkilişdən görünür ki, kreditin rəsmiləşdirilməsi zamanı cavabdeh bu tələbə də əməl etməmişdi.

37. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, xx.xx.2023-cü il tarixli, GTZK4571550B299 saylı kredit müqaviləsinin bağlanmasında cavabdehin iradə ifadəsi olmadığından, habelə məsafədən bağlanan kredit müqaviləsinin yazılı formada bağlanması şərtləri iddiaçı tərəfindən pozulduğundan həmin müqavilə etibarsız olmuşdur.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar