Məhkəmə qərarları › İş №e-2(011)-5034/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5034/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5034/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə iddiaçı QSC “Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı QSC “Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) Cavabdeh qarşı QSC “Bank Standard” KB ilə Qasımova (Həziyeva) Ayşən Ələsgər qızı arasında bağlanmış 16 iyun 2012-ci il tarixli 1xx/xx/4783/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1094.81 (bir min doxsan dörd manat, 81 qəpik) manat məbləğində əsas borc, 392.51 (üç yüz doxsan iki manat, 51 qəpik) manat məbləğində faiz borcu, 1900.10 (bir min doqquz yüz manat, 10 qəpik) manat məbləğində cərimə borcu, 471.60 (dörd yüz yetmiş bir) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3859.02 (üç min səkkiz yüz əlli doqquz manat, 02 qəpik) manat məbləğində pulun, 58.60 (əlli səkkiz, 60 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, QSC “Bank Standard” KB ilə Qasımova (Həziyeva) Ayşən Ələsgər qızı arasında 16 iyun 2012-ci il tarixli 1xx/xx/4783/12 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1411 (bir min dörd yüz on bir) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 1094.81 (bir min doxsan dörd manat, 81 qəpik) manat məbləğində əsas borc, 392.51 (üç yüz doxsan iki manat, 51 qəpik) manat məbləğində faiz borcu, 1900.10 (bir min doqquz yüz manat, 10 qəpik) manat məbləğində cərimə borcu, 471.60 (dörd yüz yetmiş bir) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3859.02 (üç min səkkiz yüz əlli doqquz manat, 02 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirmişdir. O verdiyi izahatında qeyd etmişdir ki, ona bankın bağlandığını məlumat veriblər, lakin borcun ödənilməsi ilə bağlı heç bir bildiriş göndərməyiblər. Əgər məlumatı olsaydı borcunu ödəyərdi. Lakin 12 il ərsində ona heç bir xəbərdarlı göndərilməyib. Ona görə də, əsas borcu qəbul etsə də, faiz və cərimə ilə razı deyil. İşin halları Ləğv prosessində olan QSC “Bank Standard” KB ilə Qasımova (Həziyeva) Ayşən Ələsgər qızı arasında 16 iyun 2012-ci il tarixli 1xx/xx/4783/12 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1411 (bir min dörd yüz on bir) manat məbləğində kredit verilmişdir. Borc alan kredit müqaviləsi üzrə dövri ödənişləri vaxtlı-vaxtında etməmiş, nəticədə onun kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 1094.81 (bir min doxsan dörd manat, 81 qəpik) manat məbləğində əsas borc, 392.51 (üç yüz doxsan iki manat, 51 qəpik) manat məbləğində faiz borcu, 1900.10 (bir min doqquz yüz manat, 10 qəpik) manat məbləğində cərimə borcu, 471.60 (dörd yüz yetmiş bir) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3859.02 (üç min səkkiz yüz əlli doqquz manat, 02 qəpik) manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktublarını göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 58.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığına görə, 76,58 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iiddia qismən təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 40,35 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ləğv prosessində olan QSC “Bank Standard” KB ilə Qasımova (Həziyeva) Ayşən Ələsgər qızı arasında 16 iyun 2012-ci il tarixli 1xx/xx/4783/12 saylı müqavilə üzrə əsas borca görə 1094,81 ( bir min doxsan dörd manat səksən bir qəpik) manat, faiz borcuna görə 392,51 (üç yüz doxsan iki manat əlli bir qəpik) manat, cərimə borcuna görə 76,58 (yetmiş altı manat əlli səkkiz qəpik) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu üzrə 471,60 (dörd yüz yetmiş bir manat altmış qəpik) manat, ümumilikdə 2035,2 (iki min otuz beş manat iyirmi qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 40,35 (qırx manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Qasımova (Həziyeva) Ayşən Ələsgər oğlundan tutularaq ləğv prosessində olan QSC “Bank Standart” KB-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar